Aprelin 15-də “Aydınlığa doğru” milli-mənəvi dəyərlərin qorunması İctimai Birliyində “Ziyalı ünsiyyəti” layihəsi çərçivəsində növbəti görüş keçirildi.
   
   Birliyin sədri Solmaz Əmirli bildirdi ki, altı ildir fəaliyyət göstərən qurum müxtəlif layihələr həyata keçirib, bu layihələrdən biri də “Ziyalı ünsiyyəti”dir. Layihə çərçivəsində Azərbaycanın sözün həqiqi mənasında, ziyalı olan insanları ilə görüşlər keçirilir, bu görüşlər vasitəsilə gənclər ziyalılarla tanış olur, onların dəyərli fikirlərindən bəhrələnirlər. Sonra o, növbəti görüşün qonağı, filologiya üzrə fəlsəfə doktoru Siracəddin Hacı barədə məlumat verdi. Bildirdi ki, Siracəddin Hacı “Məhəmməd Füzuli yaradıcılığı və türk ədəbiyyatşünaslığı” mövzusunda maraqlı tədqiqatlar aparıb. Nizami Gəncəvinin yaradıcılığı, həyatı, fəlsəfi görüşləri ilə bağlı 6 əsərin müəllifidir.
   “Danışmaq da bir borcdur”, - deyə sözə başlayan Siracəddin Hacı bu görüşlərin önəmindən danışdı: “Mən belə deyirəm ki, yaxşılar sussa, yaxşılıq da susacaq, ən böyük fəlakət odur. Yaxşılar dayansa, yaxşılıq da dayanacaq. Əgər bu ictimai birlikdə bu insanlar yığışıbsa, yaxşılar susmayıbsa, deməli, yaxşılıq da susmayacaq. Nizami deyir ki, insan dayansa, tarix dayanar, yaxşılıq dayanar, gözəllik ölər. Ona görə də bizim əsla susmağa haqqımız yoxdur. Nizamiyə görə, mömin oyanan və oyandıran adamdır. Mömin gözəlliyi, yaxşılığı çoxaldan adamdır”.
   Alim dəyər barədə də maraqlı fikirlər söylədi: “İnkişaf dəyərlə müəyyən olunur. İman yaymaq sevgi yaymaqdır. Biz dəyərimizi yayırıq, bizim dəyərlərimiz Allahın qoyduğu dəyərlərdir. Bizim də borcumuz əlimiz çatan, ünümüz yetən adamlara imanımızı çatdırmaqdır. Yaxşılığı yaymağın yolu budur. Peyğəmbərimizə görə, iman ən böyük imkandır. İmanı olan adam imkanım tükəndi deyə bilməz. İman insanı hərəkətə gətirən ən böyük gücdür. Sevginin əlamətlərinin biri hərəkətdir. İman diridir. İmanın ən böyük özəlliyindən biri odur ki, iman insanı dəyişdirir.
   Nizami dəyərə ölçülər verib. Dəyərin birinci ölçüsü budur ki, dəyər heç vaxt köhnəlməz. Ədalət bir dəyərdir, ədalət köhnələrmi? Biz ömrümüzün bir çağında deyə bilərikmi ki, biz ədalət istəmirik, ədalət öldü. Sevgi bir dəyərdir, sevgi ölərmi? Paslanan, çürüyən, bu gün olub, sabah olmayana Nizami dəyər demir. Nizamiyə görə, dəyərin qaynağı Allahdır, Allahın qoyduqları ölçüdür. Dəyər orijinal olandı, surəti ola bilməz. Dəyər mütləq həyata bağlıdır. İslam dini - Quran Allahın bir layihəsidir, bunu insan üçün göndərib. Qurani-Kərim həyat kitabıdır. Yaşanmaq üçün göndərilmiş bir kitabdır. Biz bu kitabı oxuyub əməl ediriksə, Allahın göndərdiklərinə əməl etmiş oluruq”.
   İslam dininin gözəllikləri, mənəvi dəyərləri, Nizami Gəncəvi yaradıcılığındakı hikmətləri fərqli düşüncəsi ilə şərh edən Siracəddin Hacının çıxışı böyük maraqla qarşılandı. Aydınlığa doğru...
   
   Təranə Vahid







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar