Yeriyərkən dediyim şeirlər

“Yaxşı kitabı bu gün oxu, sabah vaxtın olmaya bilər”

İstedadlı şair, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü Vaqif Bəhmənlinin “İşartı. Yeriyərkən dediyim şeirlər” adlı yeni kitabı işıq üzü görüb. “Renessans” nəşriyyatında çapdan çıxan kitabda şairin yaradıcılığının ilk çağlarından etibarən qələmə aldığı lakonik poeziya nümunələri toplanıb.

Vaqif Bəhmənli şeirin uzunluğunu, yaxud qısalığını əsas meyar olaraq qəbul etmir, əksinə, sözün “qızıl orta”sını tapır. Bu kitabda da müəllifin az sözlə dərin fəlsəfi düşüncələri ifadə edən şeirləri yer alıb. Müəllif könül dünyasından boylanan bu bədii duyğuları “işartı” kimi qələmə versə də, təqdim olunan şeirlər oxucu qəlbinə işıq, hərarət bəxş etmək gücündədir.

İstedadlı şair kitabdakı şeirləri “sirli bir günə açılan sabah”a bənzədir, onları ağrıdığı zaman çəkdiyi “ah”la müqayisə edir:

Yeriyərkən dediyim şeirlər sirli bir günə açılan sabah kimidir.

Yeriyərkən dediyim şeirlər ağrıyarkən çəkdiyim ah kimidir!

Kitab şərti olaraq yeddi bölməyə ayrılıb. “Qızıl cümlə” adlı sonuncu bölmədə şairin ədəbiyyat, mədəniyyət, mütaliə və digər anlayışlara aid fəlsəfi düşüncələri verilib. Müəllifin kitab, mütaliə haqqında fikirlərinin bir qismini təqdim edirik:

- Ədəbiyyat elə elm sahəsidir ki, onu dərk etməyin vasitəsi biliklər deyil, duyğulardır;

- Yaxşı kitabı bu gün oxu, sabah vaxtın olmaya bilər;

- Qorxma, gözün kor olunca oxu, ayrı bir gözün açılacaq;

- Dünyanı sona yetirən fəlakət anında hər şeydən öncə kitabxanaların xilasına nail olmaq ən doğru seçimdir...

- Həmişə söz mənə kömək eləyir. Hərdən də mən sözə kömək eləyirəm... Görəsən, oxucu bunu duyurmu?

- Oxuduğun barədə düşünməmək yeyib həzm etməməyə bənzəyir;

- ... Nizami Yer planetinin övladıdır. Elə buna görə də bu tükənməz xəzinədən Yer planetində yaşayan hər kəsə pay düşür.