Azərbaycan nümayəndə heyəti Türkmənistanda bayram tədbirlərində iştirak edib
   
   Mərkəzi Asiyadan Balkanlara, Qafqazdan Yaxın Şərqədək geniş coğrafiyada xalqların milli-mədəni irsini, mənəvi dəyərlərini yaşadan Novruz bayramı hər il müxtəlif ölkələrdə geniş şəkildə qeyd olunur.
   
   Əcdadlarımızdan bizə miras qalan Novruz bu gün artıq ümumbəşəri bayrama çevrilib. Təsadüfi deyil ki, 2009-cu ildə UNESCO tərəfindən bu bayram çoxmillətli irs kimi “Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısı”na daxil edilib, 2010-cu ildə BMT Baş Assambleyası tərəfindən 21 mart - Beynəlxalq Novruz Günü statusu qazanaraq dünya bayramları arasında öz layiqli yerini tutub.
   Azərbaycanda Novruz şənlikləri hər il yüksək səviyyədə qeyd olunur, eyni zamanda ölkəmizin nümayəndə heyəti digər ölkələrdə keçirilən tədbirlərdə də fəal iştirak edir. Novruzun geniş şəkildə, böyük təntənələrlə bayram edildiyi ölkələrdən biri də qardaş Türkmənistandır. Artıq bir neçə ildir ki, Türkmənistan Prezidenti Qurbanqulu Berdımuhəmmədovun təşəbbüsü ilə bu ölkədə beynəlxalq Novruz bayramı qeyd olunur.
   Martın 20-22-də Türkmənistanın Axal vilayətində - Kopetdağın ətəklərində keçirilən Novruz tədbirləri də möhtəşəmliyi ilə yadda qaldı. Tədbirlərdə Azərbaycanı Baş nazirin müavini Elçin Əfəndiyevin rəhbərliyi ilə geniş nümayəndə heyəti təmsil etmişdir. Nümayəndə heyətinə Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları, Azərbaycan Dövlət Filarmoniyasının Dövlət Mahnı və Rəqs Ansamblının üzvləri, digər şəxslər daxil idi.
   Beynəlxalq Novruz bayramına həsr olunmuş silsilə tədbirlərə həmçinin BMT Baş katibinin müavini, BMT-nin Cenevrə bölməsinin Baş direktoru Kasımcomərt Tokayev, Əfqanıstan Prezidenti Həmid Kərzayi, İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejat, Pakistanın dövlət başçısı Asif Əli Zərdari, Tacikistan Prezidenti Emoməli Rəhmon, Tatarıstan (Rusiya Federasiyası) Prezidenti Rüstəm Minnixanov, Qazaxıstan Məclisinin vitse-spikeri Kabibulla Cakupov, Türkiyənin energetika və təbii ehtiyatlar naziri Taner Yıldız, Qırğızıstanın mədəniyyət, informasiya və turizm naziri Sultan Rayev və bu ölkələrin bədii kollektivləri qatılmışdılar.
   Martın 20-də nümayəndə heyətlərinin rəhbərləri ilə Türkmənistan Prezidentinin təkbətək görüşləri olmuş, bu bayramı qeyd edən xalqların mədəniyyətlərinin inteqrasiyası ətrafında fikir mübadiləsi aparılmışdır.
   Bu ərəfədə Kopetdağın ətəyində nəhəng Novruz tonqalı yandırılmaqla bayram şənliklərinin keçirilməsinə başlanılmışdır. Mərasimdə iştirakçı ölkələrin bədii kollektivləri tonqal ətrafında öz milli rəqslərini nümayiş etdirmişlər.
   Növbəti gün - martın 21-də daha geniş bayram şənliklərinə start verilmişdir. Belə ki, Kopetdağın ətəyində gözoxşayan, çoxsaylı çadırlar qurulmuş, sanki beynəlmiləl bir kənd yaradılmışdır. Burada birlikdə nümayiş etdirilən müxtəlif xalqların adət-ənənələri, maddi və qeyri-maddi mədəni irs nümunələri bayram ab-havasına xoş ovqat qatmışdır.
   Dövlət və hökumət başçıları Türkmənistanda yetişdirilən məhsulların sərgiləndiyi, səhnələşdirilmiş “Şərq bazarı” ilə, daha sonra bu ölkənin tətbiqi sənət ustalarının əl işləri, o cümlədən qadınların hazırladığı toxuculuq məmulatları, türkmən milli mətbəxi ilə tanış olmuş, atüstü oyunları, qoç və xoruzların döyüşlərini izləmişlər.
   Türkmən xalçaları və onların hazırlanma prosesinin nümayişi də qonaqlar tərəfindən maraqla qarşılanmışdır.
   Azərbaycan üçün qurulmuş çadırın tərtibat işləri yüksək səviyyədə həyata keçirilmiş, həmçinin çadırın ətrafında Azərbaycan sənətkarlığının, milli geyimlərimizin və s. nümayiş olunduğu pavilyon hazırlanmışdır. Pavilyonda quraşdırılmış monitorda Azərbaycanda Novruz bayramı ilə əlaqədar keçirilən tədbirlər, həmçinin mədəniyyət, incəsənət və turizmlə bağlı videoroliklər nümayiş etdirilmişdir.
   Azərbaycan pavilyonunun qarşısında təşkil edilmiş milli mətbəx nümunələrinin (plovlar, Novruz şirniyyatları və s.) sərgisi, həmçinin incəsənət ustalarımızın çıxışları böyük marağa səbəb olmuşdur.
   Prezidentlər və rəsmi şəxslər tədbirdə iştirak edən bütün ölkələrin pavilyonlarına baş çəkmiş, onlara nümayiş olunan sənətkarlıq və mətbəx nümunələri, həmçinin bu ölkələrdə Novruz bayramının keçirilməsi barədə məlumat verilmişdir.
   Türkmənistan Prezidenti adından verilən, dövlət və hökumət başçıları, ümumilikdə min nəfərdən çox rəsmi nümayəndə və ictimai xadimin qatıldığı ziyafətdə də Novruz bayramı qeyd edilən ölkələrin kollektivləri, habelə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının artistləri maraqlı konsert proqramı ilə çıxış etmişlər.
   Ziyafətdən sonra ölkəmizin pavilyonuna yaxınlaşan Azərbaycan Respublikası Baş nazirinin müavini Elçin Əfəndiyev burada nümayiş olunan eksponatlar, sənətkarlıq və milli mətbəx nümunələri ilə ətraflı tanış olmuş, görülmüş işləri yüksək qiymətləndirmişdir.
   Martın 22-də ifaları bəyənilən və fərqlənən bir sıra ölkələrin bədii qruplarının, o cümlədən Azərbaycan kollektivinin iştirakı ilə Axal vilayətində qurulmuş böyük səhnədə ortaq konsert proqramı təqdim olunmuşdur.
   Bayram çərçivəsində Azərbaycan pavilyonu, habelə Azərbaycan Dövlət Filarmoniyası solistlərinin, musiqiçilərinin və rəqs qrupunun çıxışları böyük maraqla qarşılanmış və tədbirin ən diqqətəlayiq ifalarından biri kimi qiymətləndirilmişdir.
   Tədbir günlərində Azərbaycan nümayəndə heyətinin üzvləri tərəfindən televiziyalara müsahibələr verilmiş və Novruz bayramının əhəmiyyəti, mədəniyyətlərarası dialoq, ortaq mədəni irsimizin təbliği barədə fikirlər bildirilmişdir.
   Qeyd olunmalıdır ki, son illər təşkil edilən belə yüksək səviyyəli tədbirlərdə iştirak Azərbaycan-Türkmənistan mədəni əlaqələrinə öz müsbət töhfəsini verməkdədir.
   
   Fikrət Babayev,
   Vüqar Məmmədov







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar