XIX əsrin sonu - XX əsrin əvvəlində Rusiya imperiyasında türk xalqlarının maariflənməsi, türkçülük ideyalarının təşəkkülündə mühüm rol oynamış “Tərcüman” qəzetinin nəşrə başlamasının 130 ili tamam olur. Aprelin 10-da Azərbaycan Mətbuat Şurasında bununla bağlı tədbir keçirildi.
   Mətbuat Şurasının sədri Əflatun Amaşov tədbiri giriş sözü ilə açaraq bildirdi ki, dövrünün görkəmli ziyalısı və naşiri İsmayıl bəy Qaspralı 1883-cü ildə “Tərcüman” qəzetinin əsasını qoyarkən Rusiya imperiyasında yaşayan türk və islam cəmiyyətini təhsildə, mədəniyyətdə islahata, müasirləşməyə istiqamətləndirmək istəyirdi. Onun qənaətinə görə, çağdaş dəyərlərə gedən ən kəsə yol təhsildən keçirdi.
   Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin professoru Şirməmməd Hüseynov çıxışında İ.Qaspıralının “Tərcüman” qəzetinin nəşrə başladığı 1883-cü il 10 aprel tarixini təsadüfən seçmədiyini bildirdi: “Həmin gün Krım vilayətinin Rusiya tərəfindən işğalının 100 illiyi tamam olub. Böyük naşir “Tərcüman” qəzeti ilə bu türk torpağını azadlığa hazırlamaq istəyirdi. Qəzet 1883-cü ildən 1905-ci ilədək iki dildə - türk-tatar və rus dillərində nəşr olunub. Qəzetin 1905-ci ildən sonra yalnız türk-tatar dilində buraxılması bu dildə anlayanların sayının çoxalması və İsmayıl bəy Qaspıralının söykəndiyi prinsiplərin həyata keçməsi ilə izah edilməlidir”.
   “Xalq qəzeti”nin baş redaktor müavini Tahir Aydınoğlu, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu İ.Qaspıralının yaradıcılıq fəaliyyətinin qayəsinin ortaq vahid türk dili ideyası təşkil etdiyini, “Tərcüman”ın türk xalqlarının mədəni yaxınlaşmasına töhfələr verdiyini vurğuladılar.
   BDU-nun jurnalistika fakültəsinin dekanı, professor Şamil Vəliyev bildirdi ki, “Tərcüman” qəzetinin milli özünüdərkə köklənməsi türk xalqlarının gələcəyi üçün baza rolunu oynadı. Hazırda türk dünyasının birləşməsi, vahid dilin yaradılması konsepsiyalarının ilk cücərtilərini də biz qəzetdə açıq-aydın görə bilirik.
   Qeyd edək ki, “Tərcüman” qəzetinin redaktoru və naşiri İ.Qaspıralı 1914-cü ilin sentyabrında dünyasını dəyişib. Qəzet isə onun ölümündən dörd il sonra fəaliyyətini dayandırıb.
   
   Savalan Fərəcov