Aprelin 10-da Cəlil Məmmədquluzadənin ev-muzeyində “Molla Nəsrəddin” jurnalının ilk nömrəsinin çapdan çıxmasının 107-ci ildönümünə həsr olunmuş tədbir keçirildi.
   
   “Molla Nəsrəddin və müasirləri” mövzusunda tədbiri muzeyin direktoru Pərixanım Mahmudova açaraq görkəmli yazıçı-dramaturq, publisist Cəlil Məmmədquluzadə və silahdaşlarının yaradıcılığından danışdı: “Böyük ədibin əsasını qoyduğu ilk satirik jurnalımız “Ey mənim müsəlman qardaşlarım, sizi deyib gəlmişəm!” şüarı ilə mətbuat tariximizə qədəm qoyub. Nəşrin keçdiyi yola nəzər salanda görürük ki, “Molla Nəsrəddin” eyni zamanda Azərbaycanın ilk illüstrasiyalı jurnalı olub. Çapa başlayan gündən təzyiq və senzuralara baxmayaraq 25 il sadə xalqın dilində nəşr edilib. Üstəlik, Azərbaycan dilinin bütün şirinliyini publisistikaya gətirə bilib”.
   P.Mahmudova çıxışında bir məqama da diqqət yetirdi: “Çox vaxt belə bir fikir də səslənir ki, “Molla Nəsrəddin” ancaq satirik jurnaldır. Bu fikir doğru deyil, çünki jurnala nəzər yetirəndə, öz dövrünün ictimai-siyasi hadisələrini əks etdirdiyini, işıqlandırdığını görürük. Jurnalda müxtəlif satirik hekayə, felyeton, şeir, gülməli xəbərlər, atalar sözləri, məsəllər, atmacalardan istifadə edilirdi. Karikaturalar insanları güldürməklə yanaşı, onlara həqiqətin əsl üzünü göstərirdi. "Molla Nəsrəddin"də Ömər Faiq Nemanzadə, Mirzə Ələkbər Sabir, Əbdürrəhim bəy Haqverdiyev, Əli Nəzmi, Əliqulu Qəmküsar, Məmməd Səid Ordubadi, Mirzə Əli Möcüz və başqa şair, yazıçı və jurnalistlər, Şmerlinq, Rotter, Əzim Əzimzadə kimi rəssamlar çalışırdı”.
   Tədbirdə Salman Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin direktoru Maarif Teymur “Ədəbiyyat və incəsənət arxivinin C.Məmmədquluzadə fondu”, Cəfər Cabbarlının ev-muzeyinin direktoru Qəmər Seyfəddinqızı “C.Cabbarlı və “Molla Nəsrəddin” jurnalı, ədibin irsinin araşdırıcısı Sübhi Kəngərli “C.Məmmədquluzadənin həyatı” mövzusunda çıxışlar etdilər. 238 nömrəli məktəbin 5-ci sinif şagirdi, paytaxtın Nizami rayonundakı uşaq yaradıcılıq mərkəzi dram dərnəyinin üzvü Zeynalabdin Bağırzadə “Molla Nəsrəddin” jurnalında dərc olunmuş felyetonlardan nümunələr söylədi.
   Muzeyin foyesində “Molla Nəsrəddin”in ilk nüsxələrinin, nəşrin çapa hazırlanmasında iştirakı olan insanların və jurnalın yaradıcı kollektivinin fəaliyyətindən bəhs edən sərgi nümayiş olundu. Tədbirdə Bakıda fəaliyyət göstərən ev-muzeylərinin əməkdaşları və M.Ə.Sabir adına Pedaqoji Kollecin kollektivi iştirak edirdi.
   
   Lalə