Fevralın 13-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Fransanın keçmiş Baş naziri və ticarət məsələləri üzrə vəkili Dominik de Villpeni qəbul edib.
Görüş zamanı nazir Azərbaycan-Fransa əlaqələrinin inkişafından söz açıb, 2007-ci ildə Prezident İlham Əliyevin Parisə rəsmi səfəri zamanı mədəniyyət, turizm, kitabxana və muzey sahəsində dörd sazişin imzalandığını nəzərə çatdırıb. Qeyd olunub ki, sözügedən sazişlər iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlar yaradıb.
Fransalı qonaq ölkəmizə budəfəki səfəri zamanı Prezident İlham Əliyev və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva ilə görüşlər keçirdiyini, bu görüşlərdən xoş təəssüratlarla ayrıldığını qeyd edib.
Görüş əsnasında mədəniyyət və turizm sahəsində layihələrin həyata keçirilməsi istiqamətində Fransanın dəstəyinin vacibliyi vurğulanıb.
Daha sonra nazir Əbülfəs Qarayev Dominik de Villpeni 2013-cü ilin 29 may-1 iyun tarixlərində Bakıda təşkil ediləcək növbəti Dünya Mədəniyyətlərarası Dialoq Forumuna dəvət edib.