Görkəmli oftalmoloq alim, pedaqoq, akademik Zərifə xanım Əliyevaya həsr olunmuş kitabın təqdimatı
Aprelin 22-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında yazıçı-dramaturq, Milli Məclisin deputatı Hüseynbala Mirələmovun “Görkəmli adamların həyatı” biblioqrafik silsiləsindən Azərbaycan və ingilis dillərində nəşr edilmiş “Zərifə Əliyeva” kitabının təqdimat mərasimi keçirildi.
Mərasimi kitabxananın direktoru Kərim Tahirov açaraq görkəmli oftalmoloq alim, pedaqoq, akademik Zərifə xanım Əliyevanın tibb elminə verdiyi töhfələrdən danışdı. Qeyd olundu ki, yazıçı Hüseynbala Mirələmovun “Görkəmli adamların həyatı” seriyasından “Heydər Əliyev” və “İlham Əliyev” kitabları da çap olunub. Müəllifin yeni kitabı 2010-cu ildə Moskvadakı “Molodoya qvardiya” nəşriyyatında rus dilində işıq üzü görüb. Bu il isə “Azərbaycan” nəşriyyatında Azərbaycan və ingilis dillərində çapdan çıxıb. Bu kitablar bir nəslin üç böyük şəxsiyyətinə müəllifin dərin ehtiramının ifadəsidir.
Mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev müəllifi belə bir kitab ərsəyə gətirdiyinə görə müəllifi təbrik edərək bildirdi ki, aprelin 28-də görkəmli oftalmoloq, akademik Zərifə Əziz qızı Əliyevanın 90 illik yubileyi təntənəli şəkildə qeyd ediləcək: “O, ümummilli lider Heydər Əliyevin həyat yoldaşı olması ilə yanaşı, sənətini sevən, həmişə xalqının, ətrafındakı insanların qayğısını çəkən xanım idi. Zərifə xanım sovet dövründə istehsalatın insanların sağlamlığı üçün zərərli sahələrində çalışanların qayğısına qalırdı, həmin müəssisələrdə bir neçə tibb məntəqəsinin yaradılmasına nail olmuşdu. Göz üçün zərərli istehsalat sahələrində şəxsən özü tibbi müayinə günləri keçirər, xəstələri qəbul edib onlara tövsiyələr verərdi. Zərifə xanıma həsr edilən bu kitab onun əziz xatirəsinə ehtiramdır”.
Mərasimdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanov, Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Eldar Ağayev, “The language house” şirkətinin baş direktoru və kitabın ingilis dilinə tərcüməçisi Kifayət Əhmədqızı böyük alimin zəngin həyatını və elmi fəaliyyətini əks etdirən, maraqlı bədii-publisistik materialların və fotoşəkillərin toplandığı kitabı yüksək qiymətləndirdilər. Qeyd edildi ki, kitabda fakt və xatirə, bədii təsvir, lirik tərənnüm və fəlsəfi mühakimə bir-birini tamamlayır. Kitabda göz həkimi, humanist insan Zərifə xanım Əliyeva barəsində yer almış maraqlı xatirələrin işığında onun obrazı daha nəcib, səmimi və ülvi təsir bağışlayır.
Kitabın müəllifi, millət vəkili, yazıçı-publisist Hüseynbala Mirələmov nəşrin hazırlanması zamanı oftalmoloq alimin həyatı ilə bağlı rastlaşdığı maraqlı faktlardan söz açdı. Eyni zamanda bildirdi ki, əsər nəcib Azərbaycan qadını, görkəmli oftalmoloq alim, akademik, ağıllı və sədaqətli həyat yoldaşı, fədakar və qayğıkeş ana Zərifə Əliyeva haqqında əbədiyyət dastanıdır. Müəllif kitabın ərsəyə gəlməsində əməyi keçən hər kəsə öz minnətdarlığını bildirdi və silsilə kitab nəşrinin davam edəcəyini vurğuladı.
Tədbirin sonunda qonaqlar Milli Kitabxana tərəfindən təşkil olunmuş “Zərifə Əliyeva-90” adlı kitab sərgisi ilə tanış oldular.
Lalə Azəri