Prezident İlham Əliyev milli bayram münasibətilə paytaxtda keçirilən şənlikdə iştirak edib
Martın 19-da Bakıda Azərbaycan xalqının milli bayramı - Novruz münasibətilə ümumxalq şənliyi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Novruz şənliklərində iştirak ediblər.
Dövlət başçısı və xanımı əvvəlcə Qız qalasının qarşısındakı meydana gəlib.
Meydana toplaşmış şəhər sakinləri, paytaxtın qonaqları onları hərarətlə qarşılayıblar. Milli geyimli uşaqlar Azərbaycan Prezidentinə bayram xonçası təqdim edərək Novruz təbriklərini çatdırıblar.
İçərişəhərin qala divarları üstündə və meydanda qədim tariximizi xatırladan qılınc və qalxanlı döyüşçülər mərasimə xüsusi əzəmət qatıb. Dədə Qorqud xeyir-dua verərək, Bahar bayramının xalqımıza ruzi-bərəkət gətirməsini arzulayıb.
Milli geyimli uşaqların meydanda rəqsi, incəsənət ustalarının baharı, Azərbaycanı tərənnüm edən mahnıları bayram şənliyinin iştirakçılarında xoş ovqat doğururdu.
Prezident İlham Əliyev Novruz tonqalını alovlandırıb. Sonra dövlət başçısı və xanımı Dənizkənarı Milli Parka gəliblər.
Prezident bayram şənliyində nitq söyləyib. Dövlət başçısı xalqımızı təbrik edərək Novruzun bütün dövrlərdə hər bir Azərbaycan ailəsində bayram edildiyini, artıq 20 ildən çoxdur ki, dövlət səviyyəsində qeyd olunduğunu vurğulayıb: “Azərbaycan xalqı öz milli-mənəvi dəyərlərinə həmişə sadiq olub. Bu gün Azərbaycan bütün istiqamətlər üzrə uğurla inkişaf edir. Milli-mənəvi dəyərlər bizim üçün əsas məsələdir. Bizim gənc nəsil bu dəyərlər üzərində - milli ruhda, vətənə bağlı böyüməlidir”.
Azərbaycanın müstəqil dövlət kimi kifayət qədər nailiyyətlər əldə etdiyini deyən dövlət başçısı müstəqilliyin ilk illərinin ölkəmiz üçün ağır keçdiyini, yalnız ulu öndər Heydər Əliyevin rəhbərliyə gəlişi ilə ölkədə sabitliyin yarandığını xatırladıb. Prezident dövlətin ideoloji dayağının azərbaycançılıq məfkurəsi üzərində qurulduğunu vurğulayıb.
“Siyasi müstəqillik iqtisadi müstəqillik üzərində bərqərar olur” deyən dövlət başçısı iqtisadi uğurlarımızdan danışıb, dünya üçün böhranlı illərdə belə Azərbaycanın inkişaf dinamikasının davamlı olduğunu, düşünülmüş islahatların bəhrəsini verdiyini bildirib. Bu gün Azərbaycanın iştirakı olmadan bölgədə hər hansı təşəbbüsün reallaşması mümkün deyil. Ölkəmiz dünyada etibarlı tərəfdaş kimi tanınır, Azərbaycanın müstəqil siyasəti dünya birliyi tərəfindən qəbul edilir. BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olan Azərbaycanın enerji diplomatiyası da uğurludur.
Prezident İlham Əliyev çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunub. Münaqişənin Ermənistanın qeyri-konstruktiv mövqeyi nəticəsində həllini tapmadığını deyən dövlət başçısı Azərbaycanın bütün imkanlardan istifadə edərək məsələnin tezliklə həll olunmasına çalışacağını vurğulayıb: “Azərbaycanla rəqabət aparmaq üçün Ermənistanın nə imkanı, nə insan resursları, nə də iradəsi var”.
Ölkə başçısı paytaxtımızda və regionlarda aparılan quruculuq işlərindən danışıb, bu gün Bakının ən mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini vurğulayıb.
* * *
Daha sonra dövlət başçısı və xanımı bayram konsertinə baxıblar. Dənizkənarı Milli Parkda nümayiş etdirilən Azərbaycan xalçalarının nümunələri ilə tanış olublar.
Novruz bayramının əsas qəhrəmanları olan Keçəl və Kosanın çıxışı şənliyə xüsusi rəng qatıb. Kosa və Keçəl Prezidenti və xanımını bayram münasibətilə təbrik ediblər.
Azərbaycan Qol Güləşi Federasiyasının üzvlərinin çıxışları diqqətlə izlənilib. Prezident İlham Əliyev Federasiyanın xatirə kitabına ürək sözlərini yazıb.
Azərbaycan Prezidenti və xanımı manqalda bişirilən kababın dadına baxıblar. Ulu babalarımızdan bugünkü nəslə yadigar qalan qədim el sənətlərinin nümayiş olunduğu mərasimdə, həmçinin Novruz bayramının rəmzi olan müxtəlif şirniyyat nümunələri də təqdim edilib. Prezident İlham Əliyev və Mehriban xanım Əliyeva bayram şirniyyatları ilə çay içiblər.
Milli Parkda təşkil edilən “Şərq bazarı” bayram şənliyinə xüsusi çalar qatıb. Ölkəmizin müxtəlif bölgələrini təmsil edən özfəaliyyət kollektivlərinin çıxışları və hazırlanmış sənətkarlıq nümunələri maraqla qarşılanıb. Bir tərəfdə isə gənc pəhləvanlar xalça üzərində qurşaq tutur, idmançılar məharətlərini göstərirdilər.
Dövlətimizin başçısı və xanımı zorxana güləşçiləri ilə xatirə şəkli çəkdiriblər.
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Leyla Əliyeva və şənliyin digər iştirakçıları bu səhnələri maraqla izləyib, qədim el sənətlərinin nümunələrinə baxıblar.
Dövlət başçısı və xanımı bərəkətli Azərbaycan torpağında yetişdirilmiş məhsulların bayram şənliyi çərçivəsində təşkil edilmiş sərgisi ilə də tanış olublar. Burada müxtəlif rayonlardan gətirilmiş Novruz mətbəxinin nümunələri nümayiş olunub.
Azərbaycan Prezidenti onun pişvazına və bayram gəzintisinə çıxmış Bakı sakinlərinə və paytaxtımızın qonaqlarına Novruz münasibətilə bir daha xoş arzularını yetirib.
Novruz bayramı münasibətilə keçirilən şənliklərdə Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər iştirak ediblər.
* * *
Novruz xalqımızın tarixi yaddaşından süzülüb gələn ənənələri yaşadan, keçmişimizi və gələcəyimizi bir-biri ilə bağlayan bayramdır. Elə bu səbəbdəndir ki, sovet hakimiyyəti illərində həyata keçirilən siyasət milli-mənəvi dəyərlərimiz kimi, Novruzu da Azərbaycan xalqının şüurundan silə bilməyib. Xalqımız özünün milli və tarixi ənənəsinə çevrilən Novruzu həmişə olduğu kimi, bu il də böyük sevinclə qarşılayır. Yazın gəlişi, təbiətin, oyanışı, gecə ilə gündüzün bərabərləşdiyi bir günlə bağlı olan bu bayram Azərbaycan xalqının milli düşüncəsi və milli ruhunu özündə əks etdirir. Odur ki, xalqımız durduqca Novruz adət-ənənələri, onun yaratdığı mədəni sərvətlər də bizimlə olacaq. Çünki Novruz bayramı dərin milli köklərə, zəngin adət-ənənələrə malik olmaqla xalqımızın ictimai və mənəvi həyatında əhəmiyyətli hadisədir. Novruz həm də xalqımızın milli həmrəyliyinin rəmzidir.
2010-cu ildə BMT-nin qərarı ilə Novruz beynəlxalq bayram elan olunub. Bu, böyük bir coğrafi məkanda yaşayan 200 milyondan çox insanın milli-mənəvi yaddaşına dünyanın ən mötəbər qurumu səviyyəsində verilən dəyərin təzahürü idi. Qədim tarixə malik Novruz həm də əcdadlarımızın bizə töhfəsi, onlardan qalan mirasdır. Tarixən milli düşüncə tərzinin və məfkurəsinin formalaşmasında, insanların yüksək əxlaqi dəyər və normalar çərçivəsində yaşamasında böyük rol oynayan Novruz özündə paklığı, mühüm insani dəyərləri tərənnüm edir, varlığın yenidən canlanmasını müjdələyir, sabaha, gələcəyə ümidlərimizdən xəbər verir.