Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan kitabxana, muzey və təhsil müəssisələrində iş mühitinin təkmilləşdirilməsinə dair “Microsoft Azərbaycan” şirkətinin təqdimatı
Aprelin 9-da M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “Kitabxana və muzeylərdə informasiya-kommunikasiya texnologiyalarından (İKT) istifadənin genişləndirilməsi və turizm və mədəniyyət təhsilində texnologiyaların tətbiqi” mövzusunda dəyirmi masa keçirildi. Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, nazir müavinləri, nazirliyin məsul işçiləri, elm və təhsil müəssisələri, kitabxana və muzeylərin rəhbərləri, İKT mütəxəssisləri iştirak edirdilər.
Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə 2013-cü ilin ölkəmizdə “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan olunduğunu və Tədbirlər Planının təsdiq edildiyini diqqətə çatdırdı. Nazir kitabxana və muzeylərdə, həmçinin insanların toplu halında olduğu yerlərdə internet sisteminin qurulması, informasiyanın yayılması istiqamətində tədbirlərin həyata keçirilməsinin vacibliyindən danışdı. Bildirildi ki, bu sektorda çalışan işçilərin maarifləndirilməsi, müvafiq imtahanların keçirilməsi və verilmiş biliklərin mənimsənilmə səviyyəsinin yoxlanılması məqsədilə işlər görülməlidir.
Sonra Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan kitabxana, muzey və təhsil müəssisələrində iş mühitinin təkmilləşdirilməsinə dair “Microsoft Azərbaycan” şirkətinin təqdimatı keçirildi.
“Microsoft Azərbaycan” şirkətinin dövlət qurumları ilə iş üzrə departamentinin direktoru Eldar Cahangirov bildirdi ki, təqdimatın məqsədi müasir tələblərə cavab verən fəaliyyət mühitinin yaradılması ilə Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan kitabxana, muzey və təhsil müəssisələrində işin səmərəliliyinin artırılmasıdır. Bildirildi ki, Azərbaycanda kitabxana və muzey sistemində korporativ ünsiyyət mühitinin yaradılması üçün Microsoft Office365 (www.office365.com) proqramı hazırlanıb. Kitabxana və muzeylərə pulsuz təqdim olunan proqram fərdi e-poçt, təqvim, fayl paylaşma, onlayn konfrans xidmətlərini əhatə edir. Proqramın tətbiqi nəticəsində ölkə üzrə fəaliyyət göstərən bütün kitabxanaçı və muzey işçiləri arasında virtual ünsiyyət mühiti yaranacaq, məlumat və təcrübə mübadiləsi sürətlənəcək.
Qeyd olundu ki, Azərbaycan kitabxanaçıları və muzey işçilərinin peşəkarlığının artırılması sisteminin inkişafına dair Microsoft İT Academy (www.microsoft.com/itacademy/ və onlayn konfrans vasitəsilə sertifikatlaşdırılmış “Microsoft” təlim kurslarının təşkili mümkündür. Həmçinin kitabxana və muzey işçiləri peşəkarlığı artırma sistemi çərçivəsində xüsusi kitabxana və muzey proqramları, elektron idarəetmə və digər sahələr üzrə peşəkar tədris və təlimat əldə edə bilərlər. Kitabxana və muzeylərdə informasiya texnologiyaları sahəsində təhlükəsizliyin təmini üçün ilk növbədə bu qurumlarda proqram təminatının qanuni və orijinal versiyalarının istifadəsi zəruridir. Bununla bərabər, kitabxanaların mərkəzləşdirilmiş İT infrastrukturunun idarəetmə mexanizmlərinin (Microsoft SystemCenter) və təhlükəsizlik meyarlarının işlənilməsi məqsədəuyğundur.
Azərbaycan Turizm İnstitutu və nazirliyin tabeliyində olan peşə məktəblərində informasiya texnologiyaları təhsilinin təkmilləşdirilməsi üçün Microsoft İT Academy proqramının daha əhatəli tətbiqi tələbələrin bu sahədə də peşəkar biliklər əldə etmələrinə imkan yaradacaq. “Microsoft Dreamspark” layihəsində İT Academy çərçivəsində təhsil alan tələbələr və tədris edən müəllimlər üçün ən son proqram təminatı nəzərdə tutulub.
“Microsoft Azərbaycan” şirkətinin təqdimatından sonra mövzu ilə bağlı fikir mübadiləsi aparıldı.