Daşkəndin “Turon-İqbol” nəşriyyatında “XX əsr Azərbaycan poeziyası antologiyası” kitabı özbək dilində çap edilib. Kitabın tərtibçisi Babaxan Məhəmməd Şərif, məsul redaktoru Əziz Səidov, məsləhətçiləri Ramiz Əsgər və Qulu Kəngərlidir.
Tərtibçi Babaxan Məhəmməd Şərif kitaba yazdığı ön sözdə qeyd edir ki, Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli və başqa Azərbaycan şairlərinin əsərləri dünya ədəbiyyatının incilərindəndir. Kitabda repressiya qurbanı olmuş Azərbaycan və özbək şairləri - Əhməd Cavad, Mikayıl Müşfiq, Məhəmməd Hadi, Çulpan, Fitrət, Behbudinin əsərləri haqqında oxuculara məlumat verilib.
Antologiya Mirzə Ələkbər Sabirin əsərləri ilə başlanır, gənc şairlərin şeirləri ilə başa çatır. Topluda 60 şair haqqında qısa məlumat və şeirlərindən nümunələr yer alıb.