Aprelin 24-də Azərbaycan Turizm İnstitutunda (ATİ) “Müstəqil Azərbaycan və Heydər Əliyev ideyalarının təntənəsi” mövzusunda elmi-praktik konfrans keçirilib. Konfrans iştirakçıları əvvəlcə Heydər Əliyevə həsr edilmiş əsərlərdən ibarət sərgi ilə tanış olublar.
   
   Tədbirdə ATİ-nin rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərov, Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü Musa Quliyev, Sosialist Əməyi Qəhrəmanı Tərlan Musayeva və başqaları çıxış edərək ümummilli liderin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi və inkişafı sahəsində misilsiz xidmətlərindən bəhs ediblər.
   Rektor Cəfər Cəfərov bildirib ki, Heydər Əliyev təkcə ölkəmizin dövlət müstəqilliyini bərpa etməsindən sonrakı dövrdə deyil, hələ müstəqillikdən 20-25 il əvvəl də Azərbaycan təhsilinin sabahı üçün çox əhəmiyyətli layihələrin icrasına böyük qayğı göstərib: “Sovet Azərbaycanının ən inkişaf etmiş dövrü məhz 70-80-ci illər hesab olunur. Bununla bağlı bəzi faktları diqqətə çatdırmaq istəyirəm. Həmin dövrdə respublikanın ali məktəblərində 100-dən artıq yeni kafedra, 40-dan çox yeni fakültə açılmış, 100-ə qədər yeni ixtisas üzrə ali təhsilli mütəxəssislərin hazırlığına başlanmışdı. Heydər Əliyevin ölkəyə birinci dəfə rəhbərlik etdiyi dövrdə respublikamızda 6 yeni ali məktəb yaradılmışdı ki, həmin təhsil müəssisələri indi müstəqil Azərbaycanın gələcəyini təmin edəcək yüksək səviyyəli mütəxəssislərin hazırlanması işini uğurla davam etdirir. Bununla yanaşı, respublikamızda 12 texnikum da məhz 1970-82-ci illərdə yaradılıb”.
   Rektor qeyd edib ki, Heydər Əliyev daim cəmiyyət həyatının bütün sahələrində haqqın, ədalətin bərqərar olmasına, dövlətin yaratdığı imkanlardan bütün insanların bərabər şəkildə istifadə etməsinə çalışıb: “Bu tendensiyanın nəticəsi idi ki, 1969-82-ci illərdə Azərbaycandan SSRİ-nin və digər ölkələrin ali məktəblərinə göndərilən tələbələrin ümumi sayının 70 faizini fəhlə və kəndli ailələrində böyümüş gənclər təşkil etmişdir. Bu gün qloballaşma prosesinin tərkib hissəsi olaraq gender siyasətinə çox böyük önəm verilir. Heydər Əliyev hələ 70-ci illərdə həmin məsələni gündəmdə saxlamaqla, respublikadan kənarda təhsil almaq üçün göndərilən tələbələr arasında qızların 50 faiz təşkil etməsinə nail olub. 1980-ci ildə SSRİ-nin 49 şəhərinin 170 ali məktəbində 244 ixtisas üzrə 3500 nəfərdən çox azərbaycanlı tələbə və 100 nəfərdən çox aspirant təhsil alırdı. Həmin illərdə təkcə Moskvanın 42 ali məktəbində 136 ixtisas üzrə 800, Leninqradın 25 ali məktəbində 348 azərbaycanlı gənc oxuyurdu. Ulu öndər hər il başqa şəhərlərə göndərilən gənclərlə görüşür, Azərbaycan üçün yüksək ixtisaslı kadr kimi yetişmələrinin əhəmiyyətini onlara başa salırdı”.
   Heydər Əliyevin 1993-cü ildə respublikada hakimiyyətə qayıtmasından sonra onun təhsilə göstərdiyi qayğının miqyasını ifadə edəcək faktlar və rəqəmlər daha çoxdur. Rektor məruzəsində dahi rəhbərin hələ sovet dövründə respublikada turizmin inkişafına qayğısından da söz açıb. Qeyd olunub ki, Heydər Əliyev 1969-cu ildə respublikanın rəhbəri olandan sonra Naftalanda və Bakının Mərdəkan qəsəbəsində, Xankəndində, Mingəçevirdə, Naxçıvanda ekskursiya büroları və Qəbələdə “Qafqaz” və Xaçmaz rayonunun Nabran bölgəsində “Dostluq” turist bazası yaradılıb.
   Məruzəçi ulu öndərin təhsil siyasətinin bu gün də uğurla davam etdiyini bildirərək Prezident İlham Əliyevin rəhbərliyi ilə bu sahədə reallaşdırılan proqram və layihələrdən söz açıb. Bu gün Azərbaycanın dövlət büdcəsindən ən çox vəsait ayrılan birinci sahə ordu quruculuğu, ikinci sahə isə təhsil sistemidir. Prezident İlham Əliyevin təsdiq etdiyi ən çox dövlət proqramları da məhz təhsil sistemi ilə bağlıdır.
   Milli Məclisin deputatı Musa Quliyev çıxışında qeyd edib ki, dünyanın sayca az ölkələrində dövlət xadimləri ümummilli lider səviyyəsinə yüksəlib: “Ulu öndər Heydər Əliyev milli liderliklə siyasi liderlik keyfiyyətlərini ehtiva etməklə, fəaliyyət göstərdiyi bütün sahələrdə də özünü əsl lider kimi təsdiq edib. Bu dahi insan tarixi yazan və yaradan, onu yönəltməyi bacaran nadir şəxsiyyətlərdən idi”.
   Tədbirdə ulu öndərə həsr edilmiş sənədli film nümayiş olunub.
   
   Fəxriyyə Abdullayeva