Bakıda keçirilən «AİTF-2013» çərçivəsində bir sıra görüşlər keçirilib.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin Ukraynanın Krım Muxtar Respublikasının turizm və kurortlar naziri Aleksandr Liyevlə görüşündə iki ölkə arasında əlaqələr, bu əməkdaşlığın inkişaf perspektivləri müzakirə olundu.
Əbülfəs Qarayev həmkarına ölkəmizin turizm imkanları, yeni qurulan infrastruktur, tikilən hotellər, həyata keçirilən layihələr, müalicəvi turizm məkanları haqqında geniş məlumat verdi. Azərbaycanın turizmin inkişaf etdiyi bütün ölkələrlə əməkdaşlıqda maraqlı olduğunu diqqətə çatdırdı.
Aleksandr Liyev bildirdi ki, Krım Qara dəniz regionunda ən böyük kurort regionudur. Burada 560 sanatoriya fəaliyyət göstərir: «Ötən il Azərbaycandan Krıma 20 min turist gəlib ki, onların təxminən 70%-i müalicə turizmi ilə bağlı səfər edənlərdir”.
A.Liyev həmçinin Krımdan Azərbaycana turist axınının təşkilini təklif edib və bildirib ki, Krım-Tatar İcmasına 400 min nəfər daxildir: «Biz Azərbaycanın «SilkWay Travel» şirkəti ilə onların Naftalan regionuna gəlməsinin təşkili istiqamətində danışıqlar aparırıq. Belə ki, Naftalanda olan müalicəvi vannalar Krım kurortlarında mövcud deyil».
* * *
Əbülfəs Qarayevin Rusiya Federasiyası Stavropol bölgəsinin turizm və kurortlar naziri Valentina Vladimirovna Çentsova ilə görüşündə ikitərəfli turizm əlaqələrinin genişləndirilməsi üçün münbit şərait olduğu vurğulandı. V.Çentsova Stavropolla Bakı arasında təxminən 1 saatlıq təyyarə yolu olduğunu diqqətə çatdırdı: “AİTF sərgisində iştirak edirik. Azərbaycanla daha yaxın əlaqələr qurmaq niyyətindəyik. Hazırda Stavropol bölgəsində yüzlərlə kurort fəaliyyət göstərir. Bu kurortlarda dincələn azərbaycanlıların sayının artmasını istəyirik. Bu il «Qafqaz mineral suları»nın 210 ili tamam olur. Bu münasibətlə keçiriləcək tədbirdə azərbaycanlı həmkarımı görməkdən məmnunluq duyacağıq”.
Mədəniyyət və turizm naziri dəvətə görə təşəkkür edərək Rusiya ilə Azərbaycan arasında mədəniyyət sahəsində əlaqələrin tarixi köklərinin olduğunu, bu əlaqələrin turizm sahəsində də inkişaf etdirməyin vacibliyini vurğuladı.
Əbülfəs Qarayev gələn il Rusiya-Azərbaycan turizm forumunun keçiriləcəyinin planlaşdırıldığını da diqqətə çatdırdı. Tərəflər arasında bu ilin sentyabrında Stavropolda Azərbaycanın turizm potensialının geniş təqdimatının keçirilməsi ilə bağlı razılıq əldə olundu.
Fəxriyyə