Yaxşı ki, yaxşılar daim anılır...
   
   Bu yaxınlarda Azərbaycan Milli İncəsənət Muzeyində istedadlı pedaqoq və peşəkar pianoçu, sənətşünaslıq elmləri namizədi, Mədəniyyət və İncəsənət Universitetinin musiqi fənləri və dirijorluq kafedrasının müdiri, Bakı Musiqi Akademiyasının professoru Aytəkin Həsənovanın xatirəsinə həsr olunmuş anım gecəsi keçirildi.
   
   Tədbirə tanınmış incəsənət xadimləri, Aytəkin xanımın doğmaları, sənət dostları, sevimli tələbələri toplaşmışdı. Azərbaycan və Avropa bəstəkarlarının klassik əsərlərinin səsləndirildiyi, gözəl ifalarla tərtib olunmuş xatirə gecəsi hərarətlə qarşılandı.
   Zalın yuxarı başında, royalın yanında Aytəkin xanımın gül çiçəkləri ilə əhatə olunmuş portreti çox canlı və təsirli idi. O sanki xəfif təbəssümü ilə gələn qonaqları salamlayır, minnətdarlıq bildirirdi.
   Hələ bir ay əvvəl anım gecəsinə dəvətli olduğumdan, solo ifamla çıxış edəcəyimi bildiyimdən, məşqlərə böyük məsuliyyətlə yanaşmış, tədbirə bu xanımın ruhuna dərin hörmət və məhəbbətlə gəlmişdim. Həyatda onu və ailəsini şəxsən tanıdığımdan, dəfələrlə müxtəlif məclislərdə yaxın ünsiyyətdə olduğumdan, onun necə sadə, səmimi və mehriban bir insan, sevimli həyat yoldaşı, diqqətcil ana, qayğıkeş nənə və daha bir çox müsbət xüsusiyyətlərinin şahidi olmuşam. Təvazökar, sadə təbiətli bu xanım eyni zamanda işində çox dəqiq, çalışqan, istedadlı pianoçu və gözəl pedaqoq idi... Anım gecəsində onun ünvanına söylənən xoş sözlər, xatirələr bunu bir daha sübut etdi.
   Gecəni sənətşünaslıq elmləri namizədi, BMA-nın professoru, Əməkdar incəsənət xadimi Zümrüd xanım Dadaşzadə açdı. Çox məzmunlu, əhatəli çıxışında, o, Aytəkin xanımla bağlı gənclik və tələbəlik xatirələrini tədbir iştirakçıları ilə bölüşdü, rəfiqə-həmkar münasibətlərini tam dolğunluğu ilə dilə gətirdi. Onun yüksək insani keyfiyyətlərindən, peşəkarlıq qabiliyyətindən danışdı.
   Zümrüd xanım çıxışında qeyd etdi ki, Aytəkin Həsənova Azərbaycanın musiqi mədəniyyətində özünəməxsus yer tutmuş, fəaliyyəti dövründə bir çox konsertlərdə və dövlət səviyyəli tədbirlərdə peşəkar pianoçu kimi çıxış etmiş, pedaqoq kimi onlarla gənc istedadın yetişməsində əvəzsiz rol oynamışdır. O, eyni zamanda fortepianonun tədrisi metodikasının təkmilləşməsində, 30-dan artıq dərsliyin, Azərbaycan və dünya klassiklərinin əsərlərinin daxil olduğu müntəxəbatın işıq üzü görməsində Aytəkin Həsənovanın böyük xidmətini də tədbir iştirakçılarının nəzərinə çatdırdı.
   Xatirə gecəsinin təşkilində və maraqlı keçməsində Əməkdar incəsənət xadimi, bəstəkar-pianoçu Ülviyyə xanım Hacıbəyovanın zəhmətini də qeyd etmək lazımdır.
   Anım gecəsində mən və digər ifaçılar öz çıxışımızla Aytəkin xanıma qəlbimizdən gələn hüzn və məhəbbəti elə tərənnüm etdik ki, bütün auditoriya duyğulanaraq, bu vəhdətdən doğan sevgini öz hərarətli alqışları ilə tamamladılar. Tədbirin sonunda Aytəkin xanımın portreti yanında xatirə şəkilləri çəkildi və ruhuna rəhmət oxundu...
   Mən bir daha o qənaətə gəldim ki, yaxşı insanlar öz amalı və əqidəsinə uyğun yaşayıb-yaradaraq, özlərindən sonra həyatda nümunəvi iz qoyub gedirlər. Və ömürlərinin Tanrı tərəfindən bəxş olunan zaman kəsiyinin qədərindən (qısa və ya uzun olmasından) asılı olmayaraq, öz dəyərli əməlləri ilə həyatı daha maraqlı və mənalı edərək qəlblərdə yuva qururlar. O gecə mənim hafizəmdən heç vaxt silinməyəcək, xatirəmdə daim yaşanacaq bir gün kimi qaldı...
   
   Aygün Zeynalova,
   Əməkdar artist, beynəlxalq müsabiqələr laureatı







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar