31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı Kürdəmir rayonunda keçirilən tədbirdə Əməkdar mədəniyyət işçisi, şair-dramaturq İftixarın “Soyqırımı tarixinin dastanı” adlı yeni kitabının təqdimatı keçirilib.
Tədbirdə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı İrşad Əliyev, Türkiyədə fəaliyyət göstərən Uluslararası Azərbaycan Kültür, Dil, Tarix Araşdırma Mərkəzinin rəhbəri Seyfəddin Ayakyay, şair-dramaturq İftixar, ictimaiyyət nümayəndələri, ziyalılar iştirak ediblər.
Kürdəmir Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Vaqif Alıyev ilk olaraq yeni nəşr haqqında, onun yüksək ideya dəyərləri barədə məlumat verib. Çıxış edənlər tarixi faciələrimizi özündə əks etdirən əsərin məziyyətləri haqqında fikirlərini söyləyiblər. Rayon İcra Hakimiyyəti başçısının ictimai-siyasi və humanitar məsələlər üzrə müavini Əbülfət Mikayılov, tarix müəllimi Ağaməhəmməd Hacıyev, Heydər Əliyev Mərkəzinin direktoru Dürriyə Seyidova, Sor-sor kənd tam orta məktəbinin direktoru Zeynal Səfərov, Xırdapay kənd orta məktəbinin direktoru İnqilab Rəsulov, rayon Təhsil Şöbəsinin əməkdaşı Natiq Tarverdiyev və digərləri 31 mart - Azərbaycanlıların Soyqırımı Gününün tarixi mahiyyətindən söz açaraq təqdim olunan kitabın bu mövzuda dəyərli mənbə olduğunu qeyd ediblər.
Türkiyəli qonaq Seyfəddin Ayakyay çıxış edərək tarixi soyqırımı hadisələrinin bütün türk dünyasının ağrı-acısı, kədəri olduğunu vurğulayıb, bu istiqamətdə Türkiyə-Azərbaycan birgə mübarizəsinin əhəmiyyətindən danışıb.
Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı İrşad Əliyev ermənilərin zaman-zaman xalqımıza qarşı yürütdükləri soyqırımı və etnik təmizləmə siyasətini ifşa edən belə bir sanballı əsəri ərsəyə gətirdiyinə görə müəllifə minnətdarlığını bildirib.