Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində “Azərbaycan mədəniyyətinin hamisi” mövzusunda konfrans keçirilib. Tədbiri Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Sarvan İbrahimov açaraq ulu öndərin Azərbaycan mədəniyyətinin inkişafına daim böyük önəm verdiyini bildirib, ümummilli liderin bu sahəyə göstərdiyi diqqət və qayğıdan danışıb.
Qeyd olunub ki, dahi rəhbər hakimiyyətdə olduğu bütün dövrlərdə milli dəyərlərimizə xüsusi önəm verərək fəaliyyətini Azərbaycan xalqının və respublikamızın hərtərəfli inkişafına, azərbaycançılıq ideyasının milli şüurda qərarlaşmasına, Azərbaycan mədəniyyətinin və incəsənətinin dünyada tanıdılmasına həsr edib.
Tədbirdə Heydər Əliyev Muzeyinin direktoru Ramil Orucəliyevin “Heydər Əliyev və muzeylərimiz”, Cəmşid Naxçıvanskinin ev-muzeyinin baş elmi işçisi Gülnaz Hüseynovanın “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” mövzularında məruzələri dinlənilib. Sonda iştirakçılar “Heydər Əliyev - Azərbaycan mədəniyyətinin hamisi” adlı sənədli filmə baxıblar.
Fariz Yunisli