Yaradıcı ziyalıların Sabirabad rayon sakinləri ilə görüşündə ulu öndər Heydər Əliyevin tarixi xidmətlərindən söz açıldı
   
   Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illiyi bölgələrimizdə müxtəlif tədbirlərlə geniş qeyd edilir. Aprelin 9-da Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə yaradıcı ziyalıların Sabirabad rayon sakinləri ilə görüşü də ulu öndərin yubileyinə həsr olunmuşdu.
   
   Görüşdə Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov, Milli Məclisin deputatı, yazıçı-publisist Aqil Abbas, Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Nizaməddin Şəmsizadə, nazirliyin Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin Nəşriyyat sektorunun müdiri Çingiz Əlioğlu, İnformasiya və reklam sektorunun məsləhətçisi Faiq Xudanlı, ədəbiyyat, elm və mədəniyyət işçiləri, rayon ictimaiyyəti iştirak edirdi.
   Əvvəlcə iştirakçılar Heydər Əliyevin abidəsi önünə tər güllər düzərək xatirəsinə ehtiramlarını bildirdilər.
   Rayon Mədəniyyət evində təşkil olunan görüşdə böyük öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirin aparıcısı, tanınmış şair Çingiz Əlioğlu Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirin məqsədini diqqətə çatdırdı, Heydər Əliyevin Azərbaycan xalqı qarşısında tarixi xidmətlərindən danışdı. Qeyd olundu ki, ziyalılar ümummilli liderin dövlətçilik fəaliyyəti, ölkəmizin inkişafına verdiyi saysız töhfələrdən söz açmaq, dahi rəhbərlə bağlı xatirələrini bölüşmək üçün Sabirabad rayonu sakinləri ilə görüşə gəliblər.
   Ulu öndərin səsləndirdiyi “Azərbaycan dünyaya bir günəş kimi doğacaq” fikrini iştirakçılara xatırladan Çingiz Əlioğlu bu gün ölkəmizin sürətlə inkişaf etdiyini, iqtisadiyyatının daha da gücləndiyini, mədəniyyətimizin dünya miqyasında uğurla təbliğ olunduğunu vurğuladı.
   Qonaqları salamlayan Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov rayonda vaxtilə ulu öndərin rəhbərliyi ilə həyata keçirilən quruculuq işlərindən söz açdı. Bildirdi ki, ulu öndərimiz Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi kimi ilk dəfə Sabirabada 1969-cu ilin avqustunda səfər edib. Bundan sonra 1982-ci ilədək Heydər Əliyev 14 dəfə Sabirabadda olub və onun hər gəlişi yeni layihələrlə, müxtəlif obyektlərin açılışları ilə yadda qalıb. Həmin illərdə rayonda su kəməri və meliorasiya sistemi qurulub, qaz xətti çəkilib, Mədəniyyət sarayı, Rabitə evi tikilib, Kür çayı üzərində nəhəng körpü salınıb. Bundan əlavə, 5 istehsal müəssisəsi, 31 orta məktəb, 5 xəstəxana və 12 mədəniyyət obyekti, inzibati binalar, çoxmərtəbəli yaşayış evləri inşa edilib. Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi həmin illərdə digər bölgələrimiz kimi, Sabirabad rayonu da böyük inkişaf yolu keçib.
   N.İsmayılov rayon ziyalılarının həmişə regionun ictimai-siyasi həyatında fəal iştirak etdiyini, böyük tarixi şəxsiyyətlər, alimlər yetişdirdiyini vurğuladı: “Sabirabadlılar fəxr edirlər ki, Azərbaycanın xilaskarı dəfələrlə bizim rayonda olub. Bu gün onun başladığı yol, əsasını qoyduğu dövlətçilik kursu, ölkəmizin inkişafına xidmət edən ideyaları Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ulu öndər ruhən bizimlədir, onun ideyaları bizimlədir”.
   Sabirabadda dəfələrlə olduğunu deyən yazıçı-publisist, Milli Məclisin deputatı Aqil Abbas rayonun adının həmişə fəxrlə xatırlandığını bildirdi: “Sabirabad Azərbaycanın ən böyük kənd təsərrüfatı rayonlarından biridir. Azərbaycana şərəf gətirən bir rayondur. Sovet hakimiyyəti illərində Azərbaycan haqqında, respublikamızın inkişafı barədə xoş sözlər danışılanda bunun bir səbəbi də Sabirabad rayon camaatının əldə etdiyi nailiyyətlər idi. Ümummilli liderin dəfələrlə bu rayonda olduğu qeyd edildi. Buna adi bir hadisə kimi baxmaq olmaz. Bu, ulu öndərin regiona diqqətindən, qayğısından irəli gəlirdi”.
   Yazıçı qeyd etdi ki, Heydər Əliyev Azərbaycanın ən çətin günlərində xalqının daima yanında olub, həyatını xalqa həsr edib, onun rifahı üçün çalışıb. 1993-cü ildə hakimiyyətə qayıdan ulu öndər qətiyyət və iradəsi ilə ölkəni yox olmaq təhlükəsindən xilas edib.
