Milli Kitabxana-İnformasiya Mərkəzinin və toplu kataloqun təqdimatı
Fevralın 20-də C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Milli Kitabxana-İnformasiya Mərkəzinin (AZLİBNET - www.azlibnet.az) və ilk toplu kataloqun təqdimat mərasimi keçirildi. Mərasimdə tanınmış ziyalılar, elm və mədəniyyət xadimləri, şəhər (rayon) kitabxanalarının rəhbərləri və ictimaiyyətin nümayəndələri iştirak edirdilər.
Tədbiri Respublika Gənclər Kitabxanasının direktoru Tahir Sadıqov açaraq ölkəmizdə kitabxana sahəsinin inkişafı istiqamətində görülən işlərdən danışdı. Qeyd etdi ki, kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması işinin daha səmərəli həyata keçirilməsində yeni yaradılmış AZLİBNET-in xüsusi xidmətləri olacaq. Mərkəzin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Gənclər Kitabxanasının nəzdində yaradıldığını vurğulayan Tahir Sadıqov layihənin məqsədinin kitabxanalarda elektron informasiya resurslarının yaradılması, istifadəçilərə təqdim edilməsi, eləcə də qlobal informasiya şəbəkələrində kitabxanaların korporativ işinin təşkili olduğunu dedi: “Milli Kitabxana-İnformasiya Mərkəzinin məqsədi Azərbaycan kitabxanalarının birgə milli kataloqlaşdırma sistemini yaratmaqdır”.
Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev Prezident İlham Əliyevin sərəncamı ilə 2013-cü ilin ölkədə “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edildiyini xatırlatdı, təqdim olunan layihəni kitabxana sahəsinin inkişafı, kitabxanaların elektronlaşdırılması və müasirləşdirilməsi istiqamətində mühüm hadisə adlandırdı: “Respublikamızda 12 minə yaxın kitabxana fəaliyyət göstərir və daim yenilənən informasiya texnologiyaları əsrində kitabxanalarımız bu müasirlikdən geridə qalmamalı, oxucunun bu sahəyə həvəs və marağını artırmaq məqsədilə zamanın tələblərinə uyğunlaşdırılmalıdır”.
Vaqif Əliyev ölkə başçısının 2008-ci il 6 oktyabr tarixli sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”nın əhəmiyyətini, bu istiqamətdə mühüm yeniliklərə zəmin yaratdığını qeyd etdi: “Dövlət Proqramı bu sahədə işlərin sistemli, məqsədyönlü şəkildə aparılmasını təmin etdi. Hazırda tədbirlər planına uyğun olaraq kitabxanaların informasiyalaşdırılması, kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması işi uğurla həyata keçirilir. Proqrama bu il yekun vurulacaq. Növbəti illər üçün yeni proqram hazırlanmalıdır. Bu zaman ötən dövrdə qazanılmış təcrübə təhlil olunmalı, təşəbbüslər qiymətləndirilməli, yeni sənəddə kitabxanaların ən yüksək səviyyədə fəaliyyətinin təmin olunmasını nəzərdə tutan layihələr, tədbirlər yer almalıdır. İnformasiya texnologiyalarının imkanları kitabxanaların fəaliyyətində yüksək səviyyədə öz əksini tapmalıdır”.
Toplu elektron kataloqun böyük əhəmiyyətə malik olduğunu deyən Vaqif Əliyev bu sistemin Azərbaycan kitabxana fondlarının məzmunu haqqında informasiya almağa, ölkənin bütün ərazisində istifadəçilərə sənədlərin rasional çatdırılmasını təmin etməyə, komplektləşdirmə prosesini əlaqələndirməyə, mərkəzləşdirilmiş kataloqlaşdırma prosesini təşkil etməyə imkan verəcəyini bildirdi: “Beş ən yaxşı kitabxana öz elektron resurslarını toplu kataloqa yerləşdirib. Bu kataloq kitabxanalarda olan ənənəvi kataloqları əvəz edir. Yəqin ki, gələcəkdə bütün kitabxanalar bu işə qoşulacaqlar. Bu təcrübə böyük əhəmiyyət kəsb edir. Biz çox istəyirik ki, kitabxanalarımız ən müasir səviyyədə xidmət göstərsin. Bunun üçün dünya ölkələrinin qabaqcıl təcrübələrini öyrənərək tətbiq etməyə çalışırıq. Təəssüflər olsun ki, bu gün bəzi kitabxanalarımız müasir tələblərə cavab vermir. Bütün kitabxanalar təşəbbüskar, yeniliklərə açıq olmalı, oxucuları cəlb edə bilməlidirlər”.
Prezident Kitabxanasının direktoru Mail Əhmədov belə bir layihənin həyata keçirilməsini kitabxana sahəsində mühüm yenilik adlandırdı. O, təqdim edilən layihənin hər bir oxucunun elektron kitabxanadan asan və rahat istifadəsinə zəmin yaradacağını bildirdi.
Bakı Dövlət Universitetinin kitabxanaşünaslıq kafedrasının müdiri, tarix elmləri doktoru, professor Abuzər Xələfov çıxış edərək kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması işinin daha səmərəli həyata keçirilməsində yeni yaradılmış mərkəzin əhəmiyyətini vurğuladı: “Ümummilli lider Heydər Əliyev daim bu sahəyə diqqət və qayğı göstərib. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkəmizdə kitabxana sahəsində ardıcıl olaraq mühüm tədbirlər həyata keçirilir”.
Abuzər Xələfov daim inkişafda olan texnologiyalar əsrində toplu kataloqun əhəmiyyətinə diqqət çəkərək, layihəni dövlətin, kitabxanaların oxucu qarşısında yüksək xidmətlərinin nəticəsi kimi dəyərləndirdi. Layihədə əməyi olanlara minnətdarlığını bildirən alim, bu yeniliyin kitabxanalarda informasiya texnologiyalarının tətbiqi sahəsində mühüm hadisə olduğunu söylədi.
Milli Məclisin deputatı Fərəc Quliyev, Azərbaycan Diplomatik Akademiyasının elmi kitabxanasının bölmə müdiri Elçin Məmmədov da təşəbbüsü yüksək qiymətləndirərək, gələcəkdə Azərbaycanda kitabxana sisteminin inkişafında AZLİBNET-in böyük rol oynayacağını vurğuladılar.
Sonda Milli Kitabxana-İnformasiya Mərkəzinin təqdimatı oldu və mərkəz haqqında ətraflı məlumat verildi. Bildirildi ki, AZLİBNET vasitəsilə respublikada mövcud olan elektron resursların fasiləsiz və uzaq məsafədən idarə edilməsi sistemi yaradılıb. Mərkəz respublikanın bütün kitabxanaları ilə (sahə, elmi, kütləvi) əlaqələr qurur. Toplu kataloqdan www.azlibnet.az və ya C.Cabbarlı adına Gənclər Kitabxanasının www.ryl.az ünvanlı veb-saytları vasitəsilə istifadə etmək olar.
Ceyhun Zərbəliyev