“Bölgələrdə qurulan turizm kompleksləri yeni iş yerlərinin açılmasını, yeni infrastrukturun yaradılmasını təmin edəcək”
Xəbər verdiyimiz kimi, fevralın 12-də Bakı Biznes Mərkəzində Prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfrans keçirilib.
Konfransda geniş nitq söyləyən Prezident İlham Əliyev bildirib ki, 2004-2008 və 2009-2013-cü illər üzrə regionların sosial-iqtisadi inkişafı proqramlarının uğurla icra edilməsi ölkənin ümumi tərəqqisində mühüm nailiyyətlərlə müşayiət olunub: “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı, əslində, ölkəmizin uğurlu, dayanıqlı inkişafı, iqtisadiyyatımızın şaxələndirilməsi üçün ən vacib iqtisadi alətə çevrilmişdir. Son 9 il ərzində on minlərlə yeni müəssisə yaradılmışdır. Ölkə iqtisadiyyatı üç dəfədən çox artmış, iqtisadiyyata təxminən 130 milyard dollar sərmayə qoyulmuşdur. Keçən il sərmayə qoyuluşu rekord həddə - 22 milyard dollara çatmışdır. Bunun 13 milyardı yerli investisiyalar olmuşdur. Beynəlxalq əlaqələrimiz daha da genişləndirilmişdir. Əgər biz əvvəlki dövrdə layihələrin icrası üçün daha çox xarici maliyyə mənbələrindən asılı idiksə, bu gün artıq belə deyildir, Azərbaycan özü kredit verən ölkəyə çevrilibdir”.
Dövlət başçısı regionlarda həyata keçirilən infrastruktur layihələrinin əhəmiyyətini xüsusi qeyd edib: “Bu proses davam edir və bölgələrdə yaşayış səviyyəsinin yaxşılaşdırılması, iş yerlərinin açılması, infrastruktur, o cümlədən sosial infrastruktur layihələrinin icrası bu gün reallıqdır. Bölgələr, şəhərlərimiz gözəlləşir, abadlaşır. Hələ ki, problemlər çoxdur. Biz bu problemləri bilirik və həll edirik. Son illər ərzində Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə sahibkarlara güzəştli şərtlərlə 1 milyard 200 milyon manat kredit verilmişdir. Bu maliyyə dəstəyi, əlbəttə ki, sahibkarlığın inkişafına böyük təkan vermişdir. Əgər sahibkarlığın, özəl sektorun ümumi daxili məhsuldakı payına nəzər salsaq, görərik ki, artıq 80 faizdən çoxdur. Son rəqəmlərə görə ümumi daxili məhsulda özəl sektor 83 faiz təşkil edir. Bu sahədə hələ görüləsi işlər çoxdur, nöqsanlar da vardır”.
* * *
Tədbirdə çıxış edən iqtisadi inkişaf naziri Şahin Mustafayev ötən ilin nəticələri, həyata keçirilən layihələr barədə məlumat verib. Qeyd olunub ki, 2012-ci ildə regionlarda 205 məktəb, 45 bağça, 40 səhiyyə, 23 idman və 48 mədəniyyət obyekti tikilmiş və ya əsaslı təmir olunmuşdur. Heydər Əliyev Fondunun təhsil, səhiyyə, mədəniyyət və digər sosial layihələrin reallaşdırılmasında, əvvəlki illərdə olduğu kimi, mühüm rolu olmuşdur. Ötən il 410-dan çox sənaye, kənd təsərrüfatı, xidmət və ticarət müəssisəsi fəaliyyətə başlamış, 400-dən çox müəssisənin isə tikintisi davam etdirilmişdir: “Qusarda “Şahdağ” qış-yay turizm kompleksinin tikintisinin birinci mərhələsi tamamlanmış, bir sıra rayonlarda yeni hotellər və istirahət kompleksləri istifadəyə verilmişdir. Turizmin inkişafı istiqamətində görülən işlər regionlarımızı cəlbedici turizm məkanına çevirməklə bərabər, burada mötəbər tədbirlərin keçirilməsinə əlverişli şərait yaradır”.
* * *
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov bölgənin beynəlxalq turizm və mədəniyyət mərkəzi kimi yenidən qurulması, tarixi-memarlıq irsinin qorunub saxlanılması ilə bağlı dövlət başçısının verdiyi tapşırıqların yerinə yetirilməsindən danışıb: “Şəki şəhərinin inkişafı ilə bağlı imzaladığınız dörd sərəncam şəhərimizin sosial-iqtisadi inkişafında əsas aparıcı xətt olmuşdur. Bu gün Şəki tarixi simasını saxlamaq şərti ilə yenidən qurulur, qədim və gözəl şəhərimizin küçələri, tarixi binaları, evləri bərpa edilir. Şəkiyə gələn hər bir qonaq sanki şəhərin qədim keçmişi ilə üzləşir. Bütün bunlar Sizin tarixi şəhərlərə və burada xalqımızın yaşatdığı zəngin mədəni irsin qorunub saxlanılmasına göstərdiyiniz böyük qayğı və diqqətin nəticəsidir”.
İcra başçısı Şəkidə turizm infrastrukturunun yaradılması, mədəniyyət obyektlərinin yenidən qurulması, beynəlxalq tədbirlərin təşkilindən də söz açıb: “Müasir tipli istirahət mərkəzləri, yeni hotellər istifadəyə verilmişdir. Sevindirici haldır ki, Şəkiyə gələn turistlərin sayı keçən ilin müvafiq dövrünə nisbətən beş dəfə artmışdır. Mirzə Fətəli Axundzadənin adını daşıyan mədəniyyət və istirahət parkında yenidənqurma və əsaslı təmir işləri başa çatmış, ədibin ev-muzeyi əsaslı bərpa edilmiş, Sizin tapşırığınız əsasında 600 yerlik “Yay teatrı” inşa edilərək şəkililərin ixtiyarına verilmişdir. Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrının əsaslı təmiri istiqamətində işlər sürətlə gedir. Şəki həm də beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilmişdir. 2012-ci ildə şəhərimiz TÜRKSOY-un qərarı ilə türk xalqlarının qeyri-maddi mədəni irs paytaxtı elan edilmiş, burada “İpək yolu” III Beynəlxalq Musiqi Festivalı keçirilmiş, dünyanın nadir memarlıq incilərindən olan Şəki Xan Sarayının 250 illik və Mirzə Fətəli Axundzadənin 200 illik yubileyləri beynəlxalq səviyyədə qeyd olunmuş, Şəkinin 2700 illik yubileyinə həsr olunmuş “Şəhər günü” bayram edilmişdir. İcazə verin, fürsətdən istifadə edib xalqımızın mədəni irsinin qorunub saxlanılmasına və təbliğinə xüsusi diqqət göstərdiyinizə görə, cənab Prezident, Sizə və hörmətli Mehriban xanıma bütün şəkililərin xüsusi təşəkkürünü çatdırım”.
* * *
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov çıxışında bölgədəki tikinti-quruculuq, turizm potensialından səmərəli istifadə etmək məqsədilə görülən işlər barədə məlumat verib. Qeyd olunub ki, Ərkivan-Boradigah-Rüdəkənar avtomobil yolu yenidən qurulub, 31 ucqar kəndi rayon mərkəzi ilə birləşdirən yolların çəkilməsinə hazırlıq görülür: “Turizmin inkişaf etdirilməsi ilə bağlı rayonda dördulduzlu “Viləş” hoteli tikilib, 30-a yaxın turizm istirahət mərkəzi fəaliyyət göstərir. Gənc nəslin dövlətçilik ruhunda tərbiyə olunmasında müstəsna əhəmiyyəti olan Heydər Əliyev Mərkəzinin, 5 ümumtəhsil məktəbinin, Boradigah İdman Kompleksinin, Boks və Taekvondo idman məktəblərinin tikintisi, rayon mədəniyyət evinin, 2 orta məktəbin əsaslı təmir işləri bu il başa çatdırılacaq”.
* * *
Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev bildirib ki, dövlət başçısının tapşırığına əsasən bölgənin tarixi irsini qoruyub saxlamaqla genişmiqyaslı abadlıq və quruculuq işləri aparılıb, Bərdənin siması dəyişib, üç min il yaşı olan qədim şəhər yeni, müasir görkəm alıb. Əhalini təhsil, səhiyyə, mədəniyyət və sosial sahələrdə narahat edən məsələlərin həlli daim diqqət mərkəzində olub, təkcə 2012-ci ildə yeni 6 ümumtəhsil və musiqi-incəsənət məktəbi, iki tibb məntəqəsi tikilib, ümumtəhsil məktəbləri, uşaq bağçası və s. əsaslı təmir edilib. Bu gün Bərdədə yeni məktəblər, Gənclər Mərkəzi, Mədəniyyət sarayı tikilir, yeni parklar salınır. XIV əsrə aid Bərdə türbəsi, VI əsrə aid Torpaqqala kompleksində bərpa işlərinə başlanılıb.
* * *
Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev ötən il Prezidentin rayona səfəri zamanı Heydər Əliyev Parkının, ulu öndərin möhtəşəm abidə kompleksinin, Bayraq Meydanının, Gənclər Mərkəzinin, Səməd Vurğun adına parkın, “Kitab” abidə kompleksinin, Yazıçılar Evinin açılışının keçirildiyini deyib.
Hazırda Ağstafa şəhərində tarixi və müasir abidələr parkı - Azərbaycan parkı inşa olunur. Azərbaycanın keçmişini və bu gününü özündə əks etdirən bu park Azərbaycanın tarixini və milli memarlıq ənənələrini daha yaxından tanıtmağa imkan verəcək.
* * *
Konfransa yekun vuran Prezident İlham Əliyev regionlarda infrastruktur layihələrinə bundan sonra da önəm veriləcəyini deyib. Xüsusilə magistral yolların tikintisi və tamamlanması, kənd yollarının təmiri və tikintisi, habelə qazlaşdırma prosesi xüsusi əhəmiyyət daşıyır. Bu ilin sonuna qədər Azərbaycanda qazlaşdırma 90 faizə çatacaq. Prezident bildirib ki, bu istiqamətdə görülən işlərdə rayonlar üzrə ixtisaslaşma aparılmalıdır: “Hər bir rayonun öz xüsusiyyətləri, öz təbiəti, iqlimi vardır. Bu iqlim şəraiti nəzərə alınmalıdır. Hər rayon üzrə ixtisaslaşma layihələri icra edilməlidir”.
Bu il Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 250 milyon manat kredit veriləcəyini nəzərə çatdıran dövlət başçısı yerli icra orqanlarının sahibkarlara dəstək verməsinin vacibliyini vurğulayıb. Lakin təəssüf ki, bəzi hallarda sahibkarların işinə müdaxilə edilir, onlar məcburi qaydada müxtəlif işlərə cəlb olunurlar: “Bir daha deyirəm, bütün icra başçıları bilsinlər, sahibkarları incidən cəzalandırılacaqdır. Bilirəm ki, bir çox yerlərdə sahibkarlar öz təşəbbüsü ilə sosial layihələri icra edirlər - məktəblər, bağçalar tikirlər. Bütün bunlar çox gözəl, təqdirəlayiq hallardır. Ancaq bütün bu işlər könüllü şəkildə öz həllini tapmalıdır. Sahibkarların sosial məsuliyyəti onların könüllü təşəbbüsüdür. Mən bunu alqışlayıram, amma heç kimi məcbur etmək olmaz. Bunu hər kəs bilsin”.
Prezident bölgələrdə gedən işlərlə turizmin inkişafını xüsusi qeyd edib: “Bölgələrdə müasir turizm kompleksləri yaradılır. Əlbəttə, bu komplekslər bölgələrdə yeni iş yerlərinin açılmasını, yeni infrastrukturun yaradılmasını təmin edəcəkdir. Mən şadam ki, artıq bu istiqamətdə işlər yüksək səviyyədə aparılır və bölgələrdə yaradılan yeni turizm obyektləri dünya səviyyəsindədir, yəni, dünya səviyyəsindən aşağı deyil”.
Prezident vurğulayıb ki, bu ilin sonunda ikinci Dövlət Proqramı başa çatacaq və gələn il regionların inkişafı ilə bağlı üçüncü Dövlət Proqramı qəbul ediləcək: “O proqramda edə bilmədiyimiz, yəni, çatdıra bilmədiyimiz məsələlər öz əksini tapacaqdır və beləliklə, ölkəmizin uğurlu, dayanıqlı inkişafı təmin ediləcəkdir”.