Martın 27-də BMT-nin Cenevrə şəhərindəki bölməsinin baş qərargahında Azərbaycan, Əfqanıstan, İran, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan, Türkmənistan və Türkiyənin qurumdakı daimi nümayəndəliklərinin təşkilatçılığı ilə “Beynəlxalq Novruz Günü” adlı tədbir keçirilib.
   
   Qeyd edək ki, “Beynəlxalq Novruz Günü” tədbiri BMT-nin Cenevrə şəhərindəki qərargahında - Millətlər Sarayında hər il ənənəvi olaraq, BMT-nin Cenevrə bölməsi ilə birlikdə təşkil olunur. 2013-cü ildə Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyi tədbirin keçirilməsində əsas təşkilatçı qismində çıxış edib.
   Tədbirin açılış mərasimində Azərbaycanın mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva və BMT-nin Cenevrə bölməsinin rəhbəri Kasımcomərt Tokayev çıxış edərək, Novruz bayramının adət və ənənələrinin dünya mədəni irsinin mühüm tərkib hissəsi olduğunu vurğulayıblar. Nazir müavini çıxışında 3 min ildən çox tarixə malik olan Novruz bayramının bu gün Qafqazda, Balkanlarda, Mərkəzi Asiyada, Qara dəniz hövzəsində, Yaxın Şərqdə 300 milyondan çox insan tərəfindən hər bir xalqın öz milli adət-ənənələrinə uyğun olaraq qeyd edildiyini diqqətə çatdırıb. BMT Baş Assambleyasının qərarı ilə 2010-cu ildən başlayaraq 21 mart tarixinin Beynəlxalq Novruz Günü kimi qeyd olunduğu, 2009-cu ildə isə Novruzun UNESCO-nun qeyri-maddi mədəni irsin reprezentativ siyahısına daxil edildiyi və bu bayramın xalqlarımızın mədəni dəyəri kimi qorunmasının vacibliyi qeyd olunub.
   “Beynəlxalq Novruz Günü” tədbiri çərçivəsində Azərbaycanın daimi nümayəndəliyi tərəfindən ölkəmizin tarixi, mədəniyyəti və incəsənətinə dair foto və video sərgi, milli yeməklərdən ibarət xüsusi guşə təşkil olunub, “Bakı” və “İrs” jurnallarının nüsxələri və digər materiallar təqdim edilib. Azərbaycandan dəvət edilmiş milli musiqi instrumental ansamblının ifasında xalq mahnıları və muğamlar səsləndirilib. Tədbir iştirakçıları daimi nümayəndəliyimiz tərəfindən xonçalarda təqdim edilmiş şirniyyat və milli mətbəx nümunələrindən ibarət sərgiyə böyük maraq göstəriblər.
   Həmin gün BMT-nin Cenevrə bölməsinin baş qərargahında “Azərbaycan Mədəniyyət Gecəsi” təşkil olunub. Tədbirin açılışında Azərbaycanın mədəniyyət və turizm nazirinin müavini S.Məmmədəliyeva və BMT-nin Cenevrə bölməsinin rəhbəri K.Tokayev çıxış ediblər. Natiqlər çıxışlarında Azərbaycan mədəniyyətinin dünya mədəni irsinə verdiyi töhfələrdən bəhs ediblər. K.Tokayev tədbirin təşkilinə görə Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyinə minnətdarlığını ifadə edib.
   Gecədə ölkəmizin musiqiçilərinin ifasında muğamlardan parçalar, milli musiqi əsərləri və xalq mahnılarından ibarət möhtəşəm konsert proqramı keçirilib. 







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar