Ölkəmizin qeyri-maddi mədəni irsin qorunması sahəsində təcrübəsi diqqətlə öyrənilir
   
   Aprelin 22-də mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva ölkəmizdə səfərdə olan Rusiya Federasiyası Tatarıstan Respublikasının mədəniyyət işçilərinin nümayəndə heyəti ilə görüşüb. Görüşdə Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayev, şöbənin Qeyri-maddi mədəni irs sektorunun müdiri Yaşar Hüseynli iştirak edib.
   
   Nazir müavini qonaqları salamlayaraq Azərbaycan və Tatarıstan xalqlarını dərin tarixi köklər bağladığını, xalqlarımız arasında bütün sahələrdə, xüsusilə də mədəniyyət sahəsində sıx əlaqələrin olduğunu diqqətə çatdırıb, bu cür görüşlərin əhəmiyyətini yüksək dəyərləndirib.
   Sevda Məmmədəliyeva Azərbaycanda qeyri-maddi mədəni irsin qorunması sahəsində görülən işlərlə bağlı qonaqlara məlumat verib. Qeyd olunub ki, “Qeyri-maddi mədəni irsin qorunmasına dair" UNESCO Konvensiyasının tövsiyələrinə əsasən və dünyanın qabaqcıl ölkələrinin mədəniyyət siyasəti sahəsində təcrübəsi nəzərə alınmaqla, nazirlik tərəfindən Azərbaycanın qeyri-maddi mədəni irsinin qorunması, bərpası və istifadəsində müasir mədəni-siyasi texnologiyaların tətbiqi vasitəsilə geniş islahatlar aparılır.
   Qeyri-maddi mədəni irs sahəsinin mədəni-siyasi təminat mexanizmlərinin monitorinqinin nəticələri əsasında “Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin Dövlət Reyestri” tərtib edilir və “Azərbaycan qeyri-maddi mədəni irs subyektlərinin portfolio bankı” hazırlanır. Bildirilib ki, dövlət tərəfindən bu sahədə aparılan məqsədyönlü fəaliyyət nəticəsində milli mədəniyyətimizin inciləri olan muğam, aşıq sənəti, Novruz bayramı, xalçaçılıq sənəti və tar ifaçılığı sənəti UNESCO-nun “Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısı”na daxil edilib.
   Tatarıstan nümayəndə heyətinin rəhbəri, Tatarıstan Respublikası Ənənəvi Mədəniyyət Mərkəzinin direktoru Fanzilə Zavqarova qeyd edib ki, Azərbaycanın qeyri-maddi mədəni irsin qorunması sahəsində əldə etdiyi nailiyyətlər onların da diqqətini cəlb edib: “Biz Bakıya Rusiya Federasiyası Tatarıstan Respublikasının mədəniyyət nazirinin dəstəyi ilə gəlmişik. Məqsədimiz qeyri-maddi mədəni irs sahəsində Azərbaycan modelinin öyrənilməsi, bu istiqamətdə təcrübə mübadiləsi aparılması, eyni zamanda bu sahə üzrə qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsinə nail olmaqdır”.
   Tatar xalqının zəngin tarixi, ənənələri və mədəniyyəti olduğunu vurğulayan qonaq Azərbaycanla mədəniyyət sahəsində daha sıx əməkdaşlıq arzusunda olduqlarını bildirib: “Bakı gözəl, modern, Şərq ənənələrini özündə saxlayan bir Avropa şəhərinə çevrilib. Azərbaycanın təkcə muğamı mədəniyyət sahəsində dünyanı fəth etməyə kifayət edər. Ona görə də sizinlə mədəni əlaqələrimizin inkişafında çox maraqlıyıq”.
   Sonra görüşdə qarşılıqlı xatirə hədiyyələri təqdim edilib.
   Qeyd edək ki, aprelin 20-dən 23-dək ölkəmizdə olan Tatarıstan nümayəndə heyəti Xalça Muzeyinə, Beynəlxalq Muğam Mərkəzinə, İçərişəhərə, “Qala” arxeoloji-etnoqrafik muzey kompleksinə baş çəkib, eyni zamanda İsmayıllı, Qəbələ rayonlarının mədəniyyət mərkəzlərində görüşlər keçirib.






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar