Bakıda Dünya İqtisadi Forumu keçirilib
Son illərdə bir sıra mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edən Bakı bu günlərdə yenidən dünyanın gündəminə gəlib. Aprelin 8-də paytaxtımızda “Cənubi Qafqazın və Mərkəzi Asiyanın gələcəyi ilə bağlı strateji dialoq” mövzusunda Dünya İqtisadi Forumu (Davos Forumu) keçirilib. Tədbirə Litva və Albaniyanın baş nazirləri Alqirdas Butkeviçius və Sali Berişa, bir sıra ölkələrin nazirləri, hökumət təmsilçiləri, beynəlxalq təşkilatların nümayəndələri, ekspertlər qatılıblar.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Forumun açılışında iştirak ediblər.
Xatırladaq ki, tədbirin keçirilməsi barədə razılıq bu il yanvarın 23-də Azərbaycan Prezidenti İlham Əliyevin Davosda Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvab ilə görüşündə əldə edilmişdi. Açılış mərasimində çıxış edən Klaus Şvab Bakıda keçirilən Dünya İqtisadi Forumunun Cənubi Qafqaz və Mərkəzi Asiyanın gələcəyi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayaraq tədbirin yüksək səviyyədə təşkilinə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib. 20 il əvvəl Azərbaycanda olduğunu deyən K.Şvab ötən müddətdə ölkənin ciddi nailiyyətlər əldə etdiyini, Bakıda böyük dəyişikliklərin baş verdiyini diqqətə çatdırıb: “Forumun Azərbaycanda keçirilməsi bizim üçün qürurdur”.
Forumda çıxış edən Prezident İlham Əliyev müstəqilliyin ilk illərində ciddi böhran mərhələsindən keçən ölkəmizin 1994-cü ildən sonra uğurlu enerji siyasəti sayəsində əldə etdiyi nailiyyətlərdən danışıb. Hazırda ölkəmizin karbohidrogen ehtiyatlarının dünya bazarına çıxarılması üçün 7 marşrut mövcuddur. Enerji zənginliyinin insan kapitalına yatırıldığını, elm və təhsilə diqqət ayrıldığını vurğulayan Prezident bu ilin fevralında ölkəmizin peykinin uğurla orbitə buraxıldığını diqqətə çatdırıb. Avropa İttifaqı ilə enerji sahəsində uğurlu əməkdaşlıqdan danışan İlham Əliyev Mərkəzi Asiya ölkələri ilə Azərbaycan arasında gələcəkdə daha da sıx inteqrasiya qurmağın əhəmiyyətini vurğulayıb.
Qazaxıstan Baş nazirinin birinci müavini Bakıtjan Sağintayev bildirib ki, Orta Asiya və Cənubi Qafqaz regionunun əməkdaşlığı dünya səviyyəsində mühüm önəm kəsb edir. “Azərbaycanın inkişafı böyük təəssürat yaradır. Qardaş Azərbaycanın uğurları ilə fəxr edə bilərik”, - deyən Qırğızıstan Baş nazirinin birinci müavini Comard Otorbayev regionda inkişafa nail olmaq üçün əməkdaşlığın vacibliyini qeyd edib. Türkiyənin energetika və təbii ehtiyatlar naziri Taner Yıldız Bakı görüşünün əhəmiyyətini vurğulayaraq ölkəsinin regional inkişafa töhfə vermək istiqamətində həyata keçirdiyi tədbirlərdən danışıb.
Mövzu ilə bağlı müzakirələrdə Prezident İlham Əliyev Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi məsələsinin prioritet olduğunu vurğulayaraq qeyri-enerji sektorunda həyata keçirilən layihələrin əhəmiyyətindən söz açıb. Qeyd olunub ki, “Azərbaycan-2020” strateji inkişaf proqramı 8-9 ildə ölkədə ümumi daxili məhsulun həcminin iki dəfə artırılmasını nəzərdə tutur.
Həmin gün Bakıda keçirilən Dünya İqtisadi Forumunun yekun işçi şam yeməyi olub. Tədbirdə Litvanın Baş naziri Alqirdas Butkeviçius, Albaniyanın Baş naziri Sali Berişa Azərbaycanın qlobal enerji təhlükəsizliyindəki mühüm rolundan danışıblar.
Dünya İqtisadi Forumunun idarə heyətinin üzvü və icraçı direktoru Borge Brende Bakı Forumunun Cənubi Qafqaz və Mərkəzi Asiya regionları ölkələrinin iqtisadiyyatının çiçəklənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.