Son illər Azərbaycanda aparılan uğurlu daxili və xarici siyasət nəticəsində cəmiyyətin bütün sahələrində əsaslı yenidənqurma və inkişaf özünü göstərir.
Mədəniyyət sahəsindən də yan keçməyən bu inkişafı istər zəngin mədəni irsin qorunması və dünyaya tanıdılması, istərsə də yeni-yeni mədəniyyət müəssisələrinin inşasında görmək olar.
Qədim tarixi keçmişi, çiçəklənən bu günü və parlaq sabahı olan bənzərsiz Azərbaycan mədəniyyətinin dünyada təbliğində müxtəlif vasitələr önəmli rol oynayır ki, onlardan biri də kitabdır. Yarandığı 2006-cı ildən indiyədək Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycan kitabı İsgəndəriyyə (Misir), Frankfurt (Almaniya), Varşava (Polşa), Pekin (Çin), İstanbul (Türkiyə), Əbu-Dabi (BƏƏ), Soloniki (Yunanıstan), Moskva (Rusiya), Minsk (Belarus), London (Böyük Britaniya), Tehran (İran), Paris (Fransa) və s. şəhərlərdə keçirilən nüfuzlu beynəlxalq kitab sərgilərində nümayiş etdirilmişdir. Bir neçə (Azərbaycan, ingilis, rus, alman və s.) dildə çap olunan bu kitablar vasitəsilə dünyanın ayrı-ayrı yerlərində yaşayan minlərlə insana ölkəmizin tarixi, adət-ənənələri, füsunkar təbiəti, erməni işğalçıları tərəfindən zəbt edilmiş əraziləri, tarixi abidələri, ədəbiyyatı, incəsənəti və sair haqqında dolğun məlumatlar verilmişdir.
Beynəlxalq kitab sərgilərinin önəmli nəticələrindən biri də bu sərgilərdə qazanılan təcrübənin ölkəmizdə tətbiq olunmasıdır. Belə ki, 10-12 sentyabr 2009-cu il tarixdə Muzey Mərkəzində I Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası, 28-30 sentyabr 2011-ci ildə isə Əl Oyunları İdman Sarayında II Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçirilmiş, bu sərgilərdə dünyanın bir çox ölkələrinin milli kitabxanaları, nəşriyyat-poliqrafiya müəssisələri iştirak etmişlər.
Artıq ənənə halını almış beynəlxalq kitab sərgilərində iştirak ildən-ilə daha da inkişaf etməkdədir. Ölkəmizin hər il ənənəvi olaraq yüksək səviyyədə təmsil olunduğu mötəbər beynəlxalq kitab sərgilərindən biri də 1994-cü ildən Belarusun paytaxtı Minskdə keçirilən beynəlxalq kitab sərgisidir. Ölkəmiz Minsk sərgisində 1999, 2008, 2009, 2010, 2011, 2012-ci illərdə təmsil olunmuşdur. Bu sərgilərdə Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri ilə yanaşı, “Azərnəşr”, “Elm və təhsil”, “Mütərcim”, “Şirvannəşr”,“E.L.” nəşriyyatlarının təmsilçiləri və başqa şəxslər də iştirak etmişlər. Azərbaycan nümayəndə heyəti, Belarusun informasiya nazirinin birinci müavini Liliya Ananiç də daxil olmaqla, bu ölkənin aidiyyəti qurumlarının rəsmi şəxsləri ilə görüşlər keçirmiş, nəşriyyat işi sahəsində qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə edilmiş, bir sıra razılıqlar əldə olunmuşdur. Bunun nəticəsidir ki, Bakıda keçirilən I və II Bakı beynəlxalq kitab sərgi-yarmarkalarında Belarus da yüksək səviyyədə iştirak etmiş və iki ölkə arasındakı mədəni əməkdaşlığa öz töhfəsini vermişdir.
Bir çox ölkələrin qatıldığı Minsk sərgisinin 20 illiyi qeyd olunur. 6-10 fevral tarixində keçiriləcək builki sərgidə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkəmizin, həmişə olduğu kimi, yüksək səviyyədə iştirakı nəzərdə tutulmuşdur. Bu məqsədlə artıq 12 kv.m-lik sahə icarəyə götürülüb. Burada son illər ölkəmizdə nəşr olunan, dövlətçiliyimizə, tariximizə, Qarabağa, zəngin mədəniyyət və incəsənətimizə həsr olunmuş Azərbaycan və rus dillərində nəfis tərtibatlı kitablar nümayiş olunacaq, ziyarətçilərə ölkəmiz haqqında dolğun məlumatların əks olunduğu jurnallar, müxtəlif dillərdə turistik xarakterli bukletlər, kitabçalar, xəritələr, CD-lər maraqlananlara hədiyyə ediləcək. Azərbaycanda gedən inkişaf prosesindən, quruculuq işlərindən, mədəniyyətimizin qədim tarixindən və bu günündən, eyni zamanda, Qarabağ problemindən söz açılacaq, məlumatlar veriləcək.
Minsk sərgisində Mədəniyyət və Turizm Nazirliyi ilə yanaşı, “Letterpress” nəşriyyatının və Miniatür Kitab Muzeyinin nümayəndələri də iştirak edəcək və son illər nəşr etdikləri ən nəfis kitabları Belarus oxucularının ixtiyarına verəcəklər.
Cavanşir Cəfərov,
Mədəniyyət və Turizm Nazirliyi Aparat rəhbərinin müavini-Kadr şöbəsinin müdiri
Elbəy Əli,
Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin məsləhətçisi