Saatlı şəhərində keçirilən qəbulda ətraf bölgələrdən 50-dək sakin iştirak edirdi
   
   “Yerlərdə vətəndaşlarla görüşmək, onların təkliflərini, arzularını, fikirlərini eşitmək müsbət təcrübədir”
   
   Aprelin 19-da mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Saatlı şəhərindəki Gənclər Mərkəzində Saatlı, Sabirabad, Hacıqabul, İmişli, Beyləqan, Ağcabədi, Laçın, Füzuli rayonlarından və Şirvan şəhərindən olan vətəndaşları qəbul etdi. Qəbulda Nazirliyin Aparat rəhbəri Firudin Qurbanov, şöbə müdirləri və məsul işçiləri iştirak edirdilər.
   
   Qeyd edək ki, 50-dək vətəndaş əvvəlcədən Mədəniyyət və Turizm Nazirliyinin mct@mct.gov.az elektron poçt ünvanı, eservices.mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt - 147) vasitəsilə nazirliyə, eləcə də rayon mədəniyyət və turizm şöbələrinə müraciət etməklə qəbula yazılmışdı.
   Qəbuldan öncə nazir Əbülfəs Qarayev bütün müraciətlərə ayrı-ayrılıqda baxılacağını qeyd edərək bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən vətəndaşlarla keçirilən bu görüşlər yerlərdə mövcud problemlərin, əhalinin xahiş, şikayət və təkliflərinin öyrənilərək onların həlli ilə bağlı müvafiq tədbirlərin görülməsi məqsədi daşıyır.
   
   Müraciətlər müxtəlif məsələlərlə bağlı idi
   
   Qəbul zamanı konfrans zalında növbə gözləyən vətəndaşlarla həmsöhbət oldum. Beyləqan rayonundan gəlmiş İfrat Məhərrəmov müraciəti barədə danışdı: “Rayonun kəndlərində ixtisaslı mədəniyyət işçiləri çatışmır. Bu problemi aradan qaldırmaq üçün rayonlara təyinat əsasında mədəniyyət işçilərinin göndərilməsi, təhsil işçiləri üçün nəzərdə tutulmuş imtiyazların onlara da şamil edilməsi, gənc mədəniyyət işçilərinə güzəştli ipoteka kreditlərinin verilməsi məsələsində hörmətli nazirdən köməklik göstərməsini xahiş edəcəyəm”.
   Beyləqandan gəlmiş digər sakin İsa Nəbiyev rayonun klub müəssisələrinin əsaslı təmirə ehtiyacı olduğunu bildirərək eyni zamanda yeni mədəniyyət müəssisələrinin tikilməsi ilə bağlı müraciət edəcəyini dedi.
   Füzuli rayon sakini Musa Məhərrəmov da oxşar problemlə bağlı Saatlıya gəlmişdi: “Biz mədəniyyət işçiləri olaraq bu görüşləri yüksək qiymətləndiririk. Çünki belə qəbullar problemlərimizi açıq şəkildə diqqətə çatdırmağa imkan verir. Müraciətim ştat vahidlərinin verilməsi ilə bağlıdır. İnanıram ki, müsbət həllini tapacaq”.
   Saatlı rayonundan şəhid ailəsinin üzvü Sevinc Məmmədova isə sosial müavinətlə bağlı müraciətinin olduğunu dedi.
   Saatlı rayonunun başqa bir sakini Zülfüqar Feyruz yaşadığı kənddə Mədəniyyət evinin tikilməsi xahişi ilə qəbula gəldiyini bildirdi: “Saatlı rayonunun Dədə Qorqud kəndində mədəniyyət evi icra nümayəndəliyinin binasında yerləşir. Lazımi şərait yoxdur. Bir ziyalı kimi kənddə mədəni mühitin canlanmasını istəyirəm. Bu məqsədlə nazirlə görüşə yazılmışam”.
   Ümumilikdə 50-dək müraciət əsasən kəndlərdə mədəniyyət evlərinin maddi-texniki bazasının gücləndirilməsi, təmiri, musiqi məktəblərinin tikintisi, mədəniyyət kollektivlərinin geyim və musiqi alətləri ilə təchizatı, gənc kadrların işlə təminatı, sosial müavinətlərin, güzəştli ipoteka kreditlərinin verilməsində köməklik göstərilməsi və sair məsələlərlə bağlı idi.

   Xahiş, təklif və şikayətlər ayrı-ayrılıqda dinlənildi
   
   Qəbula gəlmiş hər bir vətəndaşı diqqətlə dinləyən nazir Əbülfəs Qarayev qeyd etdi ki, səslənən bütün məsələlər nəzərdən keçiriləcək, həlli üçün addımlar atılacaq.
   Nazir hər il ölkənin müxtəlif regionlarında mədəniyyət ocaqlarının, o cümlədən musiqi məktəblərinin tikintisi və əsaslı yenidən qurulması ilə bağlı işlərin görüldüyünü xatırladaraq, qəbul olunacaq yeni investisiya layihələrində qaldırılan məsələlərin nəzərdə saxlanılacağını bildirdi. Qeyd olundu ki, ötən il bir sıra mədəniyyət kollektivlərinə geyimlər verilib, qaldırılan digər problemlər də qısa zamanda həll olunacaq.
   Qəbula gələn vətəndaşlar tərəfindən yerlərdəki mədəniyyət müəssisələrinin kadrlara olan tələbatını ödəmək üçün humanitar sahədə təhsil alıb iş axtaran gənclərin qısamüddətli kurslar vasitəsilə mədəniyyət ixtisaslı profillərə uyğunlaşdırılması, onların müvafiq işlə təmin olunması, habelə mədəniyyət ocaqlarında ödənişli dərnəklərin yaradılması təklifləri də səsləndi. Təklifləri müsbət dəyərləndirən nazir Əbülfəs Qarayev həyata keçirilən pilot layihələrdə bu məsələlərin nəzərə alınmasının vacibliyini bildirdi. Nazir bəzi müraciətlərin yerindəcə həll olunması üçün konkret tapşırıqlar verdi, səslənən bir sıra məsələlərlə bağlı aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırılacağını diqqətə çatdırdı.
   
   Mədəniyyət ocaqlarının inşası, kadr məsələləri diqqət mərkəzindədir
   
   Görüşdən sonra jurnalistlərə açıqlama verən nazir vətəndaşların xahiş, şikayət və təkliflərinin müxtəlif mövzu və sahələri əhatə etdiyini dedi : “Biz hesab edirik ki, yerlərdə vətəndaşlarla görüşmək, onların təkliflərini, arzularını, fikirlərini eşitmək müsbət təcrübədir. 50-dək vətəndaşla görüşümüz oldu. Səslənən müraciətlərin bir çoxu reallığı əks etdirirdi. Mədəniyyət müəssisələrinin inşası, ştat vahidlərinin ayrılması, kadr məsələləri ilə bağlı məsələlər nazirliyin daim diqqət mərkəzindədir. Düşünürəm ki, ziyalı insanların qəbula yazılaraq müsbət təşəbbüslər, təkliflər səsləndirməsi yüksək qiymətləndirilməlidir”.
   Azərbaycanda mədəniyyət siyasətinin uğurla həyata keçirildiyini və əhali ilə birbaşa təmasda səslənən məsələlərin ümumi işin xeyrinə olduğunu qeyd edən nazir bildirdi ki, bəzi müraciətlərdə sosial yardım, mənzil təminatı və digər məsələlərlə bağlı köməklik göstərilməsi xahiş olunub ki, bu müraciətlər də müvafiq qurumlara təqdim ediləcək və diqqətdə saxlanılacaq: “Düşünürəm ki, bu məsələlərin həlli mümkündür. Biz öz növbəmizdə çalışacağıq ki, müvafiq dövlət orqanları qarşısında məsələ qaldıraq və onların icrasına nəzarət edək. Lakin elə məsələlər var ki, onların qanunvericilik çərçivəsində həlli mümkün deyil. Burada haqlı və ziddiyyətli məsələlər də var. Qaldırılan problemlərin bəziləri məhkəmə yolu ilə həll olunmalıdır. Müraciətlərlə bağlı o qənaətdəyəm ki, görüşə gələn insanların böyük əksəriyyəti Azərbaycan dövlətinin gördüyü işləri yüksək qiymətləndirir. Bu bizi çox sevindirir”.
   * * *
   Görüşdən sonra nazir Əbülfəs Qarayev Saatlı və Sabirabad rayonlarının bir sıra mədəniyyət müəssisələrinə baş çəkdi, mövcud şəraitlə yaxından tanış oldu, tövsiyə və tapşırıqlarını verdi.
   
   Ceyhun Zərbəliyev