Bu gün regionlarımız ən böyük beynəlxalq tədbirlərə, geniş layihələrə ev sahibliyi etmək imkanındadır
   
   2012-ci il ərzində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən regionlarda müxtəlif tədbirlər - sərgi və müsabiqələr, yaradıcılıq görüşləri, festival və konsertlər gerçəkləşdirilib. May ayında Masallıda Uşaq-gənclər muğam ifaçılarının VI respublika müsabiqəsi, iyunda Siyəzən və Qusarda Milli Qurtuluş Gününə, Ağdam və Bərdədə Silahlı Qüvvələr Gününə, oktyabrda Hacıqabul, Ucar, Göyçay və Kürdəmirdə Dövlət Müstəqilliyi Gününə həsr olunmuş yaradıcılıq görüşləri maraqla qarşılanıb. Oktyabrda Ağstafa rayonunda Aşıq Şəmşir adına Gənc aşıqların VI respublika müsabiqəsi, dekabrda Yevlax şəhərində regionlarda keçirilmiş «İstedadlı uşaqlar» müsabiqəsi qaliblərinin iştirakı ilə yekun konsert keçirilib. Noyabrda Ağdaş və Mingəçevirdə rəssamların yaradıcılıq emalatxanası təşkil edilib.
   

   2012-ci il ayrı-ayrı regionlarımız üçün həm də beynəlxalq səviyyəli tədbirlərlə yadda qalıb. Bu gün yerlərdə aparılan quruculuq işləri, yaradılan müasir infrastruktur, mədəniyyət və turizm ocaqları artıq ən böyük layihələri həyata keçirməyə imkan verir. 2012-ci ildə Şamaxı, Şəki, Qəbələ və Gəncədə gerçəkləşən beynəlxalq mədəniyyət layihələri, möhtəşəm yubileylər buna bariz misaldır.
   
   Sabirin yurdunda şeir-sənət bayramı
   
   Mayın 30-da böyük satirik şair, bədii-ictimai fikir tariximizdə yeni ədəbi məktəbin banisi, görkəmli maarifpərvər Mirzə Ələkbər Sabirin anadan olmasının 150 illiyi münasibətilə ədibin doğma yurdunda - Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən olan Şamaxı şəhərində yubiley tədbiri keçirildi. Mədəniyyət və Turizm Nazirliyinin Təhsil Nazirliyi, Yazıçılar Birliyi və Milli Elmlər Akademiyası ilə birgə təşkil etdiyi yubiley mərasimində Azərbaycanın tanınmış elm, mədəniyyət, ədəbiyyat, incəsənət xadimləri ilə yanaşı, xarici ölkələrdən qonaqlar, o cümlədən Qırğızıstan və Litvanın mədəniyyət nazirlərinin müavinləri, Türkiyənin tanınmış yazıçı və şairləri, Qazaxıstandan, Ukraynadan ədiblər iştirak edirdilər.
   
   Tarix və mədəni irsimizin təntənəsi
   
   XVIII əsr Azərbaycan memarlığının incisi, bənzərsiz tarixi-memarlıq abidəsi, möhtəşəm sənət əsəri... Şəki Xan Sarayı haqqında onlarla belə tərif dolu ifadələr işlətmək olar. 1762-ci ilin yadigarı olan bu qədim sənət abidəsinin 250 yaşı müxtəlif ölkələrdən gəlmiş qonaqların iştirakı ilə qeyd edildi. İyulun 4-də Mədəniyyət və Turizm Nazirliyi və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən yubiley tədbirində çoxlu sayda qonaq - Azərbaycanda fəaliyyət göstərən 30-a yaxın xarici ölkə səfirliyi və beynəlxalq təşkilatın nümayəndə heyətləri, respublikamızın tanınmış elm, mədəniyyət və incəsənət xadimləri, Milli Məclisin deputatları, xarici təmsilçilər, bədii kollektivlər iştirak edirdi. Fikrət Əmirov adına Dövlət Mahnı və Rəqs Ansamblının şən və oynaq rəqsləri isə tədbirə gözəl bir ab-hava gətirdi.
   Mərasimdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək milli memarlığımızın ən gözəl nümunələrindən olan Şəki Xan Sarayının 250 illik yubileyinin qeyd olunmasının Azərbaycanın tarixində, mədəni həyatında son dərəcə əlamətdar hadisə olduğunu bildirdi. Nazir milli-mədəni irsimizin qorunması sahəsində görülən işlərdən danışaraq Prezident İlham Əliyevin tarixi abidələrimizin bərpası, təkrarsız milli memarlıq nümunələrinin xaricdə daha geniş təbliğ olunmasına xüsusi önəm verdiyini vurğuladı.

   Dağlar diyarının bitməyən musiqisi
   
   Yeni eranın əvvəlində Qəbələ dünyanın ən qədim sivilizasiyalarından biri olan Qafqaz Albaniyasının paytaxtı idi. Əsrlər boyu burada müxtəlif dillərdə danışan, müxtəlif dinlərə, fərqli ənənələrə və mədəniyyətə malik olan insanlar yaşayıb. Hər bir dövr, hər bir mədəniyyət burada öz izini qoyub. Zaman keçdikcə dövlətlər, sivilizasiyalar yaranır və yox olurdu. Dəyişməyən, əbədi olan bu dağların möhtəşəmliyi, çay və bulaqların aramsız axarıdır. Bu gün dünya xəritəsində Qafqaz Albaniyası yoxdur. Lakin Qəbələ yenə də paytaxtdır - mədəniyyət, musiqi paytaxtı.
   Heydər Əliyev Fondunun Prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə artıq dördüncü dəfə keçirilən Qəbələ festivalı qədim şəhəri məşhur incəsənət mərkəzinə çevirməkdədir. Zəngin musiqi mədəniyyətimizin dünyaya çatdırılmasına, xalqlar arasında dostluğun möhkəmlənməsinə xidmət edən festival gözəl ənənəyə çevrilərək beynəlxalq nüfuzunu ildən-ilə artırır. 2012-ci il iyulun 24-dən avqustun 5-dək gerçəkləşən IV Qəbələ Beynəlxalq Musiqi Festivalı tanınmış musiqi kollektivlərini bir araya gətirən, Azərbaycan və dünya musiqisi incilərinin səsləndiyi, musiqi görüşlərinin, müxtəlif tədbirlərin keçirildiyi möhtəşəm sənət bayramı kimi yadda qaldı.
   
   Dünya poeziyasının günəşindən hər kəsə nur payı
   
   Sentyabrın 29-30-da dahi Azərbaycan şairi və mütəfəkkiri, dünya poeziyasının günəşi Nizami Gəncəvinin 870 illik yubileyi doğulduğu Gəncədə böyük təntənə ilə qeyd olundu. Qədim və yeni Gəncə dünyanın dörd bir yanından gələn qonaqları salamladı. Necə ki, Nizami “İsgəndərnamə” poemasının əvvəlində Allaha xitabən deyirdi ki, ulu tanrı, sən aləmləri, kainatı, yeri-göyü yaradan pərvərdigarsan, biləsən ki, mən indi də Gəncədəyəm, bura mənim əbədi məkanımdır. Bu sözlərdən səkkiz əsr sonra 20-dək ölkədən qonaqlar - ictimai xadimlər, nazirlər, alimlər, şərqşünaslar və nizamişünaslar bu möhtəşəm yubiley tədbirlərində iştirak etdilər və əbədiyyət şairini salamladılar.
   Minlərlə şəhər sakininin qatıldığı mərasimdə Baş nazirin müavini Elçin Əfəndiyev, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, təhsil naziri Misir Mərdanov, Yazıçılar Birliyinin sədri Anar, Milli Məclisin deputatları, 150-dən artıq xarici nümayəndə Nizami ruhunun işığına yığışdılar.
   “Xan Bağı” Mədəniyyət və İstirahət Parkında Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təməlinin qoyulması mərasimi keçirildi, şəhərdəki Heydər Əliyev Mərkəzində Nizami Gəncəvinin poemalarının yeni tərcümə və tərtibatda nəşr olunmuş nüsxələrinin təqdimatı oldu. Gəncə Şəhər İcra Hakimiyyəti binasının böyük iclas zalında Nizami Gəncəvinin 870 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans dünya alimlərini, nizamişünasları bir araya gətirdi.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar