Martın 12-də Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti Səudiyyə Ərəbistanı Krallığının Mədinə şəhərinin 2013-cü ildə İslam mədəniyyəti paytaxtı elan edilməsi ilə əlaqədar həmin şəhərdə keçirilmiş mərasimdə iştirak edib.
   
   Tədbir çərçivəsində Əbülfəs Qarayev Səudiyyə Ərəbistanının Turizm və Qədim Abidələr üzrə Baş Komissiyasının prezidenti şahzadə Sultan bin Salman bin Əbdüləziz Əl-Səud ilə görüşüb. Nazir iki ölkə arasında mədəniyyət və turizm sahəsində ikitərəfli əlaqələrin intensiv şəkildə inkişafından danışıb, Prezident İlham Əliyevin salamlarını Kral Abdullah bin Əbdüləziz Əl-Səud və Vəliəhd Şahzadə Salman bin Əbdüləziz Əl-Səuda çatdırmağı xahiş edib. Nazir iki ölkə arasında dostluq münasibətlərinin və işgüzar əlaqələrin genişlənməsinin əhəmiyyətini vurğulayaraq, mədəniyyət və turizm sahəsində əməkdaşlığın daha yüksək xətlə inkişaf etdirilməsinin vacibliyini qeyd edib.
   Şahzadə Əbdüləziz Əl-Səud Prezident İlham Əliyevin salamlarını ünvan sahiblərinə çatdıracağını söyləyib, hər zaman Azərbaycan nümayəndə heyətini ölkəsində görməkdən məmnun olduğunu bildirib. O, mədəniyyət sahəsinin inkişaf etdirilməsində hər iki ölkənin geniş imkanlara malik olduğunu, əməkdaşlığın bundan sonra daha sıx davam etdirilməsi və münasibətlərin genişləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini bildirib. Şahzadə Azərbaycanın turizm sahəsində təcrübəsindən istifadə edəcəklərini və Bakıya səfər etmək arzusunda olduğunu deyib.
   Görüşün sonunda “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Səudiyyə Ərəbistanı Krallığının Turizm və Qədim Abidələr üzrə Baş Komissiyası arasında turizm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanıb. Memorandumun qısa müddət ərzində həyata keçirilməsi ilə əlaqədar işçi qrupunun yaradılmasına dair razılıq əldə edilib.
   Qeyd edilib ki, memorandum gələcəkdə əlaqələrin inkişafında daha geniş imkanların yaradılmasına təkan verəcək.
   Görüşdə Mədəniyyət və Turizm Nazirliyi Aparatının rəhbəri Firudin Qurbanov, şərqşünas alim, akademik Vasim Məmmədəliyev, Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri, akademik Arif Mehdiyev və Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığındakı səfiri Rasim Rzayev iştirak ediblər.