“Naşir” jurnalının ilk sayının təqdimatı oldu
   
   Martın 1-də Mirzə Fətəli Axundzadə adına Milli Kitabxanada Azərbaycan Naşirlər və Poliqrafçılar İctimai Birliyinin təsis etdiyi “Naşir” jurnalının və www.nashir.az saytının təqdimatı keçirildi. Tədbirdə birliyin fəaliyyətindən və həyata keçirəcəyi layihələrdən ətraflı söz açıldı.
   
   Nəşriyyat sahəsi böyük inkişaf yolu keçib
   
   Mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev tədbirdə çıxış edərək son illər ölkəmizdə nəşriyyat və poliqrafiya sahəsinin keçdiyi yoldan, qazandığı uğurlardan danışdı. Qeyd olundu ki, müstəqilliyin ilk illərində bu sahədə qarışıqlıq hökm sürürdü, nəşriyyatların maliyyə durumu acınacaqlı idi. Bir çox hallarda nəşriyyat işinə aid olmayan insanlar pul qazanmaq xətrinə müxtəlif kitablar, dərgilər nəşr edirdilər. Bəzən dövlətçiliyə uyğun olmayan kitabların nəşrinə də rast gəlinirdi. Ölkəmiz gücləndikcə bu sahəyə diqqət artırıldı və biz bu gün artıq naşirlər ordusunu görə bilirik.
   Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Bakıda keçirilən kitab sərgi-yarmarkalarının əhəmiyyətini qeyd edən Vaqif Əliyev belə tədbirlərin nəşriyyat işinə marağın daha da artmasına səbəb olduğunu, uğurların təbliğinə imkan verdiyini dedi: “2009-cu ildə keçirilən I Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında iştirakçı nəşriyyatların sayı nisbətən az idi. 2011-ci ildə ikinci sərgi-yarmarkada isə 80-dən artıq nəşriyyat iştirak etdi. Biz gördük ki, Azərbaycanda nəşriyyat işinə bağlı insanlar, bu işə ciddi yanaşan yaradıcı şəxslər var. Nazirlik olaraq onların işləri, imkanları ilə tanış olmaq üçün müxtəlif görüşlər keçirdik. Çoxsaylı fikirlər səsləndi. Tədricən naşirlərin bir araya toplanması məsələsi ortaya çıxdı. 2012-ci ildə Azərbaycan Naşirlər və Poliqrafçılar İctimai Birliyi yaradıldı. Mən deyərdim ki, qısa müddət ərzində qurum xeyli iş görüb. Bir sıra nəşriyyatları öz ətrafında birləşdirib. Birliyin yaranması ölkəmizdə bu istiqamətdə fəaliyyət göstərən insanların problemlərinin həllinə, təkliflərinin dinlənilərək həyata keçirilməsinə müsbət təsir göstərib. Belə qurumun yaranmasını çoxdan gözləyirdik. İnanırıq ki, naşirlərin birliyi nəşriyyat-poliqrafiya sahəsində mövcud olan bir sıra məsələlərin həll olunmasına, Azərbaycanda kitab işinin yüksək səviyyədə təşkilinə öz töhfəsini verəcək”.
   Vaqif Əliyev çıxışının sonunda Naşirlər və Poliqrafçılar İctimai Birliyinə uğurlar arzuladı, qurumun elektron saytının hazırlanmasını və “Naşir” jurnalının nəşr edilməsini yüksək qiymətləndirdi: “Naşirlər ordusu böyük bir ordudur, bu sahə ilə məşğul olan insanlar ziyalılardır. Hesab edirəm ki, onlar hər zaman doğru yolu seçə biləcəklər. İnanıram ki, gələcəkdə Azərbaycanda nəşriyyat işi daha da təkmilləşəcək və biz bu sahədə yeniliklərin, uğurların şahidi olacağıq”.
   
   Azərbaycan kitabı beynəlxalq səviyyədə layiqincə təmsil olunur

   
   Naşirlər və Poliqrafçılar İctimai Birliyi idarə heyətinin sədri Bəhruz Axundov bildirdi ki, respublikada 200-ə yaxın poliqrafiya və nəşriyyat qeydiyyatdan keçib. Onun sözlərinə görə, bunlardan az bir qismi fəaliyyət göstərir: "Pis kitab yoxdur, pis naşir var. 31 müəssisə bir yerə yığışdıq və bu qurumu təsis etdik. Hazırda birliyin 50-yə yaxın üzvü var. Azərbaycan kitabının dünyada daha da uğurla təmsil olunması bizim vəzifəmizdir".
   Mədəniyyət və Turizm Nazirliyinin nəşriyyat işinə qayğısını xüsusi vurğulayan Bəhruz Axundov birliyin ötən bir ildə reallaşdırdığı layihələrdən də danışdı. Bildirdi ki, gözəl kitabın gözəl məzmunu varsa, artıq bu, sərvətdir: “Azərbaycanda kifayət qədər tanınan və sevilən alimlərimiz, yazarlarımız, müəlliflərimiz olduğu kimi, kifayət qədər təcrübəli naşirlərimiz, poliqrafçılarımız da var. Elə nəşriyyatlar var ki, Azərbaycan kitabını beynəlxalq səviyyədə layiqincə təmsil edərək müxtəlif mükafatlara layiq görülüblər. Bütün bunlar onu göstərir ki, bu sahədə yüksək səviyyədə uğurlar qazanıla bilər. Sadəcə imkanlar səfərbər olmalı, əl-ələ verilməli, səy və bacarıqlarımızı bir istiqamətə yönəldərək qarşıda duran məqsədlərə nail olmalıyıq. Artıq birliyin müxtəlif təşkilatlarla münasibətləri yaranır, təbliğat işlərini genişləndiririk. Mədəniyyət və Turizm Nazirliyi nəşriyyat işinə, naşirlərə yol göstərən dövlət orqanıdır. Nazirliyin Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsi naşirlərə hər zaman dəstək olur. Bəzən biz öz kitabını xarici ölkələrdə çap etdirən insanlara rast gəlirik. Halbuki Azərbaycanda ən yüksək səviyyədə kitab çap edən mətbəələr, nəşriyyatlar var”.
   
   İki müsabiqə elan edilib
   
   Bəhruz Axundov vurğuladı ki, Azərbaycan Naşirlər və Poliqrafçılar İctimai Birliyi hazırda iki beynəlxalq layihə üzərində işləyir və cari ildə bir sıra yerli müsabiqələr keçiriləcək: “İctimai Birlik bu il ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə “Kitab sənəti” müsabiqəsi elan edib. Müsabiqəyə təqdim olunmuş kitablar mövzusuna və həcminə uyğun olaraq kağız seçimi, ölçüsü, tərtibatı, dizaynı, cild seçimi, poliqrafik icra keyfiyyəti və s. məziyyətlərinə görə qiymətləndiriləcək. Digər müsabiqə gənc və istedadlı naşirləri ortaya çıxartmaq məqsədi daşıyır. Müsabiqəyə “Niyə naşir olmaq istəyirəm” mövzusunda esse, bədii və publisistik yazılar qəbul ediləcək. Müvafiq ixtisas üzrə təhsil alan ali məktəb tələbələri və məzunlar, gənc naşirlər müsabiqədə iştirak edə bilərlər”.
   
   Məzmunca bayağı kitabların nəşrinə nəzarət artırılmalıdır
   
   Tədbirdə çıxış edən Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar əmin olduğunu bildirdi ki, yeni qurum kitabın nüfuzunu qaldırmaq üçün böyük işlər görəcək: “Bu gün poliqrafik cəhətdən yüksək səviyyədə olan kitablar var. Təəssüf ki, bəzilərinin məzmunu bərbad vəziyyətdədir. Yaxşı olardı ki, bu işə ciddi nəzarət olunsun. İnanıram ki, naşirlərin birliyi Yazıçılar Birliyi ilə əlaqələri genişləndirəcək, bu sahənin inkişafı üçün davamlı addımlar atılacaq”.
   Filologiya elmləri doktoru, professor Qəzənfər Paşayevin sözlərinə görə, "Təhsil" nəşriyyatının ötən il müxtəlif nominasiyalar üzrə 4 beynəlxalq kitab müsabiqəsində iştirakı və yer tutması təqdirəlayiq haldır. 2012-ci ildə Astanada keçirilən MDB ölkələrinin IX beynəlxalq kitab sərgisində "Qran-pri" nominasiyasında "Novruz" nəşrinin diploma layiq görülməsi xüsusilə qeyd edilməlidir.
   Millət vəkili Bəxtiyar Əliyev çıxışında bir məqamı vurğuladı: “Keçmişdə çox gözəl bir ənənə vardı: naşirlərlə yazarların ortaq işbirliyi. Naşirlər dəyərli yazarlara kitab yazmaq sifarişi verirdi, ona görə də o vaxt “pis” deyilən kitab, demək olar ki, nəşr edilmirdi. Ümid edirəm ki, birlik bu gözəl ənənəni də bərpa edəcək”.
   
   * * *
   Bakı Dövlət Universitetinin professoru Cahangir Məmmədli, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov, UNESCO üzrə Azərbaycan Milli Komitəsinin birinci katibi Günay Əfəndiyeva, Hollandiyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatı Qadınlar Şurasının sədri, yazıçı Gülşən Lətif və başqaları birliyin fəaliyyətinə uğurlar arzuladılar. Vurğulandı ki, nəşriyyat işi biznes sahəsi olsa da, naşirlər sosial məsuliyyəti nəzərə almalı, məzmunca bayağı kitabların çap məsələlərinə diqqət etməlidirlər. Azərbaycan kitabının, kitab mədəniyyətinin dünyada yayılması, təbliği və tanınması təkcə mədəni deyil, dövlətimizin və xalqımızın qədim tarixinin öyrənilməsi və təbliğində həm də siyasi hadisədir. Naşirlər ordusunun formalaşması ilə sərhədlər aşan Azərbaycan kitabı Vətənimizə "Qran-pri", "Qızıl Delfin" kimi beynəlxalq ali mükafatlar gətirirsə, demək, keçilən qısa yol uğurludur.
   Tədbirdə qeyd olundu ki, birliyə daha 10 nəfər üzv olmaq üçün müraciət edib və onlara müsbət cavab verilib. Tədbirdə həmin naşirlərə vəsiqələr təqdim edildi.
   Sonra MDB ölkələrinin “Kitab sənəti” IX beynəlxalq müsabiqəsində müxtəlif nominasiyalar üzrə yer tutan nəşrlər diplomla təltif olundular.
   Tədbirin sonunda Azərbaycan Naşirlər və Poliqrafçılar Birliyinin “Naşir" jurnalı ilə “nashir.az" saytı təqdim olundu.
   
   Ceyhun Zərbəliyev