Martın 22-də ölkəmizin Özbəkistandakı səfirliyinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Novruz şənliyi keçirilib.
Səfirlik və Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə gerçəkləşən tədbirdə Özbəkistanda fəaliyyət göstərən xarici ölkə diplomatları, ziyalılar, Azərbaycan diasporunun nümayəndələri, yerli əhali iştirak edib. Mədəniyyət Mərkəzinin həyətində təşkil edilən şənlikdə süfrələr Novruz şirniyyatları ilə bəzədilib.
Tədbirdə çıxış edən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov bütün iştirakçıları Şərq xalqlarının gözəl bayramı - Novruz münasibətilə təbrik edib. Novruzla bağlı Mədəniyyət Mərkəzi tərəfindən keçirilən silsilə tədbirlər barədə məlumat verən S.Abbasov bayram şənliyinin keçirilməsində göstərdiyi dəstəyə görə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə minnətdarlığını bildirib.
Ölkəmizin Özbəkistandakı səfiri Hüseyn Quliyev iştirakçılara təbriklərini çatdıraraq yüzilliklər boyu xalqımızın ən əziz bayramlarından olmuş Novruzun Azərbaycan dövləti tərəfindən daim yüksək səviyyədə qeyd olunduğunu bildirib.
Azərbaycan diasporunun rəhbəri Mobil Məmmədov da təbrik çıxışı edib.
Sonra tədbirin bədii hissəsi başlanıb. Novruz şənliyində Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Daşkəndə getmiş incəsənət ustaları Elnarə Abdullayeva, Aşıq Əli, Valid Abdullayev və digər sənətçilər çıxış ediblər. İfaçılar çoxsaylı tamaşaçı kütləsinin alqışları ilə qarşılanıb.
Mədəniyyət Mərkəzinin zalında Özbəkistanda fəaliyyət göstərən xarici ölkə səfirləri və mədəniyyət müşavirlərinin iştirakı ilə Novruz ziyafəti də təşkil olunub.
Tədbir “Uzbekistan TV" kanalında, yerli mətbuatda işıqlandırılıb.