İki ölkə arasında bir sıra sahələr üzrə, o cümlədən turizm əməkdaşlığına dair yeni sazişlər imzalanıb
Xəbər verildiyi kimi, Azərbaycan Prezidenti İlham Əliyev martın 11-12-də Xorvatiyada rəsmi səfərdə olub. Səfər zamanı ikitərəfli əlaqələrin geniş spektri müzakirə olunub, bir sıra sənədlər imzalanıb.
Martın 11-də Azərbaycan və Xorvatiya prezidentləri İlham Əliyev və İvo Yosipoviçin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqlarında ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni sahələrdə əlaqələrin uğurla inkişaf etdiyi bildirilib.
İqtisadi sahədə əlaqələrin inkişafı üçün yaxşı potensialın olduğunu deyən İvo Yosipoviç enerji, mədəniyyət, turizm və digər sahələrdə münasibətlərin genişləndirilməsinin vacibliyini vurğulayıb. Azərbaycana səfərini məmnunluqla xatırlayan Xorvatiya Prezidenti xalqımızın qədim tarixə və zəngin mədəniyyətə malik olduğunu deyib.
Prezident İlham Əliyev ölkələrimiz arasında siyasi və iqtisadi sahədə fəal əməkdaşlığın olduğunu qeyd edərək iqtisadi əlaqələrdə yeni sahələrin müəyyən edilməsinin önəmini diqqətə çatdırıb. Avropanın enerji təhlükəsizliyində mühüm rolu olan Azərbaycanın Xorvatiya ilə bu sahədə də əməkdaşlığının genişləndirilməsinin əhəmiyyəti qeyd edilib.
Görüşdə qarşılıqlı investisiyaların qoyulması sahəsində məsələlər də müzakirə olunub. Bildirib ki, Azərbaycan hazırda bir çox ölkələrə fəal investisiya qoyur və Xorvatiya ilə investisiya məsələsində də əməkdaşlıq etmək arzusundadır.
Nəqliyyat, mədəniyyət və turizm sahələrində əməkdaşlığın inkişaf etdirilməsi, yeni layihələrin həyata keçirilməsi planları ilə bağlı müzakirələr aparılıb.
Görüşdən sonra iki ölkə arasında sənədlər imzalanıb. Prezidentlər İlham Əliyev və İvo Yosipoviç “Azərbaycan Respublikası və Xorvatiya Respublikası arasında strateji tərəfdaşlıq və dostluq münasibətləri haqqında Zaqreb Bəyannaməsi”ni imzalayıblar.
“Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi və Xorvatiyanın Turizm Nazirliyi arasında turizm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Xorvatiyanın turizm nazirinin müavini Oleq Valyana və Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev imzalayıblar. Bundan əlavə, iki ölkənin hökumətləri arasında iqtisadi əməkdaşlıq, ətraf mühitin mühafizəsi, elm və texnika sahəsində əməkdaşlıq sazişləri, gənclərlə iş sahəsində anlaşma memorandumu, ARDNŞ və Xorvatiyanın “Plinacro” şirkəti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
İki ölkə arasında biznes əlaqələri prezidentlər İlham Əliyev və İvo Yosipoviçin xorvatiyalı iş adamları ilə görüşündə də diqqətə alınıb. Prezident İlham Əliyev ölkələrimizin biznes dairələri arasında səmərəli əlaqələrin inkişaf etdirilməsinin vacibliyini diqqətə çatdıraraq qeyd edib ki, Azərbaycan və Xorvatiya nəqliyyat, turizm və digər sahələrdə səmərəli əməkdaşlıq qura bilər. Azərbaycanda gedən iqtisadi proseslər və formalaşmış biznes mühiti barədə iş adamlarına məlumat verən Prezident İlham Əliyev bildirib ki, ölkəmizdə xarici iş adamlarının fəaliyyəti üçün əlverişli mühit yaradılıb, xarici sərmayələrin qoyulması üçün hərtərəfli şərait mövcuddur.