Yanvarın 25-də Muzey Mərkəzində II Respublika dekorativ-tətbiqi sənət festivalının yekun sərgisi açıldı. Mərasimdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev ötən ilin Azərbaycanın mədəni həyatında bir sıra əlamətdar hadisələrlə yadda qaldığını, beynəlxalq festivallar, sərgilər, ölkəmizin mədəni irsinin dünyada təbliği istiqamətində uğurlu layihələrin həyata keçirildiyini dedi. Qeyd olundu ki, II Respublika dekorativ-tətbiqi sənət festivalı da 2012-ci ilin yaddaqalan mədəniyyət hadisələrindən biridir.
   
   Nazir müavini dekorativ-tətbiqi sənət festivalının bölgələrdə maraqla qarşılandığını, zona sərgilərində yüzlərlə baxımlı əl işinin nümayiş olunduğunu bildirdi: “Xalqımızın çoxəsrlik sənət və mədəniyyət nümunələrinə, sənət növlərinə gənc nəsil xüsusi maraqla yanaşır. Qürur hissi ilə qeyd etmək istəyirəm ki, budəfəki sərgidə son dərəcədə yüksək səviyyəli əl işləri yer alıb. Biz qədim sənət növlərini, zəngin mədəni dəyərləri yaşadan insanlara dəstək olmağa hazırıq. Mədəniyyət və Turizm Nazirliyi bundan sonra da belə sərgilərin təşkilinə, dünyanın müxtəlif ölkələrində xalq tətbiqi sənət nümunələrimizin nümayişinə yardımçı olmağa çalışacaq”.
   Ədalət Vəliyev çıxışında onu da vurğuladı ki, 2013-cü ildə Azərbaycan mədəniyyətinin istər ölkə daxilində, istərsə də xaricdə təbliğ olunması istiqamətində beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi planlaşdırılır: “Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçiriləcək beynəlxalq muğam festivalına Azərbaycan bu il də ev sahibliyi edəcək. Bu il ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyi ilə bağlı çoxsaylı mədəni tədbirlərin iştirakçısı olacağıq. Bununla yanaşı, Mədəniyyət və Turizm Nazirliyinin tədbirlər planına əsasən, ölkəmizdə və xaricdə çoxsaylı tədbirlər təşkil ediləcək. Teatr kollektivləri Azərbaycana dəvət olunacaq, yeni sərgilər açılacaq”.
   Sonra mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev və nazirliyin Mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayev dekorativ-tətbiqi sənət festivalı iştirakçılarının bir qrupuna nazirliyin fəxri fərmanlarını təqdim etdilər.
   * * *
   Açılışı bildirən rəmzi lentin kəsilməsindən sonra sərgiyə baxış keçirildi. Məlumat verildi ki, festivala hazırlıq işlərinə 2012-ci ilin fevral ayında başlanılıb. Gəncə şəhərində 14, Lənkəranda 12, Şəkidə 12, Xaçmazda 8 rayonun xalq sənətkarlarının iştirakı ilə regional sərgilər təşkil olunub. Bundan əlavə, Bakı şəhəri üzrə xalq tətbiqi sənət ustalarının əsərlərindən ibarət sərgi keçirilib. Festival zəngin ənənələrə malik Azərbaycan dekorativ-tətbiqi sənətinin müasir dövrdə inkişafı, respublikada gedən bədii yaradıcılıq proseslərinin ictimaiyyətə təqdim olunması, istedadlı gənclərin, yüksək sənət meyarlarına cavab verən dekorativ-tətbiqi sənət əsərlərinin aşkarlanması məqsədilə təşkil edilib. Regional sərgilərdə 50-dək şəhər və rayondan xalq sənətkarları, dekorativ-tətbiqi sənət ustaları iştirak edib.
   * * *
   Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin direktoru Röya Tağıyeva deyir ki, festival bölgələrdə çalışan sənətkarlarla əlaqələrin qurulmasına, qarşıya çıxan problemlərin həllinə imkan yaradır: “Biz festivalla bağlı il ərzində bölgələrdə olduq, sənətkarların yeni əl işlərini, maraqlı xalça nümunələri gördük. Sevindirici haldır ki, bütün bölgələr öz xalça ənənələrini yaşadıblar və onları böyük fəxrlə təqdim edirlər. Biz bu ənənələri qoruyub saxlamalıyıq. Mədəniyyət və Turizm Nazirliyinə minnətdarlığımı bildirirəm ki, belə bir festival təşkil edib. Sənətkarların əl işlərindən ibarət sərgilərin keçirilməsi onların yaradıcılığına da stimul verir”.
   Sərgi iştirakçılarından bir neçəsinin ürək sözlərini də dinlədik. Bədirə Əliyeva muncuqlarla gözəl əl işləri yaradır. Artıq bir neçə dəfə dekorativ xalq tətbiqi sənəti sərgisində iştirak edib: “Festivala təqdim etdiyim xalça muncuğun muncuğa tikilməsi ilə ərsəyə gəlib. Bu, çox çətin bir prosesdir, xalça 14 aya başa gəlib. Festivalda fəxri fərmana layiq görüldüm. Qədim sənət ənənələrini qoruyub yaşatmaq isə bizim ən böyük mükafatımızdır. Bütün sənətkarları bu işdə fəal olmağa çağırıram. Şəxsi kolleksiyalarda əl işlərim saxlanılır. Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi sərgilərdə fəal iştirak etməyə çalışıram”.
   Milli üslubda son dərəcə zərif əl işlərinin müəllifi olan Lalə Mustafayeva isə ixtisasca fortepiano müəlliməsidir. Deyir ki, ixtisasından, seçdiyi peşədən asılı olmayaraq qədim sənət növlərini bilən hər kəs yeni əl işləri hazırlamalı, bu sənəti başqalarına da öyrətməli, təbliğ etməlidir: “Hazırladığım bütün əl işlərində milli üslublardan istifadə edirəm. İşlərə tamaşaçıların maraq göstərməsi bizi çox sevindirir. Rəssamlar İttifaqının üzvüyəm. Bu işlə həvəskar şəkildə məşğul oluram. Burada sərgilənən hər bir iş öz-özlüyündə milli dəyərlərimizi yaşadır. Tədbirin təşkilatçılarına minnətdarlığımı bildirirəm”.
   Fəxri diploma layiq görülən Elmira Qasımova isə ixtisasca mühəndisdir. Maraqlı tikmə və toxuma işləri var: “Bu işə hobbi kimi yanaşıram. Əl işlərimdə milli dəyərlərin əks olunmasına xüsusi önəm verirəm. Mədəniyyət və Turizm Nazirliyinin bu layihəsi xalq sənəti növlərinin daha geniş şəkildə təbliğinə imkan verir. Azərbaycanlı sənətkarların əl işlərinə xarici ölkələrdə də böyük maraq göstərirlər. İstərdim ki, xarici ölkələrdə həmvətənlərimiz bu işləri, xalq sənətimizi geniş təbliğ etsinlər”.
   
   Ceyhun Zərbəliyev







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar