Dünyanın müxtəlif ölkələrindən alim və musiqişünaslar Bakıda bir araya gəliblər
   
   “Muğam aləmi” III Beynəlxalq Muğam Festivalının mühüm tədbirlərindən biri də müxtəlif ölkələrdən alimlərin, musiqişünasların, sənət adamlarının iştirakı ilə keçirilən beynəlxalq elmi simpoziumdur. Martın 12-də AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində simpoziumun açılışı keçirildi.
   
   Tədbirdə AMEA prezidentinin səlahiyyətlərini icra edən akademik Akif Əlizadə çıxış edərək ölkəmizdə artıq üçüncü dəfə keçirilən beynəlxalq muğam festivalının əhəmiyyətindən danışdı, tədbirin müxtəlif ölkələrin sənət adamlarının, alimlərinin bir araya gəlməsi üçün mühüm imkan olduğunu vurğuladı.
   Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev çıxışında muğamı keçmişlə bu gün, Azərbaycanla dünya xalqlarının mədəniyyəti arasında mənəvi körpü adlandırdı: “Təsadüfi deyil ki, Azərbaycan muğamı 2003-cü ildə bəşəriyyətin qeyri-maddi mədəni irsi siyahısına daxil edildi. Azərbaycan muğamının qorunmasında və təbliğində Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın əvəzsiz rolu vardır. Məhz bu fəaliyyətin nəticəsində artıq üçüncü dəfədir ki, belə bir möhtəşəm festival baş tutur. Builki festivala əvvəlki illərə nisbətən daha çox iştirakçı qatılıb. Bu isə festivala marağın ilbəil artmasından xəbər verir. Prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın mədəni irsimizə diqqət və qayğısı sayəsində XXI əsrdə Azərbaycan muğam sənəti özünün ən yüksək zirvəsinə çatdı. Əminəm ki, simpoziumda muğam sənəti elmi cəhətdən araşdırılmaqla yanaşı, onun mədəniyyətləri qovuşduran cəhətləri də önə çıxarılacaq, muğamımızın zəngin xüsusiyyətləri qabarıq əks etdiriləcəkdir”.
   Mərasimdə çıxış edən təhsil naziri Misir Mərdanov bildirdi ki, ölkəmizdə belə bir festivalın keçirilməsi bütün dünyada muğam sənəti ilə maraqlanan elm adamları üçün böyük töhfədir: “Bu gün ölkəmizdə bütün sahələrdə olduğu kimi, təhsil və mədəniyyət sahəsində də böyük nailiyyətlər əldə edilir. Ölkəmizin iqtisadi və mədəni inkişafı bu cür nailiyyətlərə yol açır”.
   Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə isə festival çərçivəsində təşkil olunan elmi simpoziumun əhatə dairəsinin genişləndiyini diqqətə çatdırdı: “Birinci festivalda Azərbaycan tərəfindən qırx məruzə təqdim olunmuşdu və bu məruzələrdə muğamın Azərbaycanın bütün sənət növlərinə təsiri göstərilirdi. Burada xalça sənətindən tutmuş incəsənətin müxtəlif növlərinə qədər bütün sahələr əhatə olunmuşdu. İkinci simpoziumda biz struktur məsələlərinə toxunmağı labüd saydıq. Bu zaman müxtəlif sənət növlərinin eyni əsasa söykəndiyinin şahidi olduq. Budəfəki simpoziumun mövzusu da çox maraqlıdır və burada təkcə xanəndəlik sənəti deyil, ifaçılar da yer alıblar. Bu festival çərçivəsində virtuoz sənətçilərimizi dünyaya tanıtmaq məqsədilə onların musiqi alətlərində ifalarını da təqdim etməyi vacib hesab etdik. Muğam festivalı özlüyündə unikal bir hadisədir. Çünki festival çərçivəsində üç böyük musiqi bayramı təşkil edilir - silsilə konsertlər, simpozium və müsabiqə. İnanıram ki, hər üç bayram bir-birindən maraqlı keçəcək”.
   Daha sonra Ənənəvi Musiqi üzrə Beynəlxalq Şuranın (İTCM) nümayəndəsi professor Jan Dürinq festivalın əhəmiyyətindən danışdı.
   Açılış nitqlərindən sonra simpozium işini bölmə iclaslarında davam etdirdi. “Azərbaycan muğamlarında və Şərqin oxşar ənənəvi janrlarında musiqi alətlərinin rolu” mövzusunda bölməyə professor Firəngiz Əlizadə və Jan Dürinq sədrlik edirdi. Bu bölmədə almaniyalı professor Yurgen Elsner “Muğam - reallıq və ümumiləşdirmələr”, Yaponiyadan Geniçi Tsuge “Yapon qaqakusu və qədim Uyğur musiqisi bir-biri ilə əlaqəlidirmi?”, tunisli professor Mahmud Gettat “Tunis maalufunda Nuba: morfoloji və orqanoloji yanaşma”, Qazaxıstandan Saida Yelemanova “Qazax şifahi ənənəli professional musiqisinin vokal -instrumental spesifikasının öyrənilməsi və bəzi tipoloji cəhətləri”, professor Recep Uslu “Türkiyə sufi musiqisində məqamlar və alətlər” məruzələri ilə çıxış etdilər.
   “Azərbaycan muğam dəsgahlarının müqayisəli təhlili” bölməsinə isə AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsinin katibi, AMEA-nın müxbir üzvü vəzifəsini icra edən professor Kamal Abdulla sədrlik edirdi. İclasda AMEA-nın müxbir üzvü, professor Zemfira Səfərovanın “Musiqi məcəlləsi” (XV əsr) və “Vüzühül-ərqam” (XIX əsr) risalələrində muğam və musiqi alətlərinin rolu və onlar haqqında dini baxışlar”, professor Rəna Məmmədovanın “Makom formalarında struktur prinsiplərinin vahidliyinə dair”, professor Əfsanə Babayevanın “Muğam və islam dini mərasimlərinin struktur və intonasiya əlaqələri”, Afaq Hüseynovanın “Azərbaycan muğamı - müqayisəli aspektlər”, professor Teymur Kərimlinin “Klassik Azərbaycan ədəbiyyatında musiqi alətlərinin bədii təqdimi” mövzularında məruzələri iştirakçılar tərəfindən maraqla dinlənildi.
   Əvvəlki illərdən fərqli olaraq budəfəki simpoziumda məruzələr zamanı videoçarx və görüntülərdən, həmçinin canlı ifalardan istifadə edilirdi.
   Simpozium martın 13-də Bəstəkarlar İttifaqında bölmə iclasları ilə işini davam etdirəcək. 

   Lalə Azəri







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar