Ulu öndər Heydər Əliyevin 90 illiyinə həsr olunmuş respublika elmi konfransı
Aprelin 18-də Milli Azərbaycan Tarixi Muzeyində ümummilli lider Heydər Əliyevin 90 illiyinə həsr olunan “Azərbaycan tarixinin öyrənilməsində muzeylərin rolu və problemləri” mövzusunda III respublika elmi konfransı öz işinə başladı.
Açılış mərasimində çıxış edən muzeyin direktoru, akademik Nailə Vəlixanlı konfransın artıq ənənə halını aldığını bildirdi: “Budəfəki konfransda muzeylərdə elmi fond, ekspozisiya işi və Azərbaycan tarixinin öyrənilməsi, muzey pedaqogikası və tarixi tədqiqatlar, Azərbaycan tarixinin təbliğində muzeylərin təhsil müəssisələri ilə qarşılıqlı əlaqələri müzakirə olunacaq”.
Daha sonra “Heydər Əliyev və Azərbaycanda milli muzey işi” mövzusunda çıxış edən Nailə Vəlixanlı bildirdi ki, ulu öndər xalqımızın əsrlər boyu yaratdığı mənəvi sərvətin, dəyərlərin, tarixi-mədəni irsin toplanması, qorunub saxlanılması, zənginləşdirilməsi üçün əlindən gələni etmişdir. Məhz onun təşəbbüsü və rəhbərliyi ilə 1980-ci ildə respublikada muzey işinə aid xüsusi qərar qəbul edilib, muzey şəbəkəsinin inkişafına geniş imkanlar yaradılıb, muzeylər mühüm mədəniyyət ocaqlarına, xüsusilə, gənc nəslin ideya-siyasi və mənəvi tərbiyəsinin mərkəzlərinə çevrilib.
Ulu öndər Heydər Əliyev Azərbaycana birinci dəfə rəhbərlik etdiyi illərdə respublikanın rayonlarında tarix-diyarşünaslıq muzeyləri və böyük şəxsiyyətlərin ev-muzeyləri yaradılıb: “Bu muzeylər tarixi dəyərləri qorumaqla yanaşı, mənəvi tərbiyə ocağına çevrildi. Təəssüf ki, ulu öndər siyasi arenadan uzaqlaşandan sonra mədəniyyətimizə ağır zərbə vuruldu. Heç bir əsas olmadan Böyük Vətən Müharibəsi Tarixi Muzeyi bağlandı, yeni mərkəzlərin yaradılmasına ayrılan vəsait azaldıldı. Ümummilli liderin yenidən hakimiyyətə qayıtması ilə, həyatın hər sahəsində olduğu kimi, muzeylərdə də canlanma baş verdi. Tarixi abidələrin qorunub saxlanmasında muzeylərin müstəsna əhəmiyyətini dərindən bilən dahi rəhbər bu sahə ilə bağlı xüsusi tapşırıqlar verdi. Bu gün Heydər Əliyev kursunun layiqli davamçısı olan Prezident İlham Əliyev muzeylər şəbəkəsinin genişləndirilməsinə xüsusi qayğı və diqqət göstərir”.
Sonra L.Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Muzeyinin elmi işçisi Ülkər Şirəliyeva “Heydər Əliyev və Azərbaycan xalçaçılıq sənəti”, Azərbaycan Musiqi Mədəniyyəti Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Alla Bayramova “Musiqi əsərlərinin unudulmasının qarşısının alınmasında muzeylərin rolu”, Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin sektor müdiri, tarix elmləri doktoru Kamil İbrahimov “İçərişəhərdə konservasiya olunmuş arxeoloji qazıntı sahələri tariximizi təbliğ edən açıq səma altında muzey kimi” mövzusunda çıxış etdilər.
Çıxışlardan sonra tədbir iki seksiyada işini davam etdirdi. Elmi konfrans bu gün işini başa vuracaq.
Savalan Fərəcov