Fevralın 2-də “Buta Palace”da 2 fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirilib. 
   Mərasimdə ölkədə gənclər siyasətinin əsas istiqamətləri kimi həyata keçirilmiş müxtəlif tədbirlərdə yüksək nəticə göstərən, yaradıcılığı ilə fərqlənən gənclərə Gənclər və İdman Nazirliyi tərəfindən mükafatlar təqdim olunub. “Gənclər mükafatı” ilə təltif olunanlar arasında Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı, şair Elşad Ərşadoğlu (Əliyev) da var. O, ədəbiyyat sahəsində nailiyyətlərinə görə ilin ən istedadlı gənci adına layiq görülüb. Mükafatı gənc şairə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov təqdim edib.
   Tədbirdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov ümummilli lider Heydər Əliyevin daim gənclərə qayğı göstərdiyini, onların kamil şəxsiyyət kimi yetişməsinə xüsusi önəm verdiyini, bu siyasətin ölkə başçısı İlham Əliyev tərəfindən davam etdirildiyini vurğulayıb. Mədəniyyət və incəsənət, elm, texnika və təhsil sahəsində nailiyyətlər qazanan, respublikamızı xarici ölkələrdə, beynəlxalq miqyaslı tədbirlərdə yüksək səviyyədə təmsil edən gənclərin sayının ildən-ilə artması məhz bu uğurlu siyasətin məntiqi nəticəsidir.
   Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov 2 fevral - Azərbaycan Gəncləri Gününün təməlinin ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu bildirib: “Qoy Azərbaycan gəncləri dövlətimizin onlar üçün yaratdığı şəraitdən istifadə edərək indiki nəsildən özlərinin fəallıqları ilə daha da fərqlənsinlər. Bizdən bir neçə addım irəli getsinlər və dövlətimizi, millətimizi layiqincə təmsil etsinlər”.
   Tədbir konsert proqramı ilə başa çatıb.