Mədəni irs prioritet inkişaf istiqamətlərindən biridir
   

   Fevralın 22-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə “Four Seasons Baku” mehmanxanasında “Azərbaycan 2020: Mədəni irs prioritet inkişaf istiqamətlərindən biri kimi” mövzusunda konfrans keçirildi.
   
   Tədbir ölkə Prezidentinin 2012-ci il 29 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında mədəni irsin mühafizəsi, istifadəsi və təbliği ilə bağlı vəzifələrin müzakirəsinə həsr olunmuşdu. Sənəddə mədəni irsin qorunması və səmərəli idarə edilməsi sahəsində kompleks tədbirlərin həyata keçirilməsi də əksini tapıb. Bu vəzifələrin həlli dövlət qurumları, elmi institutlar, beynəlxalq təşkilatlar və digər aidiyyəti strukturlarla sıx əməkdaşlığın qurulmasını tələb edir.
   Tədbiri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev açaraq konfransın məqsədini diqqətə çatdırdı: “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası qarşıdakı dövr üçün ölkəmizin prioritetlərini müəyyən edir. Konsepsiyada digər sahələrlə yanaşı, mədəni irsin qorunması və səmərəli istifadə edilməsi əsas istiqamətlərdən biri kimi göstərilir. Konfransın məqsədi tarix və mədəniyyət abidələrinin tədqiqi, mühafizəsi və istifadəsi üzrə mövcud vəziyyəti qiymətləndirməklə bərabər, qarşıdakı dövr üçün fəaliyyət istiqamətlərini müəyyən etməkdir”.
   
   Mədəni irsin qorunması üçün imkanlar səfərbər olmalıdır
   
   Nazir bildirdi ki, son illər ölkəmizdə mədəni irsin qorunması ilə bağlı yerli və beynəlxalq səviyyədə çox işlər görülüb. Bu işlərin daha geniş coğrafiyada tanınması və təbliğinə Heydər Əliyev Fondunun verdiyi töhfələr əvəzsizdir. Fondun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüs və səyləri nəticəsində Azərbaycanın zəngin irsi beynəlxalq aləmdə böyük müvəffəqiyyətlə təbliğ olunur, xalqımızın maddi və qeyri-maddi mədəni abidələri UNESCO-nun dünya irs və qeyri-maddi irs üzrə reprezentativ siyahılarına daxil edilib. Azərbaycan xalqının yaratdığı mədəni nümunələr bəşəriyyət tərəfindən milli-mənəvi dəyərlərimiz kimi qəbul olunur.
   İşğal altında olan torpaqlarımızda mədəni irsin qorunması ilə bağlı problemləri diqqətə çatdıran nazir bu istiqamətdə də işlərin davam etdiyini vurğuladı: “İlk növbədə Ermənistanın işğal etdiyi ərazilərdə dağıdılmış mədəniyyət abidələrimizin beynəlxalq konvensiyalara uyğun mühafizəsini təmin etməliyik, abidələrin saxtalaşdırılmasının qarşısını almaq üçün imkanlarımızdan yararlanmalıyıq. Ötən ilin dekabr ayında UNESCO-nun silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə komitəsində qəbul edilmiş qərar növbəti addımlar üçün zəmin hazırlayıb. Ölkəmizin təşəbbüsü ilə qüvvəyə minmiş bu qərar erməni tərəfinin üzərinə işğal olunmuş ərazidə yerləşən mədəniyyət abidələri barədə hesabat vermək öhdəliyi qoymaqla yanaşı, həmin ərazilərə texniki missiyanın göndərilməsinə də imkan yaradır. Biz diplomatik uğurlarımızla kifayətlənməməli, alim və mütəxəssislərin birgə əməkdaşlığı sayəsində bu işlərimizi davam etdirməliyik”.
   
   Üç dövlət proqramı hazırlanıb
   
   Nazir qeyd etdi ki, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında dövlət siyasətinin vacib reallaşdırma mexanizmlərindən biri kimi proqram, konsepsiya və strategiya xarakterli sənədlərin qəbulu göstərilir. Mədəni irs sahəsində də yeni proqramların qəbulu zəruridir: “Hazırda respublika üzrə 60-a yaxın dövlət proqramı qüvvədə olsa da, mədəni irs sahəsində belə bir sənəd qəbul edilməyib. Halbuki nazirlik tərəfindən üç sənədin - “2013-2020-ci illərdə daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafı üzrə Dövlət Proqramı”, “2013-2017-ci illərdə Basqal Dövlət Tarix-Mədəniyyət Qoruğunun inkişafı üzrə Dövlət Proqramı” və “Qafqaz Albaniyası irsinin tədqiqi, mühafizəsi və təbliğinə dair Dövlət Proqramı”nın (2013-2016) layihələri uzun müddətdir hazırlanaraq razılaşdırılmaq üçün müvafiq qurumlara göndərilib. Sözügedən proqramların konsepsiyada da qeyd olunduğunu nəzərə alaraq hesab edirəm ki, aidiyyəti nazirlik və qurumlar bu sənədlərin qəbulu üçün lazımi köməyi əsirgəməməlidirlər”.
   Çıxışının sonunda Əbülfəs Qarayev mədəni irs sahəsinin ölkənin prioritetlərindən biri elan edildiyini nəzərə alaraq İnkişaf Konsepsiyasının nəzərdə tutduğu dövrü əhatə edən və mədəni irs sahəsinin kompleks inkişafını özündə əks etdirən yeni bir sənədin - “Daşınmaz mədəni irsin qorunması üzrə Milli Strategiya”nın hazırlanması təşəbbüsü ilə çıxış etdi. Qeyd olundu ki, uzunmüddətli dövrdə tarix və mədəniyyət abidələrinin tədqiqi, mühafizəsi və təbliği üzrə əsas hədəfləri müəyyən edən belə bir sənədin qəbulu qarşıda duran vəzifələrin daha sistemli icrasına şərait yaradacaq”.
   
   Mədəni irs haqqımızı dünya miqyasında sübut etməliyik
   
   Konfransın işinə uğurlar arzulayan Azərbaycan Respublikası Baş nazirinin müavini Elçin Əfəndiyev tədbiri son dərəcə əhəmiyyətli hadisə kimi dəyərləndirdi. Bildirdi ki, mədəniyyət Azərbaycan dövlətçiliyinin ən prioritet sahələrindən biridir. Ümummilli lider Heydər Əliyev bu prioritet istiqaməti hələ respublikaya ilk rəhbərliyi dövründə elan etmişdi: “Ötən müddət ərzində ölkəmizin mədəniyyət sahəsində əldə etdiyi böyük uğurlar bunun bariz göstəricisidir”.
   Ulu öndərin müstəqil Azərbaycana rəhbərliyi illərində mədəniyyət kimi prioritet sahəyə xüsusi diqqət verdiyini deyən Baş nazirin müavini qeyd etdi ki, bu ənənə Prezident İlham Əliyev tərəfindən daha da geniş şəkildə davam etdirilir: “Mədəniyyətin inkişafı yalnız yeni əsərlərin yazılmasından, musiqilərin bəstələnməsindən, tamaşaların səhnəyə qoyulmasından ibarət deyil. Bunlar, əlbəttə, vacibdir, bunlarsız inkişaf mümkün deyil. Lakin bütün bunlar ayrı-ayrılıqda bütöv mədəniyyəti, mədəni irsi əhatə edə bilməz. Bunlar o zaman tam, bütöv ola bilər ki, xalq öz mədəniyyətinə, mədəni irsinə dünya miqyasında sahib çıxmağı bacarsın. Təəssüf ki, dünyanın böyük muzeylərində Azərbaycan milli mədəni irsinin nümunələri başqa xalqların, ilk növbədə, ermənilərin adına yazılır, fars mədəniyyətinin nümunələri kimi təqdim edilir. Son vaxtlar bu sahədə çox böyük işlər görülüb. Heydər Əliyev Fondunun bu sahədə fəaliyyəti xüsusi qeyd olunmalıdır. Fondun təşəbbüsü ilə Vatikanda Azərbaycan milli irs nümunələrinin sərgisi açıldı. Orada mədəni irsimizə olan böyük marağın şahidi olarkən bir daha düşündüm ki, bu istiqamətdə daha böyük layihələrə imza atmalıyıq. Çalışmalıyıq ki, mədəni irsimizə sahib olduğumuzu dünya miqyasında sübut edək”.
   90-cı illərin əvvəllərində bu istiqamətdə itkilərimizin olduğunu söyləyən Elçin Əfəndiyev bildirdi ki, həmin vaxt bir çox mədəni irs nümunələrimiz dağıdılaraq, xarici ölkələrə aparılıb. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ərazilərimiz təcavüzə məruz qalıb: “Təcavüz nəticəsində 20 faiz torpaqlarımız işğal olunub. Bu torpaqlarda mənfur qonşularımız tərəfindən çoxsaylı mədəni irs nümunələrimiz məhv edildi. Mədəni irsimizin qorunması və dünya miqyasında təbliği üçün, ilk növbədə, yüksək savada, biliyə, eləcə də müasir texnologiyadan istifadə etmək bacarığına malik olmalıyıq. İnanıram ki, bugünkü müzakirələrin əməli nəticələrini görəcəyik”.
   
   Mədəni irslə bağlı zəngin internet resursları yaratmalıyıq
   
   Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə isə vurğuladı ki, mədəni irslə bağlı yeni konsepsiyanın hazırlanması dövlət qurumu olaraq təkcə Mədəniyyət və Turizm Nazirliyinin işi ola bilməz: “Konsepsiyanın böyük elmi tutumu olmalıdır. Azərbaycan Milli Elmlər Akademiyası ilə yanaşı, ölkəmizdə fəaliyyət göstərən ali məktəblər, elmi tədqiqatlarla məşğul olan müxtəlif qurumlar, dövlət və qeyri-dövlət təşkilatları bu işə qoşulmalıdırlar. Bu, çox konseptual sənəd olmalı, ilk növbədə gənc nəslə ünvanlanmalıdır. Çünki gənc nəslin nümayəndələri artıq postmodern dövrünün insanlarıdır. Bütün bu mədəni irs postmodern “dilində” təqdim edilməsə, o, heç vaxt təbliğ oluna bilməyəcək. Xalqımızın mədəni irsi ilə bağlı çox zəngin internet resursları yaratmalıyıq. Yeni texnologiyalardan istifadə etməklə elə muzeylər yarada bilərik ki, onlara nə bina, nə də qədimdən qalan artıq əşyalar lazım gəlməz. Həmin virtual muzeylər vasitəsilə çox şeyi təbliğ etmək olar. Belə virtual muzeylərlə həm gənclərimizə, həm də əcnəbilərə mədəni irsimizin bütün zənginliyini, onun əhatə etdiyi sahələri daha geniş çatdıra bilərik”.
   
   İnkişaf Konsepsiyası gələcəyə və gənclərə ünvanlanıb
   
   Fatma Abdullazadə bildirdi ki, bu gün bəlkə özümüz də hiss etmədən bəzi mədəni irs nümunələrimizdən demək olar ki, imtina edirik, nəticədə onlar öyrənilmir, itib-batır. Buna misal olaraq Bakı və Gəncə şəhərlərinin folklorunu göstərdi: “XX əsrdə hamı qədim nağılları, rəvayətləri, mifləri araşdırıb, qələmə alırdı. Lakin bu böyük folklor nümunələri heç kim tərəfindən qələmə alınmayıb. Bu gün tariximizlə bağlı bir çox eksponatlar dünya muzeylərində saxlanılır. Təəssüf ki, biz bunların mövcudluğundan xəbərsizik. Eyni zamanda, qədim mədəni irsimizə dair bir çox əlyazmalarımız var ki, onlar bilavasitə bizim tariximizlə, mədəniyyətimizlə bağlı olsalar da, harada saxlandıqlarını bilmirik”.
   Şöbə müdirinin sözlərinə görə, mədəni irsin təbliği bir çox vacib məsələləri gündəmə gətirir. Xalqımızın zəngin mədəni irs nümunələrini ölkəyə gələn hər bir turist üçün yüksək səviyyədə təqdim etmək lazımdır: “Burada söhbət sadəcə dil tərcüməsindən deyil, xalqımız üçün əziz, vacib olan hansısa mədəni abidənin Azərbaycana gələn insan üçün maraqlı təqdimatından gedir. İnkişaf Konsepsiyası bütövlükdə gələcəyə ünvanlanıb. Arzu edərdim ki, ölkəmizin istedadlı və hərtərəfli inkişaf edən gəncliyi əsrlərin süzgəcindən süzülüb gələn bu mədəni irsin layiqli davamçısı, qoruyucusu olsun. Yalnız belə bir şəraitdə bu zəngin irs qoruna, inkişaf etdirilə, gələcək nəslə ərməğan edilə bilər”.

   Geniş tədbirlər planı həyata keçiriləcək
   
   İqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova çıxışında bildirdi ki, İnkişaf Konsepsiyasında mədəni irsin qorunub saxlanılması, səmərəli idarə olunması problemlərinin prioritetlərdən biri kimi qəbul edilməsi Prezident İlham Əliyevin bu sahəyə mühüm əhəmiyyət verməsinin təsdiqidir. Konsepsiya çərçivəsində Azərbaycan xalqının zəngin adət və ənənələrinin təbliği, milli bayram və mərasimlərin qorunub saxlanılması, tarixi rəmz və abidələrin bərpası, milli musiqi və rəqslərin təşviqi, xalq oyun və tamaşalarının bərpası, dünya muzeylərində saxlanılan incəsənət nümunələrimizin öyrənilməsi və digər işlərin kompleks şəkildə həll edilməsi məqsədilə bu sahə üzrə strategiya, dövlət proqramları və tədbirlərin hazırlanması və icrası nəzərdə tutulur.
   Qeyd olundu ki, Prezidentin müvafiq fərmanı ilə İqtisadi İnkişaf Nazirliyinə konsepsiya ilə bağlı dövlət orqanlarının fəaliyyətini təşkil etmək və əlaqələndirmək məqsədilə milli fəaliyyət qrupunun yaradılması və konsepsiyanın həyata keçirilməsi üçün dövlət proqramları, strategiyalar, digər sənəd və tədbirlərin siyahısına dair təkliflərin təqdim edilməsi tapşırılıb: “Bununla əlaqədar aidiyyəti təşkilatlardan 300-dən çox strategiya, o cümlədən mədəni irsin qorunmasına dair proqramlar, tədbirlər planları və digər sənədlərin hazırlanması təklifləri daxil olub. Hazırda qəbul edilməsi tövsiyə olunan sənədlərin siyahısının dəqiqləşdirilməsi yekunlaşmaqdadır”.
   
   Yeni aşkar olunmuş 1725 abidənin ilkin siyahısı hazırlanıb
   
   Mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası və qorunması, qoruqların fəaliyyətinin təkmilləşdirilməsi sahəsində mövcud vəziyyət və qarşıda duran vəzifələr barədə məlumat verdi. Bildirildi ki, hazırda Azərbaycan ərazisində dövlət mühafizəsinə götürülmüş 6308 daşınmaz tarix və mədəniyyət abidəsi var. 2001-ci ilin dövlət reyestrinə əsaslanan bu məlumatın yenilənməsi üçün artıq ölkə ərazisində yeni aşkar olunmuş abidələrin ilkin siyahısı hazırlanıb. 1725 abidədən ibarət olan bu siyahı AMEA-nın müvafiq institutları ilə razılaşdırıldıqdan sonra reyestrə daxil edilməsi üçün Nazirlər Kabinetinə təqdim ediləcək.
   Vaqif Əliyev vurğuladı ki, zəngin mədəni irsimizin qorunması şərəfli və məsuliyyətli bir vəzifədir. Bu vəzifə yalnız dövlət məmuruna, abidə mühafizəçisinə və ya mütəxəssisə aid deyil. Ölkəmizin hər bir guşəsi boyu səpələnmiş memarlıq incilərini, arxeoloji məskənləri qorumaq və gələcək nəsillərə ötürmək cəmiyyətin hər bir üzvünün bu işdə fəal iştirakı ilə mümkündür: “Abidələrin təyinatı üzrə istifadəsini təmin etmək məqsədilə müntəzəm olaraq tarix və mədəniyyət abidələrində bərpa-konservasiya və layihələndirmə işləri aparılmaqdadır. Hazırda Suraxanı qəsəbəsindəki “Atəşgah məbədi”ndə, Şəkidə yerləşən Şəkixanovların evində, Quba rayonunun Xınalıq kəndindəki Əbu-Müslim məscidində, Gəncədə “Şah Abbas” karvansarayında, Bərdədə “Allah-Allah” və Füzuli rayonunda “Şeyx Babı” türbələrində, Gürcüstan Respublikası ilə sərhəddəki “Sınıq körpü”də bərpa işləri davam etdirilir. Layihəçi-memarlarımız tərəfindən həmçinin Qəbələ rayonunun Nic kəndində “Bulun” və “Göyün” məbədlərinin, Qəbələ Dövlət tarix-mədəniyyət qoruğunun ərazisindəki “Səlbir” qalasının, Abşeron yarımadasının şimal-şərq istiqamətində yerləşən mayakların, “Şabran şəhəri” tarix-mədəniyyət qoruğunun abidələrinin bərpa-konservasiyası üzrə layihələri hazırlanıb və qarşıdakı dövrdə bu abidələrdə də işlərin başlanılması nəzərdə tutulur”.
   * * *
   Dünya mədəniyyəti xəzinəsində özünəməxsus yer tutan qədim və zəngin irsimizlə fəxr etdiyini söyləyən AMEA-nın vitse-prezidenti, Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı bildirdi ki, mədəni irsi lazımi səviyyədə qorumaq üçün təkcə şövq, həvəs və hətta milli qeyrət bəs etmir. Bunun üçün dövlət və xalqın biri digərini tamamlayan, biri digərinə dəstək olan həmrəyliyi vacibdir.
   Tədbirdə Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanovun “Əqli mülkiyyət kimi qorunan mədəni irs”, UNESCO üzrə Azərbaycan Milli Komissiyasının birinci katibi Günay Əfəndiyevanın “Azərbaycanın maddi-mədəni abidələrinin dünyada tanıdılması və UNESCO-nun Dünya İrs Siyahısının bu istiqamətdə rolu”, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədovanın “Mədəni irsin təbliği kontekstində Qafqaz Albaniyası irsinin tədqiqi, mühafizəsi və bərpasının əhəmiyyəti”, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru Maisə Rəhimovanın “Arxeoloji irsin qorunması, bərpası və səmərəli idarə edilməsi” və başqalarının digər mövzularda məruzələri dinlənildi.
   Tədbirə yekun vuran mədəniyyət və turizm naziri Əbülfəs Qarayev müzakirə olunan məsələ ilə bağlı qətnamə hazırlandığını, rəy, təşəbbüs və təkliflər bildirildikdən sonra sənədin qəbul ediləcəyini dedi. Çıxış edənlərə minnətdarlığını bildirən nazir bütün təkliflərin mədəni irsimizin daha geniş formada təbliğinə öz müsbət təsirini göstərəcəyinə əminliyini ifadə etdi.
   
   Ceyhun Zərbəliyev







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar