Qara Qarayevin anadan olmasının 95-ci ildönümündə musiqisevərlər dahi sənətkarın məzarını ziyarət etdilər 
   
   Fevralın 5-də böyük Azərbaycan bəstəkarı və pedaqoqu, akademik, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatı laureatı Qara Qarayevin anadan olmasının 95 illiyi münasibətilə sənətkarın Fəxri xiyabandakı məzarı ziyarət edildi.
   
   Mərasimdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, tanınmış mədəniyyət və incəsənət xadimləri, musiqisevərlər, ictimaiyyət nümayəndələri iştirak edirdilər. Dahi bəstəkarın məzarı üzərinə gül dəstələri qoyuldu, xatirəsi yad olundu.
   Anım mərasimində çıxış edən Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə dahi musiqiçinin yaradıcılığının böyük məktəb olduğunu vurğuladı, Qara Qarayevin yaratdığı musiqi ənənələrindən söz açdı. Qeyd olundu ki, bu ənənələri yaşatmaq musiqiçi kimi hər birimizin borcudur. F.Əlizadə bəstəkarın pedaqoji fəaliyyətindən də danışdı: “Qara Qarayev tələbələrinə hər zaman deyirdi ki, müəllim dərsdə necədirsə, həyatda da o cür olmalıdır. O, tələbə üçün nümunə olmağa çalışırdı”.
   Bəstəkar, Əməkdar incəsənət xadimi, professor Sevda İbrahimova Qara Qarayevin tələbəsi olduğu üçün hər zaman fəxr etdiyini bildirdi, onun dərslərinin yüksək peşəkarlığından, dərinliyindən söhbət açdı. Qeyd etdi ki, görkəmli bəstəkarın əsərləri bu gün də dünya səhnələrində səslənməklə mükəmməlliyini bir daha sübut edir. O, bir çox filmlərə, tamaşalara musiqi bəstələyib. Qara Qarayev Azərbaycan musiqisinə böyük töhfələr vermiş dahidir.
   Xalq artisti, professor Musa Mirzəyev bildirdi ki, Qara Qarayevin ilk tələbələrindən olub: “Dahi bəstəkardan dərs almaq üçün müxtəlif ölkələrdən insanlar gəlirdi. O, əsl bəstəkar və peşəsinə dərindən yiyələnmiş pedaqoq idi. Ona görə də yeni nəsil bəstəkarlar yetişdirməklə incəsənət tariximizdə böyük musiqiçi və müəllim olaraq qaldı”.
   Xalq artisti, baletmeyster Rəfiqə Axundova bəstəkarın “İldırımlı yollarla”, “Yeddi gözəl” baletlərindəki musiqilərdən danışaraq bildirdi ki, Qara Qarayev bəstəsi bütün zamanlarda dahiyanə olaraq qalacaq: “Mən çox yaşamaq istərdim ki, onun musiqilərini çox eşidim, onun musiqi sirlərini gələcək nəsillərə ötürüm”.
   Xatırladaq ki, Qara Qarayev Azərbaycan musiqi sənətini dünyada tanıdan, dünya musiqi xəzinəsinə daxil olan “Yeddi gözəl", “İldırımlı yollarla" baletlərinin, üç simfoniya, “Don Kixot" simfonik qravürü, “Leyli və Məcnun" simfonik poeması, “Vyetnam" süitası, fortepiano üçün prelüdlər, skripka və fortepiano üçün sonata və romansların müəllifidir. Bəstəkar “Uzaq sahillərdə”, “Bir məhəllədən iki nəfər”, “İnsan məskən salır”, “Nizami” və s. filmlərə musiqi yazıb.
   
   Reyhan







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar