Tofiq Məlikli: “Əkrəm Əylislini Orxan Pamuk və ya Boris Pasternakla müqayisə etmək yersizdir”
   
   Rusiya paytaxtının Millətlər evində Azərbaycan Yazıçılar Birliyi (AYB) Moskva bölməsinin 10 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
   
   Bölmənin sədri, professor Tofiq Məlikli yığıncağı açaraq ötən 10 ildə görülən işlərdən danışıb, Səməd Vurğun, Mirzə Ələkbər Sabir, Bəxtiyar Vahabzadə, Məmməd Araz və digər görkəmli Azərbaycan şair və yazıçılarının yubileylərinə həsr olunmuş tədbirlər və yaradıcılıq gecələri keçirildiyini nəzərə çatdırıb: “Bizim məqsədimiz Rusiyada yaşayan Azərbaycan yazıçılarını və şairlərini birləşdirməkdir. Azərbaycan mədəniyyətinin təbliği bizim fəaliyyətimizin başlıca istiqamətidir”.
   Tofiq Məlikli Əkrəm Əylislinin “Daş yuxular” əsəri ilə bağlı məsələyə toxunaraq bildirib ki, söz azadlığına əsaslanaraq öz xalqını təhqir etmək tamamilə yolverilməzdir: “Əks halda belə bir sual yaranır: yazıçı hansı səbəbdən tarixi faktları təhrif edir?
   “Daş yuxular”ın heç bir bədii dəyəri yoxdur və müəllifi Orxan Pamuk və ya Boris Pasternakla müqayisə etmək yersizdir”.
   AYB Moskva bölməsinin katibi, tanınmış şair Nəsib Naiboğlu təşkilatın dəstəyi ilə işıq üzü görmüş kitablardan danışıb, tanınmış şairə Alla Axundovanın Riqada nəşr olunmuş kitabını təqdim edib. Nəşrdə Xalq şairi Fikrət Qocanın “Cənnətdən qovulmuşlar” poemasının rus dilində tərcüməsi yer alıb. Şairə Afaq Şıxlı erməni əsirliyindən qaçaraq Moskvada sığınacaq tapmış azərbaycanlı qadının acı taleyindən söz açan “Əsir qadın” əsərini təqdim edib.
   Sonda Ümumrusiya Azərbaycan Konqresinin üzvü Manaf Ağayev qurumun rəyasət heyətinin təbrik məktubunu oxuyub. Məktubda AYB Moskva bölməsinin Rusiyada yaşayan azərbaycanlı yaradıcı ziyalıları ətrafında birləşdirməkdə mühüm rolu qeyd olunub.