   Heydər Əliyev həmişə Azərbaycan ziyalılarına dayaq olub: “O, yazarlara, elm, mədəniyyət işçilərinə dəstək olurdu ki, onlar bu milləti qorusunlar, mədəniyyətini, tarixini yaşatsınlar. Onlara öz sözlərini deməyə imkan yaradırdı. Müxtəlif vəzifələrə irəli çəkilməsinə, əməklərinin qiymətləndirilməsinə çalışırdı. SSRİ dövründə Azərbaycandakı sənət adamlarına, yazıçılara münasibət, diqqət digər respublikalardan seçilirdi. Müstəqillik əldə etməsindən sonra bir milyondan artıq qaçqın və məcburi köçkünü olan Azərbaycanda böyük miqyaslı işlər görmək, ölkəni inkişaf etdirmək böyük siyasi iradə tələb edirdi və ulu öndər bunu bacardı. O, sözün əsl mənasında, Azərbaycanın sərkərdəsi idi və xalqı inamla irəli aparırdı. Biz bu gün böyük fəxrlə ulu öndərin 90 illik yubileyini qeyd edirik. Gün gələcək Azərbaycan xalqı ulu öndərin 100, 500, 1000 illik yubileylərini qeyd edəcək”.
   Dövlət mükafatı laureatı, professor Nizaməddin Şəmsizadə yubiley tədbirlərinin regionlarda təşkilini əlamətdar hadisə kimi qiymətləndirdi, Heydər Əliyevin azərbaycanlıların qəlbində özünə əbədi abidə ucaltmış böyük bir şəxsiyyət olduğunu dedi: “Deyirlər ki, uca dağlar uzaqdan daha əzəmətli görünür. Zaman keçdikcə biz də onun şəxsiyyətinin böyüklüyünü və əzəmətini daha aydın görürük. Onun 1993-cü ildə hakimiyyətə qayıdışından sonra çox çətin vəziyyətdə olan Azərbaycan üçün, xalq üçün, millət üçün gördüyü işlərin şahidiyik. Həmin dövrdə o, xalqı bir yerə topladı. Belə bir dövrdə siyasi ehtirasların, Azərbaycanı bölmək istəyən insanların məkrli niyyətlərinin qarşısını almaq üçün böyük bir şəxsiyyət lazım idi. Və biz həqiqətən də xoşbəxtik ki, bütün təzyiqlərə baxmayaraq o, Azərbaycanı yox olmaq təhlükəsindən xilas etdi, ölkəmiz üçün böyük işlər gördü.
   1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması onun böyük xidmətlərindəndir. Bu, indi bizə adi tarixi fakt kimi görünə bilər, lakin həmin dövr olduqca çətin və mürəkkəb idi. Heydər Əliyevin böyük nüfuzu sayəsində müharibə vəziyyətində olan, yenicə müstəqillik əldə etmiş Azərbaycanla belə bir beynəlxalq kontrakt bağlandı. Bu, Azərbaycana inam yaratdı. Bütün bunlar Heydər Əliyevin böyük iradəsi sayəsində mümkün oldu. Və Azərbaycan dünyanın etimadını qazandı, ölkə inkişaf etdi. Azərbaycan indi bütün dünyada etibarlı tərəfdaş, böyük bir xalq, zəngin mədəniyyətə malik bir ölkə kimi tanınır”.
   Azərbaycan Yazıçılar Birliyi Qarabağ bölməsinin sədri, şair Ənvər Əhməd, “Ədəbiyyat qəzeti”nin şöbə müdiri, şair Adil Cəmil, gənc şair Qismət, Yazıçılar Birliyi Aran bölməsinin sədri Sərvaz Hüseynoğlu, Ziyalılar Cəmiyyəti rayon təşkilatının sədri Böyükağa Həmidov ulu öndərlə bağlı fikir və düşüncələrini bölüşdülər, onun ölkənin inkişafı üçün həyata keçirdiyi layihələrdən söz açdılar.
   Qeyd olundu ki, Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə Heydər Əliyev respublikanın bölgələrinə daim səfərlər edib, regionlarda gedən inkişaf prosesinə xüsusi diqqət ayırıb. Təsadüfi deyil ki, onun diqqəti və qayğısı nəticəsində müxtəlif bölgələrdə onlarla istehsal müəssisələri, mədəniyyət, elm, təhsil və s. obyektləri inşa olunub.
   O, şəxsiyyəti ilə də həmişə insanlara nümunə olub. İradəsi, möhkəm hafizəsi, qətiyyəti, istedadı ilə diqqəti cəlb edib. İxtisasca tarixçi olsa da, bütün sənətlərin sahibləri ilə öz dilində danışa bilirdi.
    Tədbirdə çıxış edən şairlər şeirlərini oxudular, yeni kitablarını iştirakçılara hədiyyə etdilər. Mədəniyyət və İncəsənət Universitetinin dosenti Nadir Hüseynov vətənə və xalqa həsr olunmuş şeirlər səsləndirdi. Nizami Gəncəvi adına məktəbin şagirdi Cəfər Sadiq böyük öndər haqqında şeir söylədi.
    Sonda söz musiqiyə verildi. 2011-ci ildə keçirilən II Respublika muğam müsabiqəsinin qalibi xanəndə Aytən Məhərrəmovanın, “Avrasiya səsləri” müsabiqəsinin qalibləri Ədalət Behbudov (tar), Pərviz Fərhadov (kamança), Ruhulla Dadaşovun (nağara) ifasında “Buludlar”, “Mehriban olaq” mahnıları, “Çahargah” muğamı alqışlarla qarşılandı.
   
   Ceyhun Zərbəliyev







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar