Prezident İlham Əliyev tarix-memarlıq qoruğunda yaradılan şəraitlə tanış olub
   
   Martın 29-da Prezident İlham Əliyev paytaxtın Suraxanı rayonu ərazisindəki “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunda aparılan bərpa və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub.
   
   Dövlətimizin başçısına və xanımına məlumat verilib ki, ölkəmizdə milli-mənəvi dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində mühüm layihələr həyata keçirilir. Prezident İlham Əliyevin tapşırıqlarına əsasən tarix və mədəniyyət abidələrinə dövlət səviyyəsində diqqət və qayğı gündən-günə artır. Dövlət başçısının bununla bağlı imzaladığı fərman və sərəncamlar, aparılan məqsədyönlü siyasət və Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən layihələr nəticəsində bir sıra abidələrimizin UNESCO-nun mədəni irs siyahısına daxil edilməsi, qədim tariximizi yaşadan məbədlərin təmir və bərpası, bölgələrdə aparılan genişmiqyaslı arxeoloji ekspedisiyalar bunun ən yaxşı göstəricisidir.
   Azərbaycanın maddi mədəniyyət abidələri sırasında Bakının Suraxanı rayonunda yerləşən, XVII-XVIII əsrlərə aid Atəşgah məbədinin özünəməxsus yeri var. Abidə UNESCO-nun “Dünya irsinin siyahısı”na daxil edilməsi məqsədilə gözləmə siyahısına təqdim olunub. Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2007-ci il tarixli sərəncamı ilə abidənin ərazisi “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu elan edilib və qoruq Mədəniyyət və Turizm Nazirliyinin tabeliyinə verilib. Ölkə başçısının “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunun mühafizəsinin təmin olunması və maddi-texniki təminatı barədə” sərəncamına əsasən isə 2009-cu ilin iyul ayından etibarən genişmiqyaslı bərpa və konservasiya, elmi-tədqiqat, abadlaşdırılma işləri həyata keçirilib.
   Qoruğun sahəsi 4,2 min kvadratmetrdən 15 min kvadratmetrə qədər genişləndirilib. Məbədlə həmahəng inşa olunan əsas binada idarə, muğam evi, dəmirçi kürəsi, dəmirçi emalatxanası, mis və çini qablar, taxta üzərində oyma, xalça, kəlağayı və həsir toxuma emalatxanaları, suvenirlər və rəsm qalereyası fəaliyyət göstərəcək.
   Xüsusi memarlıq üslubunda yaradılan muzeydə Abşeron yarımadasının mədəni irsinə aid memarlıq və arxeoloji abidələrinin nümunələrindən ibarət ekspozisiya təqdim olunub. Muğam evində isə ziyarətçilərin istirahətinin yüksək səviyyədə təşkili məqsədilə ayrıca guşə yaradılıb. Burada Azərbaycan muğamının təbliği məqsədilə müxtəlif konsertlərin təşkili də nəzərdə tutulub.
   Qoruqda kütləvi tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılıb, müasir işıqlandırma sistemi qurulub.
   Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Atəşgah məbədi abidəsində görülən bərpa işləri ilə tanış olub. Diqqətə çatdırılıb ki, indiki məbəd atəşpərəstlərin-zərdüştlərin qədim məbədlərinin qalıqları üzərində XVIII əsrdə tikilib. XVII əsrdə məbədin ətrafında bir-birinin yanında ibadətxana, 24 hücrə və karvansara inşa edilib. Məbədə gələn zəvvarlar burada istirahət imkanı da əldə ediblər. XVIII əsrin əvvəlində məbəd artıq bizim dövrə gəlib çıxdığı şəkli alıb.
   Bildirilib ki, beşkünc planda tikilmiş abidənin həyətində mərkəzi səcdəgahın yuxarısı günbəzlə tamamlanan dördkünc tikili ucalır. Giriş portalının üstündə Abşeronda ənənəvi olan qonaq otağı - “Balaxana” yerləşir. Azərbaycan memarlığının elementlərini özündə əks etdirən bu tikili özündə qədim od səcdəgahlarının elementlərini qoruyub saxlayıb. Məbədin ən erkən tikilisi olan karvansara 1713-cü ilə aiddir, üstündə qədim sanskrit dilində yazı var.
   Bərpa-tikinti işlərinin yekunlaşması nəticəsində istifadəyə veriləcək “Atəşgah məbədi”nin hücrələrində müasir texnologiyalarla təchiz edilmiş yeni ekspozisiyaların bədii tərtibatı üzrə layihə hazırlanır.
   Dövlət başçısı Atəşgah məbədinin XIX əsrdə çəkilən şəkillərinə, bərpadan əvvəlki və sonrakı görüntülərini əks etdirən fotostendlərə, qoruq ərazisində yaxın gələcəkdə görüləcək işlərin eskiz layihələrinə baxıb.
   Görülmüş işlərdən razılığını bildirən Prezident İlham Əliyev müvafiq tapşırıq və tövsiyələrini verib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar