Azərbaycan xalqının mədəni irsinin, folklorunun, adət-ənənələrinin qorunması və təbliğində Novruz bayramının böyük əhəmiyyətini nəzərə alaraq, artıq beşinci ildir ki, “Yanar dağ” Dövlət tarix-mədəniyyət və təbiət qoruğunda təntənəli bayram şənlikləri keçirilir.
   
   Martın 12-də Yel çərşənbəsi münasibətilə “Yanar dağ”da gerçəkləşən “Yurduma bahar gəlir” adlı tədbir də rəngli görüntülərlə yadda qaldı.
   Xalq arasında bu çərşənbəyə Yel çərşənbəsi, Yelli çərşənbə, Küləkli çərşənbə, Hava çərşənbəsi, Külək oyadan çərşənbə deyirlər. Yel çərşənbəsi yelin təzəcə çıxmış otları oyadaraq Novruzun gəlişi barədə xəbərdar etməsi ilə bağlıdır. Yel çərşənbəsində əsən soyuq və isti küləklər yazın gəlişindən xəbər verir.
   Tədbirdə aparıcılar tərəfindən Novruz bayramı, çərşənbələrə aid bayatılar, şeirlər səsləndi. Fikrət Əmirov adına Dövlət Mahnı və Rəqs Ansamblının ifasında “Cəngi” rəqsi ifa olundu. Səbuhi İbayev, Məmməd Nəcəfov, Aytən Məhərrəmova və digərləri maraqlı musiqi nömrələri ilə çıxış etdilər.
   Novruz personajları Kosa və Keçəlin mərasimə gəlməsi isə bayram tədbirini daha da rövnəqləndirdi. Onların ənənəvi deyişməsini isə uşaqdan böyüyə hər kəs əzbər bilir. Keçəl və Kosa çıxışlarının sonunda Bahar qızını mərasimə dəvət etdilər. Allı-güllü Bahar qızı tədbirə yaz təravəti gətirdi. Xonça, səməni, şəkərbura, paxlava kimi Novruz şirniyyatları mərasimin bəzəyi idi. Mərasim yumurta döyüşdürmə və digər maraqlı oyunlarla yadda qaldı.
   
   Reyhan