Haqq və həqiqət yolunda Tanrı libasından da edilmiş Nəsimi!

İnsanlığın ən ali duyğular təbibi ola-ola cəzaların ən zaliminə mübtəla Nəsimi.
Bəşərin böyük arifi, zəmanəsinin batil “hərif”ləri içərisində aqil hürufi - Seyid Əli İmadəddin Nəsimi...

Bu mütəfəkkir şairə dair yazılarda deyilir ki, onun həyatı haqda geniş məlumat yoxdur. Amma bu “məlumatsızlıq”dan başqa bir informasiya doğur; bu ad - barələrində cüng-cüng, kitab-kitab, arxiv-arxiv mənbələr olan ədiblərdən daha çox fikir, assosiativ duyğular oyadır! Bu ecazkar “laməkan”ın “Dünya duracaq yer degil, ey can, səfər eylə!” kimi poetik manifestlər karvanının ardınca düşsən, onun öz təbirincə “məqsudinə yetərsən”, ali qəlb saraylarından savay heç bir karvansarada mənzillənməyən bu hikmətlər sarbanının harada doğulduğunu bilərsən.
Amma əcəba, əslində, artıq hər birimizin gözündə hər yerdən “böyük” olan doğum yuvamızdan da balaca formatda təqdim edilən dünyaya - bəşər evinə məxsus dahilərin harada doğulmaları onların sənət doğuşları ilə müqayisədə nəymiş ki? Bu yetməzmi ki, çox-çox ölkələr gəzib, növbənöv libaslar geyib, neçə-neçə dillərə yiyələnmiş, “sərpa soyulanda” belə ağlamamış bu “gerçək aşiq” bizim ana dilimizdə deyir: “Məndə sığar iki cahan”?! Ardınca da onun bu gidi dünyaya sığmazlığı...
Sözlərinin biri də belə: “Ağlamayım neyləyim, çün gövdədən can ayrılır!”

Hansı ki -

həmin “can” - onun Hələb meydanındakı dar ağacı altında dərisindən edilmişi deyildi. O “can” Nizamidən tanıdığımız “sevgili canan”, “afəti dövran”, “ruhi rəvan”lardan idi. Sonralar Füzulinin fəryad edəcəyi “hər kəs ki verməz canın cananına”, “can vermə eşqə ki...”, “afəti can” hadisələrinin hərəkətverici “mühərrik”lərindən biri idi. Bu hadisələr şairin könül kainatında cərəyan edir, onun şimşək qələmi isə həmin kainatdakı vaqeələri bizə bəyan edirdi.
Tanrı kainatındakı Həqiqətlər, öz könül kainatındakı Gözəllər, irfan aləmindəki Hikmətlər müştaqı olan bu Aşiq bəşər cəmiyyətinin çoxluq təşkil edən əks qütbü tərəfindən yola verilmirdi. Bu, heç mümkün olan məsələ də deyildi. Əgər hamı onun dahiyanə, fəlsəfi “sığmazam”ının daşıyıcısı olsaydı, bu dünya çox şey itirməzdimi? Lap elə neqativlərini götürək; “fani” adını qazana, “beşgünlük” ayamasına yiyələnə, hər gələnin baxıb getdiyi “pəncərə”yə bənzədilə bilərdimi? Hamımız gözümüzü açcaq - qəflətən insanlığın bu ən uca zirvəsinə çıxmalı, istedad axarlarından yaranan hikmət ümmanına düşməli olsaydıq, neylərdik? Yenilik, qeyri-adilik umularımızı necə doyurar, cantitrədici, tükqabardıcı umacaqlarımızı, məna-mətləb tələbatlarımızı nə tövr ödəyərdik? Bu dünyadan “Canını qurban edənlər yar için gerçək şəhid, Səd həzəran rəhmət olsun ol şəhidin canına” kimi duaları eşitmədənmi, alnına dünya malından heç nə apara bilməmək “maddə”si də yazılmış bizlər onun sığa bilmədiyi növbəti dünyaya könül malındanmı da xali köçməliydik?..
Belə-belə məsələlərin rəmzi-təcəllası bu ki, yaxşılar yamanlara nisbətdə qiymətləndirilirlər. Könül hərflərindən fikir tabloları yaratmış bu hürufi Kişinin inqilabi düşüncələri, müasirlərindən birinin (və əlbəttə, birincisinin) - Füzulinin “Neylərəm ol vəsli ki, - sonunda hicran görünür” kimi bənzərsiz ədəbi (və əbədi) fikir memarlığı nümunələri olmasaydı, bu dünya “Süleymana qalmaz”lıqdan da aşağı dəyərə düşməzdimi?
Güman ki, bu an könlünüz şair-şeriyyətin əzəli olan bir qəzəl istər:

Daim ənəl-həqq söylərəm, neçünki Mənsur olmuşam,
Kimdur məni bərdar edən, bu şəhrə mənsur olmuşam.

Qibləsiyəm sadiqlərin, məşuqiyəm aşiqlərin,
Mənsuriyəm layiqlərin, mən beytə məmur olmuşam.

Musa mənəm ki, haqqilə daim münacat eylərəm,
Könlüm təcəlla Turudur, onun üçün Tur olmuşam.

İrdim qaşın mehrabına kim, qabi-qövsün ordadır,
Vəslət şəbində gör məni, sər ta qədəm nur olmuşam.

Bəzmi əzəldə içmişəm vəhdət meyin peymanəsin,
Ol cürədir ki, ta əbəd sərməst-o məxmur olmuşam.

Ol şahidi qeybi mənəm ki, kainatin eyniyəm,
Ol nitqi rəbbani mənəm ki, dildə məzkur olmuşam.

Ol gizli gəncin sirriyəm ki, zahir oldu gözlərim,
Ol gövhərəm ki, gün kimi aləmdə məşhur olmuşam.

Çun mən Nəsimi gövhərəm, gəncim sizə faş eylərəm,
Mən bu dolu viranədə gör ki, nə məmur olmuşam.

Ayağından çox qələmiylə gedib, o vaxtların nəqliyyat arşınıyla götürsək, dünyanın bir çox axırlarına çıxan bu “ənəl-həqq!” coğrafi mənada hardan, mənəvi anlamda necə gəlirdi?

Deyək ki...

könül tufanı timsalında gəlişən bu Söz və Əqidə divi, yazımın əvvəlində çəmləyib-cəmləyib rəmzləşdirdiyim utopik-toponomik bir ünvandan - Həqiqətstandan qopub qədəmlənmişdi. Götürdüyü yolda elə azman addımlayıb, elə sürətlə irəliləmiş və elə məqam-mənzilə çatmışdı ki, öz aləmində “kövnü-məkan”a da sığmayan bu Şirvan əhli, şamaxılı cismi - bu dahi ismi sonralar təbrizli-bursalı-bakılı-diyarbəkirli-şirazlılaşdırmağa cəhd etmişlər. Amma ki...
Yəni bir halda ki, onun atasının adı bəlli, Şirvanda yaxşı tanınan şəxsiyyətlərdən biri kimi “yeri məlum”dur, biz, onu “mənimsəyib-səninsəmək” uğrunda özlərinə izafi zəhmət verənlərin əksinə olaraq, özümüzə nədən bir-iki abzaslıq başqatqısı qıymalıyıq, əzəmətli Nəsimi babanın hörmətli oxucu-varisləri?! Yaxşısı budur, həyəcansız, güman-ehtimalsız şəkildə bəhs açaq ki, onun atasının Şirvanda yaxşı tanınan şəxsiyyətlərdən biri olduğu bütün elmi-ədəbi-statistik ictimaiyyətə məlumdur. Olsa-olsa, bir az eyforiya ilə söyləyək ki, o dövrün Şamaxısı bütün Şərqdə barmaqla (və hörmətlə) sayılan mədəniyyət mərkəzlərindən olub. Burada adlı-sanlı müəllimlərin fəaliyyət göstərdiyi neçə-neçə məktəb, zəngin ictimai və şəxsi kitabxanalar vardı. Səs-soraqları ölkə ucqarlarını ötüb əcnəbi məmləkətlərə də yayılmış sənət, incəsənət, şeir-musiqi məclisləri fəaliyyət göstərirdi. Hələ paytaxt Şamaxıdan xeyli aralıda (Məlhəmdə) Xaqaninin əmisi - məşhur alim və həkim Kafiəddinin yaratdığı Dar-üş-şəfa adlı tibb akademiyası!..
Belə... Bu vaxtlar bugünkü Şamaxıya - təbii-siyasi zəlzələ-vəlvələlərdən, paytaxtlıq baxt-taxtından düşməsindən sonrakı “rayon”a nisbət-nəzərlə baxıb, zamanların Nəsimi “sunami”sinə təəccüblənməməli. Bugünkü paytaxtımızdan birgünlük at-dəvə mənzili ucqarlığında doğulan Seyid İmadəddin Əbu Səid Hüseynin (əsl adının Əli, Ömər olduğunu qeyd edən mənbələr də var) Diyarbəkirdə yazlaması, neçə-neçə məmləkətdə yaylaması və nəhayət, əqidə dahisinə də çevrilib Hələbdə dünyəvi Nəsimi kimi qışlaması (və gələcəyin UNESCO şöhrətlisi olaraq yenidən baharlaması!) kimi dünyadaş-vətəndaşlığının fərqinə varmalı.
Hələ onun elmi-nəzəri aləmə gün kimi aydın sima olan mürşidi Fəzlullah Nəimi ilə faktik mənbələrlə təsdiq edilmiş irfani və təriqət müştərəkliyi! Yaradıcılığındakı bir çox nümunələrin ədəbi-bədii təbiəti, xəlqi xisləti də bu ədibin dünya bar-bəhrəli qələminin məhz Şirvanın “söz torpağından” rişələndiyini ehtiva edir. Həmin nümunələr başqa mətləblərdən də xəbər verir. Bu nüanslar söyləyir ki, əgər İmadəddin Şamaxıda mədəni-mənəvi universitet tələbəsi, akademiya məzunu, elmi aləm mütəfəkkiri dərəcəsində kamil təhsil almasaydı, klassik Şərq, qədim yunan fəlsəfəsi və ədəbiyyatına, dinlərin əsaslarına, bir çox elmlərə (tibb, astronomiya, riyaziyyat, astrologiya...) dərindən yiyələnməsəydi, özünü dünyaya məlum Nəsimi kimi təqdim edə bilməzdi. Və... qədim günlərin birində, bu gün qırğınlar yaşayan Suriyanın balaca bir meydanında bioloji örtüyündən olub, sonrakı yüzilliklərdə sevgi və hikmət zər-zibalı filoloji libaslara qərq edilməzdi ki, onlardan birini də böyük ərəb araşdırmaçısı İbn əl-İmad Hənbəli deyib: “O, hürufilərin şeyxi idi. Hələbdə tərəfdarları çoxaldı, bidəti artdı, iş o yerə çatdı ki, sultan onun öldürülməsini əmr etdi. Boynu vuruldu, dərisi soyuldu, çarmıxa çəkildi”.
O, üç dildə yazdı, saysız dildə oxuna-oxuna, sevilə-sevilə bu günə qədər yaşadı və sabah da dünya ilə baş-başa qalasıdı...
Onun dilindən-qələmindən qopanlardan biri də -

“Bu, quş dilidir -

bunu Süleyman bilir ancaq” misrası idi.
Onun öz dili, öz üslubu bəlli. “Quş dili”ndə yazdıqları necə? Necə olacaq, - “öz dili”ndə yazdıqları bəh-bəh, “quş dili”ndə söylədikləri cəh-cəh!..
Ərəb-farsı da öz dili kimi mənimsəmiş Nəsimi düşüncələrinin müzakirə-mübahisələrdə, fikir bəyanı bazarında xırıd edilməyən matahı qalmayıb, məncə. Və yəqin, ana dilimizdə yazdıqlarıyla bizlərə necə xoşbaxt anlar yaşadırsa, əcnəbiləri - bütün ərəb-əcəmləri də eləcə xoşnud edir. “Yəqin” deyəndə ki, bu xüsusda az yazı və məlumatlar oxumamışıq. Ana dilimizin daha çox şəhd-şəkər dadı verən (az-az işlədilməsi səbəbindən) sözlərinin də işləndiyi “qeyri”-məşhur qəzəlindən ixtisarla verdiyim aşağıdakı gözəl misralar bu məqamda daha özəl səslənir:

Yox ikən yer ilə göylər, mən əzəldən var idim.
Gövhərin yekdanəsindən eylər və pərgar idim.

Gövhəri ab eylədim, dutdi cəhani sərasər,
Yer-göyü, ərşi, kürşü yaradan Səttar idim.

Girdim Adəm donuna, hiç kimsə sirrim bilmədi,
Mən bu beytullah içində ta əzəldən var idim.

Gəzmişəm mən on səkkiz bin aləmi gərdiş ilə
Dəryanın altında sacı qızdıran ənar idim.

Şul Yezid-Mərvanilər, pustimi soydu qazilər,
Mən “Ənəlhəqq” çağırıb Mənsurilən bir dar idim.

Soydilər pustimi, aldım qayib, oldum ol zaman,
Kimsə bilməz bu rəmuzi, həqqlə sərdar idim.

Mən Nəsimiyəm, həqqi həq tanımışam bigüman,
O idi məni yaradan, həm mən ona dərkar idim.

Nəsimi misralarına, Nəsimi ifadələrinə “aman-aman!”, “Allah-Allah!” - deyə heyrətləndiyimiz anlar az olmayıb. Amma onları təkrar-təkrar oxuyub, dərin-dərin fikirləşdikcə görürsən ki, bu sirr-sehrstanda bizdən sonrakı nəsillərçün də hələ çox kəşflər qalır...

Tahir Əhmədalılar