Azərbaycan nümayəndə heyətinə “Milli ekspozisiyanın təşkilinə görə” diplom təqdim edilib
Xəbər verdiyimiz kimi, fevralın 6-dan 10-dək Belarus paytaxtındakı “BelEkspo” Milli Sərgi Mərkəzində XX Minsk Beynəlxalq kitab sərgi-yarmarkası keçirilib.
Tədbirdə ölkəmizi Mədəniyyət və Turizm Nazirliyi Aparat rəhbərinin müavini-kadrlar şöbəsinin müdiri Cavanşir Cəfərov, Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin məsləhətçisi Elbəy Əli, Miniatür Kitab Muzeyinin təsisçisi və direktoru Zərifə Salahova, “Letterpress” nəşriyyat evinin direktoru Cabir Əsədov təmsil ediblər.
Səfər təəssüratlarını bizimlə bölüşən Elbəy Əli bildirdi ki, 26 ölkə nəşriyyatının təmsil olunduğu yarmarkada Azərbaycanın stendi maraqla qarşılanıb: “Bu il Minsk sərgisinin 20 illiyi qeyd olunurdu. Azərbaycan tərəfindən çap məhsullarının nümayişi üçün yarmarkanın mərkəzində 12 kvadratmetrlik sahə icarəyə götürülmüşdü. Ümumilikdə stenddə 150 adda 250 nüsxədən artıq çap məhsulları, o cümlədən tariximizə, Qarabağa, zəngin mədəniyyət və incəsənətimizə həsr olunmuş Azərbaycan və rus dillərində nəfis tərtibatlı kitablar nümayiş etdirildi. Ziyarətçilərə Azərbaycanla bağlı məlumatların əks olunduğu jurnallar, müxtəlif dillərdə turistik xarakterli bukletlər, kitabçalar, xəritələr, CD-lər, son illər nəşr olunan nəfis kitablar hədiyyə edildi. Sərgi iştirakçıları ilə söhbət zamanı Azərbaycanda gedən inkişaf prosesindən, quruculuq işlərindən, mədəniyyətimizin qədim tarixindən və bu günündən, eyni zamanda, Qarabağ problemindən söz açıldı. Beynəlxalq sərgi-yarmarka həm müxtəlif ölkə nəşriyyatları ilə əməkdaşlığın yaranması, həm də ölkəmizin tarixini, mədəniyyətini çap məhsulları vasitəsilə tanıtmaq baxımından səmərəli oldu”.
Sərgi-yarmarkada Azərbaycan ədəbiyyatı nümunələrinin Belarus dilində, Belarus ədəbiyyatı nümunələrinin isə ana dilimizdə yer alacağı kitabın nəşr olunması barədə fikir mübadiləsi də aparılıb. Birgə layihələrə əcnəbi mütəxəssislərin cəlb olunması ilə bağlı müəyyən razılıqlar əldə olunub. Azərbaycan nümayəndə heyəti müxtəlif ölkələrin nəşriyyatlarını bu il keçiriləcək III Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasına dəvət edib.
Sərginin sonunda Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi “Milli ekspozisiyanın təşkilinə görə” diplomla təltif olunub. Qeyd edək ki, ölkəmiz Minsk sərgisində artıq yeddinci dəfədir ki, iştirak edir.
Ceyhun