Xəbər verdiyimiz kimi, fevralın 27-də Avstriyanın paytaxtı Vyanada BMT-nin Sivilizasiyalar Alyansının V Dünya Forumu öz işinə başlayıb.
   
   Hofburq sarayında keçirilən forumun işində dünyanın müxtəlif ölkələrindən mindən artıq nümayəndə iştirak edir, o cümlədən tədbirə BMT-nin Baş katibi Ban Ki Mun, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan, Avstriya Prezidenti Haynz Fişer, UNESCO-nun Baş direktoru İrina Bokova, digər ölkə və beynəlxalq qurumların rəhbər şəxsləri qatılıb. Builki forum “Müxtəliflik və dialoq şəraitində məsuliyyətli liderlik” devizi altında keçirilir.
   Tədbirdə Azərbaycanı mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir. Heyətə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov, gənclər və idman nazirinin müavini İntiqam Babayev, Xarici İşlər Nazirliyinin şöbə müdiri Emil Həsənov, Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Vasif Eyvazzadə, ölkəmizin Avstriyadakı səfiri Qalib İsrafilov və səfirliyin əməkdaşları daxildir.
   BMT-nin Sivilizasiyalar Alyansı 2005-ci ildə BMT Baş katibinin himayədarlığı ilə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan və İspaniyanın baş naziri Xose Luis Zapatero tərəfindən irəli sürülən təşəbbüs (“Mədəniyyətlər İttifaqı”) əsasında təsis olunub və əsas məqsədi əməkdaşlıq və dialoq vasitəsilə qütbləşmə və ekstremizmə qarşı mübarizə aparmaqdır. Hazırda dünyanın 100-dən çox ölkəsi bu təşəbbüsə qoşulub.
   İndiyədək alyansın Dünya Forumu Madrid (2008), İstanbul (2009), Rio-de Janeyro (2010) və Doha (2011) şəhərlərində keçirilib.
   Forum çərçivəsində Azərbaycan nümayəndə heyəti nazirlər görüşündə, tərəfdaşlar assambleyasında və Qara dəniz, Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə regional sessiyada iştirak edib, müxtəlif görüşlər keçirib.
   Görüşlərdə BMT-nin Sivilizasiyalar Alyansının 2013-cü il 29 may - 1 iyun tarixlərində Bakıda keçiriləcək II Dünya Mədəniyyətlərarası Dialoq Forumunun rəsmi tərəfdaşı kimi təşkil edəcəyi beynəlxalq tədbirlər və layihələr barədə fikir mübadiləsi aparılıb. UNESCO-nun Baş direktoru İrina Bokova ilə görüşdə qurumun Qeyri-maddi mədəni irs üzrə Hökumətlərarası Komitəsinin cari ilin 2-8 dekabr tarixində Bakıda keçiriləcək növbəti sessiyası ilə bağlı məsələlər müzakirə olunub.
   Dünya Forumu fevralın 28-də işini başa vurub.