Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunda təntənə ilə qeyd edildi
18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü hər il respublikamızda geniş tədbirlərlə qeyd olunur. Bu il də əlamətdar günlə bağlı Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində fəaliyyət göstərən tarix-mədəniyyət qoruqlarında "Açıq qapı" günü elan olundu, ekskursiyalar, sərgilər təşkil olundu.
Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunda geniş bayram şənliyi keçirildi. Tədbirdə hökumət rəsmiləri, millət vəkilləri, alimlər, diplomatik korpusun və ictimaiyyətin nümayəndələri, mədəniyyət işçiləri iştirak edirdilər.
Tədbirin bədii hissəsi "xalq gəzintisi" formatında təşkil edilmişdi. Əvvəlcə iştirakçılar meydan tamaşalarını, açıq səma altında təşkil olunan sərgiləri izlədilər. “Natiq” ritm qrupu, kəndirbazlar qrupu, “Zorxana” kollektivi, musiqiçilərin çıxışları maraqla qarşılandı. Sonra ötən ay Prezident İlham Əliyev və xanımı Mehriban Əliyevanın iştirakı ilə açılışı olmuş "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğu ərazisindəki tikililərin və abadlaşdırılmış məbədətrafı ərazilərlə ictimaiyyətin tanışlığı oldu.
* * *
Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününün bu il ölkəmizdə daha geniş, əsl bayram əhval-ruhiyyəsində keçirilməsindən məmnunluğunu ifadə etdi. Qeyd olundu ki, son illər ölkəmizdə təşkil olunan beynəlxalq tədbirlər, eyni zamanda Azərbaycanın beynəlxalq tədbirlərdə artan fəallığı, mədəni irslə bağlı konfranslar, təqdimatlar mədəniyyətimizin sərhədləri aşaraq bəşər mədəniyyətinin ayrılmaz tərkib hissəsinə çevrilməsinə zəmin yaradıb. Azərbaycan xalqının tarixi irsini, zəngin adət-ənənələrini, dəyərlərini qoruyub saxlamaq, onu gələcək nəsillərə çatdırmaq hər zaman diqqət mərkəzindədir. Bu sahədə ölkə başçısı İlham Əliyevin, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən işlərin xüsusi əhəmiyyəti qeyd olunmalıdır: “Sevindirici haldır ki, maddi-mədəniyyət abidələri ilə yanaşı Azərbaycan xalq yaradıcılığının mühüm qollarını təşkil edən aşıq sənəti, milli xalçaçılıq sənəti, tar ifaçılıq sənəti UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Azərbaycan muğamı, xalqımızın qədim ənənələrini özündə yaşadan Novruz bayramı UNESCO-nun siyahısında yer alıb. Bütün bunlar bəşəriyyət qarşısında sübut edir ki, əsrlər boyu bəşəri incilər yaradan xalq yüksək hörmətə layiqdir”.
Nazir qeyd etdi ki, 12 il öncə - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günündə ölkəmizdə turizm sahəsi ilə bağlı əlamətdar hadisə baş verib: “2001-ci ilin 18 aprel tarixində Gənclər və İdman Nazirliyi ləğv edildi, Gənclər, İdman və Turizm Nazirliyi yaradıldı. Bu, təsadüf deyildi. Məhz bu gündə bu sərəncamın imzalanması ulu öndərin uzaqgörənliyini əks etdirirdi. Çünki o, bilirdi ki, Azərbaycan turizmi mədəni irs üzərində qurularsa çox inkişaf edər. Bu gün ölkə başçısı İlham Əliyev tərəfindən həyata keçirilən turizm siyasətində bu amillər xüsusilə nəzərə alınıb”.
Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası və qorunması, qoruqların fəaliyyətinin təkmilləşdirilməsi sahəsində görülən işlərdən danışan nazir hazırda dövlət mühafizəsinə götürülmüş 6308 daşınmaz tarix və mədəniyyət abidəsi olduğunu diqqətə çatdırdı. Bildirdi ki, son 5 ildə aşkarlanan 1700-dən artıq abidə AMEA-nın müvafiq institutları ilə razılaşdırıldıqdan sonra reyestrə daxil edilməsi üçün Nazirlər Kabinetinə təqdim ediləcək. Bu faktlar Azərbaycan mədəniyyətinin, tarixinin qüdrətini göstərir. Lakin bəzən bu irsə laqeyd yanaşmalara da rast gəlinir: “Azərbaycan torpağı, tarixi-mədəni irsimiz zəngin bir xəzinədir. Bu sərvətə böyük hörmətlə, diqqətlə yanaşmaq hər birimizin borcudur. Əfsuslar olsun ki, bəzi yerlərdə müəyyən maraqlara görə, məsuliyyətsizliklər səbəbindən tarixi abidələrə sayğısızlığa rast gəlirik. Hesab edirəm ki, biz ictimaiyyət olaraq, dövlət olaraq, Azərbaycan alimlərinin, ziyalılarının gücündən istifadə edərək, kütləvi informasiya vasitələrinin köməyindən yararlanaraq belə hadisələri aşkara çıxarmalı, təkrarlanmaması üçün mübarizə aparmalıyıq. Tarixi abidələrimizi qorumalı, təbliğ etməliyik. Məhz bununla biz xalqımızın keçmişinə hörmətlə yanaşmış oluruq. Mən sizləri bu istiqamətdə fəal olmağa dəvət edirəm. İnanıram ki, biz xalq olaraq bundan sonra bu mirası qoruyacaq, gələcək nəsillərə ötürəcəyik. Və belə bayramların keçirilməsinə gələcəkdə çoxsaylı əsaslarımız olacaq. Biz keçmişimizə fəxrlə baxdığımız kimi, gələcəyə də nikbinliklə baxırıq”.
* * *
Sonra Mədəniyyət və Turizm Nazirliyinin təsis etdiyi "Milli irs mükafatı"nın təqdimetmə mərasimi keçirildi. Əvvəlcə 2012-ci ildə ölkədə mədəni irsin təbliği sahəsində görülmüş işləri əks etdirən video-çarx təqdim olundu.
Vurğulandı ki, mükafatın təsis edilməsində məqsəd Azərbaycanın mədəni irsinin inkişafı naminə elmi tədqiqatların aparılması, tarix və mədəniyyət abidələrinin mühafizəsində qabaqcıl standartların tətbiqi, daşınmaz tarix və mədəniyyət abidələrinin bərpa və konservasiyası, təmir-bərpa işlərinin müasir texnologiyalar əsasında layihələndirilməsi, mədəni irsimizin tanıdılması və təbliği, bu sahədə ixtisaslı kadrların hazırlanması üzrə nailiyyətlər barədə geniş ictimaiyyətin məlumatlandırılmasından ibarətdir. Mükafat memarlıq, arxeologiya və etnoqrafiya, mədəni turizm, tarix və mədəniyyət abidələrinin bərpası, mədəni irsin tədqiqi, təbliği və mühafizəsi istiqamətləri üzrə 3 nominasiyada verilir.
Müxtəlif nominasiyalar üzrə qaliblər elan olundu, nazir Əbülfəs Qarayev “Milli irs mükafatı"nı və diplomları sahiblərinə təqdim etdi.
“Azərbaycan irsinin təbliğində xidmətlərinə görə” nominasiyasında Paolo del Byanko və “Miras” İctimai Birliyi, “Azərbaycan irsinin tədqiqində xidmətlərinə görə” Davud Axundov (ölümündən sonra), Tovuz arxeoloji ekspedisiyası, “Azərbaycan mədəni irs abidələrinin mühafizəsi, bərpası və istifadəsində xidmətlərinə görə” nominasiyasında Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova və SEBA Azərbaycan-Koreya Mədəniyyət Assosiasiyası təltif olundular.
Sonra "Atəşgah Həyat” sığorta şirkəti idarə heyətinin sədri Əkbər Mədətli səhnəyə dəvət olundu. O, “Atəşgah məbədi”nin şirkətin vəsaiti hesabına 3 milyon dollar məbləğində sığortalandığını xatırlatdı, müqavilənin yeniləndiyini deyərək müqavilənin simvolu olan sertifikatı qoruq rəhbərliyinə təqdim etdi: “Mədəni irsin qorunması sahəsində görülən işləri dəstəkləyirik, bu işlərdə az olsa da, payımızın olmasını istəyirik”.
Tədbirin sonunda iştirakçılar açıq hava altında təşkil olunmuş konserti izlədilər.
Ceyhun Zərbəliyev