Strasburqda sərgi və konsert
   
   Xəbər verdiyimiz kimi, Heydər Əliyev Fondunun təşkilatçılığı və ölkəmizin Parisdəki səfirliyinin dəstəyi ilə “Qafqazın mirvarisi Azərbaycanın mədəni dəyərləri” layihəsi əsasında Fransada mədəniyyət tədbirləri keçirilir. Ötən həftə layihə çərçivəsində Müluz şəhərində sərgi və konsert təşkil olunmuşdu. Fevralın 9-da növbəti tədbir Strasburqda gerçəkləşib.
   
   Ölkəmizlə bağlı mədəni tanıtım tədbirinin Avropanın rəmzi paytaxtı hesab edilən Strasburqda keçirilməsi təsadüfi deyil. Avropa Şurası, Avropa Parlamenti kimi nüfuzlu təşkilatlarla yanaşı, Avropa Şurası yanında akkreditə olunan diplomatik korpusun nümayəndəlikləri bu şəhərdə yerləşir. Azərbaycan mədəniyyət günləri möhtəşəm “Tussimo” sərgi salonunda ölkəmizlə bağlı guşənin rəsmi açılışı ilə başlayıb.
   Tədbiri şəhərin meri, senator Rolan Ris açaraq Azərbaycanın mədəni zənginliklərinin nümayiş etdirildiyi sərgidə olmaqdan məmnunluğunu bildirib. Bir qrup senatorla Azərbaycana səfərini xatırladan mer ölkəmizlə, paytaxt Bakı ilə tanışlığın, xüsusilə UNESCO-nun dünya mədəni irs siyahısına daxil edilən İçərişəhərin onda xoş təəssürat oyatdığını vurğulayıb. O, Bakı ilə Strasburq, Azərbaycan ilə Elzas regionu arasında əlaqələrin daha da inkişaf etdirilməsində hər iki tərəfin maraqlı olduğunu diqqətə çatdırıb.
   Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov ölkəmizin turizm imkanlarını əks etdirən sərginin ilk dəfə Strasburqda açıldığını xatırladaraq tədbirin təşkilinə imkan yaratdıqlarına görə şəhər merinə və digər rəsmi şəxslərə minnətdarlığını bildirib. Ölkəmizdə turizmin inkişaf etdiyini deyən səfir bildirib ki, Azərbaycan Elzas regionu ilə yalnız mədəni sahədə deyil, iqtisadi sahədə də əlaqələrin inkişafında maraqlıdır. Ölkəmizdə “Şərab yolları” turizm marşrutu mövcuddur. Xizək həvəskarları üçün hər cür şəraiti olan kompleks yaradılıb. Azərbaycan memarlıq baxımından diqqəti cəlb edən tarixi abidələrə, zəngin mətbəxə, gözəl təbiətə malik ölkədir.
   Elzas region şurası prezidentinin birinci müavini Andre Reşard çıxışında Müluz şəhərindən sonra Strasburqda təşkil edilən sərginin elzaslıların Azərbaycan ilə tanış olmalarında mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Qonaqlar Azərbaycan guşəsində nümayiş etdirilən saxsı qablar, misgərlik nümunələri, xalçalarla, xurcunlarla, qədim kişi və qadın geyimləri ilə yaxından tanış olublar.
   İştirakçılar sərgi ilə bağlı təəssüratlarını bölüşüblər. Fransanın keçmiş xarici ticarət naziri Lus Fransua: “Şəxsən mən Azərbaycanı yaxşı tanıyıram. Nazir vəzifəsində çalışarkən ölkənizə səfərim zamanı Bakının tarixi və görməli yerləri ilə tanışlıq, xüsusilə Qız qalası və İçərişəhər məndə unudulmaz təəssürat yaradıb. Xalçalar və miniatür əsərlər daha çox xoşuma gəldi. Strasburqda Azərbaycan muğamını tanıyır və sevirlər. İqtisadi sahədə də əməkdaşlıq üçün böyük imkanlar var. Ölkənizin zəngin mətbəxini tanıtmaq üçün Parisdə və Strasburqda Azərbaycan restoranının olmaması təəssüf doğurur”.
   Strasburq turizm idarəsinin sədri Jan-Jak Gsel isə sərginin çox maraqlı olduğunu vurğulayıb: “Əminəm ki, sərgiyə gələn 30 mindən artıq adam ölkənizlə yaxından tanış olmaq imkanı əldə edəcək. Etiraf edim ki, Azərbaycanı bir o qədər də tanımıram. Ümid edirəm ki, yaxın vaxtlarda ölkənizə səfər edəcəyəm. Bunun başlıca səbəbi mənim xizək həvəskarı olmağımdan irəli gəlir. Eşitmişəm ki, Azərbaycanda yeni xizək kompleksi istifadəyə verilib”.
   Həmin gün Strasburqun məşhur “Musiqi sarayı”nda Azərbaycanın Xalq artisti Teymur Göyçayevin dirijorluğu ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin konserti olub.
   Konsertlə bağlı təəssüratlarını bölüşən tamaşaçı Brigitta Kox deyib ki, həyat yoldaşı ilə Almaniyadan gəlib: “Strasburqda yaşayan tanışlarımız bu konsert barədə bizə danışanda burada iştirak etmək fürsətini əldən buraxmaq istəmədik. Azərbaycanın incəsənət ustalarının çıxışı bizi valeh etdi. İstər orkestrin çıxışı, istərsə də xanəndələrin ifası ölkənizin zəngin mədəniyyətindən xəbər verir. Konsertdən aldığım təəssürat yaddaşımda əbədi iz saldı və ölkənizə qarşı böyük maraq oyatdı”.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar