Moskvada Bakının uşaq evlərinin gənc rəssamları ilə görüş
   
   Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə Bakının Nizami rayonundakı 1, Suraxanı rayonundakı 2 və Xətai rayonundakı 3 nömrəli uşaq evlərində tərbiyə alan, Fondun keçirdiyi “Uşaqlar və müharibə” rəsm sərgisində iştirak etmiş 10 nəfər Moskvaya dəvət olunub. 
   Fevralın 27-də ölkəmizin Rusiyadakı səfirliyində gənc rəssamların Moskvada yaşayan Azərbaycan ziyalıları ilə görüşü keçirilib.
   Səfir Polad Bülbüloğlu, “Ocaq” Azərbaycan Mədəniyyəti Cəmiyyətinin sədri, professor Tofiq Məlikli, Rusiyanın Xalq rəssamı Əsgər Məmmədov, Moskva Linqvistika Universiteti nəzdindəki Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin rəhbəri, professor Bella Musayeva gənc rəssamlara doğma Azərbaycanımızı sevməyi, onun müstəqilliyi və azadlığı uğrunda mübarizəyə daim hazır olmağı, mədəniyyətimizi daha da zənginləşdirmək üçün rəssamlıq bacarıqlarını artırmağı tövsiyə ediblər. Moskva Dövlət Linqvistika Universitetinin Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin tələbələri Azərbaycan dilində şeirlər söyləyiblər.
   Sonda balaca rəssamlar səfirliyə öz rəsmlərini hədiyyə ediblər.