Azərbaycanın zəngin mədəni irsinin, rəngarəng incəsənətinin dünyada təbliği, ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi məqsədilə hər il müxtəlif ölkələrdə geniş tədbirlər, mədəniyyət günləri təşkil olunur. Bu günlərdə Küveyt Dövlətində keçirilən Azərbaycan Mədəniyyəti Günləri də iki ölkə arasında əməkdaşlığa, dostluq münasibətlərinə mühüm töhfədir.
   
   Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevin rəhbərliyi ilə nümayəndə heyəti mədəniyyət günlərində iştirak etmək məqsədilə fevralın 18-dən Küveytdə səfərdədir. Heyətə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyli, Azərbaycan Dövlət Simfonik Orkestrinin kollektivi və solistlər daxildir.
   Xatırladaq ki, bundan əvvəl Küveytdə Azərbaycan Mədəniyyəti Günləri 10-12 may 2011-ci il tarixində keçirilmiş, bu çərçivədə incəsənət ustalarının konsertləri, “Azərbaycan dünən, bu gün” adlı fotosərgi, milli geyimlər sərgisi maraqla qarşılanmışdı. 2012-ci ilin 26 noyabr - 2 dekabr tarixində isə Azərbaycanda Küveyt Mədəniyyəti Günləri təşkil edilmiş, bu ərəb ölkəsinin tarix və mədəniyyətini, turizm imkanlarını nümayiş etdirən fotosərgi açılmış, Şeyxə Suad Məhəmməd Əl-Sabahın “Məni günəşə apar” şeir kitabının təqdimatı keçirilmişdi.
   Azərbaycan nümayəndə heyəti budəfəki mədəniyyət günlərinə zəngin tədbirlər proqramı ilə gəlib.
   
   Küveytin informasiya naziri ilə görüş
   
   Fevralın 20-də Küveytin informasiya naziri Şeyx Salman Əl-Hamud Əl-Sabah Azərbaycan mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevlə görüşdü. Ədalət Vəliyev Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin salamlarını çatdıraraq ölkələrimiz arasında mövcud mədəni əlaqələrin inkişafından danışdı.
   Bu yaxınlarda Bakıda Azərbaycan-Küveyt birgə əməkdaşlıq komissiyasının ikinci iclasının keçirildiyini xatırladan nazir müavini iclasda müxtəlif sahələrə dair ikitərəfli sənədlərin, o cümlədən \"Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlığa dair Saziş\"in imzalanmasını məmnuniyyətlə qeyd etdi.
   Ədalət Vəliyev Azərbaycanda hər il müxtəlif beynəlxalq müsabiqə və festivalların keçirildiyini bildirdi. Nazir Şeyx Salman Əl-Hamud Əl-Sabah münasib zamanda bu tədbirlərdə iştirak etməyə dəvət olundu.
   Həmçinin Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin əhatə etdiyi sahələr, onların inkişafı istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat diqqətə çatdırıldı.
   Görüşdə incəsənət ustalarının qarşılıqlı səfərlərinin təşkilinin əlaqələrimizin daha da yaxınlaşmasına xidmət edəcəyi vurğulandı və xatirə hədiyyələri təqdim edildi.
   Görüşdə Azərbaycan Respublikasının Küveyt Dövlətində fövqəladə və səlahiyyətli səfiri Tural Rzayev də iştirak edirdi.
   
   Mədəni tədbirlər xalqlarımızı daha da yaxınlaşdırır
   
   Fevralın 20-də mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Küveytin Mədəniyyət, İncəsənət və Ədəbiyyat Milli Şurasının baş katibi Əli Hüseyn Əl-Yuha ilə görüşdü.
   Qonaqları salamlayan baş katib ölkəmizin zəngin və çoxəsrlik mədəniyyətə malik olduğunu söyləyərək Azərbaycanın böyük nümayəndə heyəti ilə Küveytdə mədəniyyət günləri keçirməsini dost ölkələrimiz arasında münasibətlərə yeni töhfələr verəcəyini bildirdi. Bu tədbirlərin Küveytin milli bayramı günlərinə təsadüf etməsini isə xoş hadisə adlandırdı.
   Nazir müavini Ədalət Vəliyev qarşılıqlı mədəni tədbirlərin xalqlarımızı daha da yaxınlaşdıracağına əminliyini bildirərək dost ölkənin incəsənət ustalarını ölkəmizdə keçirilən tədbirlərdə iştiraka dəvət etdi.
   Görüşdə Küveytdə musiqi təhsilinin inkişafına köməklik göstərilməsi, azərbaycanlı mütəxəssislərin bu işə cəlb olunması, uşaqlardan ibarət simfonik orkestrin yaradılmasına yardım etmək və digər mövzularda müzakirələr aparıldı.
   Azərbaycanın Küveytdəki səfiri Tural Rzayev və Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli görüşdə iştirak edirdi.
   
   Azərbaycan musiqisinə heyranlıq

   
   Həmin gün Küveyt Milli Muzeyində Azərbaycanın incəsənət ustalarının iştirakı ilə konsert proqramı təqdim olundu. Təxminən 500 nəfər tamaşaçı tutumu olan zal tam dolu idi. Küveytdə yaşayan xalqların nümayəndələri, müxtəlif peşə sahiblərindən ibarət auditoriya dahi bəstəkarımız Üzeyir Hacıbəylinin adını daşıyan məşhur Azərbaycan Dövlət Simfonik Orkestrinin çıxışını səbirsizliklə gözləyirdi. Türkiyə, Avstriya, İran, Rusiya, Mərakeş, Seneqal, İndoneziya, Banqladeş, Çin və digər ölkələrin Küveytdəki səfirləri ailə üzvləri ilə birgə qonaqlar arasında idi.
   Azərbaycan musiqisinə olan böyük marağa görə qürur hissi keçirdiyini qeyd edən nazir müavini Ədalət Vəliyev musiqini xalqları bir-birinə daha yaxından tanıdan, xalqlar arasında möhkəm əlaqələrə səbəb olan vasitə adlandırdı. O, Azərbaycan musiqisinin bəşəri mövzulara söykəndiyini diqqətə çatdıraraq bu mövzuda dostluq, barış, xeyirxahlıq ənənələrinin təbliğ olunduğunu, insanların humanizmə səsləndiyini vurğuladı.
   Xalq artisti Yalçın Adıgözəlovun dirijorluğu ilə Azərbaycan Dövlət Simfonik Orkestrinin çıxışı isə konserti izləyənlərə əsl musiqi zövqü, xoş təəssürat bəxş etdi. Böyük bəstəkarlarımız Üzeyir Hacıbəylinin, Fikrət Əmirovun, Niyazinin, Soltan Hacıbəyovun, Vasif Adıgözəlovun biri-birindən təsirli musiqi nömrələri, simfonik muğamlar, mahnılar, operadan parçalar tamaşaçıların sürəkli alqışları, böyük heyranlıq və maraqla qarşılandı. Gənc solistlər - vokalçı Azər Rzayevin, muğam və xalq mahnılarının gözəl ifaçıları Babək Niftəliyev və Səbinə Ərəblinin çıxışları izləyicilərə xoş anlar bəxş etdi. Proqram uğurla sona çatdı.

   Dahi bəstəkara həsr olunmuş konsert

   Fevralın 21-də Küveytdə Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində dahi bəstəkar Qara Qarayevin 95 illik yubileyinə həsr olunmuş konsert proqramı təqdim edildi.

   Tədbirdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyli çıxış edərək Qara Qarayevin həyatı və zəngin yaradıcılığı barədə ətraflı məlumat verdi. Qeyd olundu ki, ölməz sənətkar Azərbaycan mədəniyyətinin ən görkəmli nümayəndələrindən biridir. Onun əsərləri nəinki Azərbaycanın, eləcə də dünya musiqi sənətinin incilərindən hesab edilir.

   Sonra Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri Əməkdar incəsənət xadimi Fəxrəddin Kərimovun dirijorluğu ilə Qara Qarayevin “Leyli və Məcnun” simfonik poeması, “Yeddi gözəl” və “İldırımlı yollarla” baletlərindən parçalar ifa etdi. Anşlaqla keçən konsert tamaşaçıların alqışları, “bravo” sədaları ilə qarşılandı. 

   Mədəniyyət günləri çərçivəsində Azərbaycan nümayəndə heyətinin Küveytin Baş nazirinin müavini, bələdiyyələr və parlamentlə iş üzrə dövlət naziri Məhəmməd Əl-Abdulla Əl-Mübarək Əl-Sabahla görüşü oldu. Küveyt Baş nazirinin müavini bildirdi ki, bu tədbirin keçirilməsi ölkəsi üçün böyük əhəmiyyət daşıyır. Azərbaycanı Respublikası mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev ölkəmizin zəngin mədəniyyəti və geniş turizm imkanları barədə ətraflı məlumat verdi.

   Küveyt Baş nazirinin müavini Azərbaycan incəsənət ustalarının təqdim etdiyi konsert proqramı ilə bağlı xoş təəssüratını ifadə etdi: “Gözəl konsert idi. Təşəkkürümüzü bildiririk. Sözün yaxşı mənasında, çox təsirləndik. Azərbaycanın mədəniyyəti ilə yaxından tanış olmaq, dahi bəstəkar Qara Qarayevin əsərlərini dinləməkdən zövq aldıq. Biz iki ölkə arasında mədəni əlaqələrin gələcəkdə daha da inkişaf edəcəyinə inanırıq”.

   Konsertdə iştirak edən İspaniya, ABŞ, İngiltərə, İran, Ukrayna və digər dövlətlərdən olan tamaşaçılar musiqiçilərimizin yüksək peşəkarlığına heyranlıqlarını gizlətməyərək tədbirin yaddaşlarda silinməz izlər buraxdığını, Azərbaycan musiqisinin sözün əsil mənasında güclü təsirə malik olduğunu qeyd etdilər. 

   Tədbirdə xarici dövlətlərin səfirləri, tanınmış elm, mədəniyyət, incəsənət xadimləri, ali təhsil ocaqlarının rektorları və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edirdi.

   Bununla da Küveytdə Azərbaycan Mədəniyyəti Günləri sona çatdı.

 
   İntiqam Hümbətov,
   Əl-Küveyt







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar