Qədim Qniezno şəhərində ucaldılan abidə Azərbaycan-Polşa əlaqələrinin keçmişinə, bu gününə və gələcəyinə ehtiramın göstəricidir
Dünyaya inteqrasiya edən, müxtəlif ölkələrlə qarşılıqlı faydalı əlaqələrini möhkəmləndirən respublikamız artıq bu münasibətlərin daha çox mədəniyyətə, xalqlar arasındakı səmimi hisslərə söykənən modelini yaradır. Əyani misal kimi, bir sıra tərəfdaş ölkələrdə Azərbaycanla, ölkəmizin görkəmli şəxsiyyətləri ilə bağlı abidələrin ucaldılmasını, park və xatirə guşələrinin yaradılmasını göstərmək olar.
Belə əlamətdar tədbirlərdən biri də aprelin 23-də Polşada, bu ölkənin qədim paytaxtı olmuş Qniezno şəhərində gerçəkləşdi. Burada Azərbaycan-Polşa dostluğunu əks etdirən abidənin açılışı keçirildi. Mərasimdə Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevin rəhbərliyi ilə nümayəndə heyəti iştirak edirdi.
Ümummilli lider, Azərbaycan-Polşa əlaqələrinin inkişafına müstəsna töhfələr vermiş Heydər Əliyevin 90 illik yubileyi ərəfəsinə təsadüf edən hadisə iki ölkənin əlaqələrinin keçmişinə, bu gününə və gələcəyinə ehtiramın göstəricidir.
Üz-üzə dayanmış palıd yarpağı formasında olan “Dostluq” abidəsi iki ölkə arasındakı diplomatik əlaqələrin qurulmasının 540, bərpasının isə 20 illiyinə həsr edilib. Abidənin müəllifləri Xalq rəssamı Salxab Məmmədov və Əməkdar rəssam Əli İbadullayevdir.
Deyirlər, həyatda təsadüflər olmur, təsadüflər zərurətdən doğur. Əslində isə təsadüflər kimi qarşıladığımız bəzi olaylar tarixdə böyük şəxsiyyətlərin imza atdığı, zərurətə çevirdiyi hadisələrin məntiqi sonluğudur, abidəsidir. Üz-üzə dayanan palıd yarpağı formalı bu abidə də iki ölkə münasibətlərinin qarşılıqlı olduğunu, palıd kimi uzunömürlü, qədim tarix üzərində təşəkkül tapdığını simvolizə edir. Abidə üzərində ölkələrimizin xəritəsinin həkk edilməsi suverenliyə, ərazi bütövlüyünə qarşılıqlı hörmətin, ümummilli lider Heydər Əliyevin Polşa haqqında, polyak əsilli Roma papası II İohann Pavelin Azərbaycan haqqında sözlərinin əks olunması isə bu münasibətlərin yazılı ifadəsidir.
Əlaqələrin uğurlu inkişafına töhfə
İki ölkənin dövlət himnlərinin səslənməsi ilə başlayan açılış mərasimində Qniezno şəhər merinin beynəlxalq əlaqələr üzrə müşaviri Eji Staxovyak abidənin ucaldılmasını əlamətdar hadisə adlandırdı, çoxlu turistin baş çəkdiyi şəhərə əlavə yaraşıq, dostluq ab-havası bəxş etdiyini vurğuladı. Bildirdi ki, Polşanın qədim paytaxtı olmuş şəhərə çoxlu turist gəlir və onlar bu abidə vasitəsilə Azərbaycan-Polşa münasibətlərinin tarixi ilə bağlı məlumat əldə edə biləcəklər.
Qniezno şəhərinin meri Yasek Kovalski Polşa və Azərbaycan arasında bütün sahələrdə uğurla inkişaf edən münasibətlərdən danışdı. “Bu gün Qniezno şəhərinin həyatında tarixi gündür”, - deyən mer Polşada doğulmuş Roma papası II İohann Pavelin 2002-ci ildə Azərbaycana səfərini xatırlatdı və ulu öndər Heydər Əliyevin dəstəyi sayəsində Bakıda katolik kilsəsinin inşa edildiyini dedi.
Mərasimdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev iki ölkə arasındakı diplomatik əlaqələrin qurulmasının 540, bərpasının isə 20 illiyinə həsr edilmiş abidənin ulu öndər Heydər Əliyevin 90 illiyi ərəfəsində açılmasının xüsusi məna kəsb etdiyini vurğuladı. Bildirdi ki, Polşa XX əsrin sonunda Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələr sırasındadır. Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə iki ölkənin əlaqələri uğurla inkişaf edib və bu gün Prezident İlham Əliyev bu münasibətlərin genişlənməsinə mühüm önəm verir.
Nazir müavini qeyd etdi ki, “Dostluq” abidəsi ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olmasını nümayiş etdirir. Qeyd olundu ki, XIX əsrin sonu - XX əsrin əvvəllərində polyak memarlarının inşa etdiyi binalar indi də Bakıya xüsusi gözəllik verir. Ədalət Vəliyev bu tarixi və əlamətdar hadisə münasibətilə Polşa ictimaiyyətinə təbriklərini çatdırdı.
Polşanın mədəniyyət və milli irs nazirinin müavini Yatsex Olbrat qeyd etdi ki, abidənin ucaldılması yalnız Qniezno şəhərinin deyil, ümumilikdə Polşanın ictimai-siyasi və mədəni həyatında mühüm əhəmiyyət daşıyır. Bildirdi ki, Azərbaycan Polşa üçün olduqca vacib və dost ölkədir.
Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov iki ölkə arasında münasibətlərin tarixindən söz açaraq qeyd etdi ki, hazırda bu əlaqələr uğurla inkişaf etməkdədir.
Sonra abidənin açılışı oldu. Abidə önünə gül dəstələri qoyuldu.
Qədim şəhərdə “Azərbaycan” zanbağı
Qniezno şəhərində ölkəmizlə bağlı daha bir tədbir “Dostluq” abidəsinə həsr olunmuş sərgi və “Azərbaycan” adlandırılan zanbaq gülünün təqdimatı oldu. Mərasim ikitərəfli münasibətlərin xalqlar arasında dostluğa, xoş niyyətə söykəndiyinin bariz nümunəsi idi. 35 ildir zanbaq güllərini yetişdirən hollandiyalı Jan Liqthart “Azərbaycan” adını verdiyi xüsusi zanbağı təqdim edərək bildirdi ki, bu gülün vətəni sizin regiondur: “Mən də yeni yetişdirdiyim zanbaq gülünü Azərbaycana həsr etdim. Bu addımımla istəyirəm ki, vaxtilə sizin regiondan bura gətirilən zanbaq gülləri yeni bir növlə, yeni adla vətəninə qayıtsın”.
Bu sözlər məndə çox qəribə təəssüratlar oyatdı, təkcə insanlar arasında deyil, təbiətlər arasında da bağın olduğunu göstərmiş oldu. Demək ki, bu münasibətlər kökə, tarixə, mədəni, iqtisadi, siyasi əlaqələrə dayanıb.
Tədbirdə ölkəmizin Polşadakı səfirliyinin hazırladığı və polyak dilinə tərcümə olunmuş Azərbaycanla bağlı kitablar da təqdim olundu.
Sonra Azərbaycan incəsənət ustalarının iştirakı ilə konsert oldu. Əməkdar artist Təyyar Bayramov (xanəndə), Arzu Əliyeva (xanəndə), Rövşən Qurbanov (tarzən), Xəyyam Məmmədovdan (kamança) ibarət musiqiçilərimizin ifasında xalq mahnıları, təsniflər, muğamlar alqışlarla qarşılandı.
Qnieznonun “Şəhər günü”ndə
Azərbaycan nümayəndə heyəti Qnieznoda bu şəhərin himayədarı Müqəddəs Voyçexin şərəfinə hər il qeyd olunan “Şəhər günü” bayram tədbirlərində də iştirak etdi.
Nümayəndə heyətimiz əvvəlcə Adam Mitskeviç adına Universitetin II İohann Pavel adına Avropa Kollecində oldu. Kollecin rektoru Leşek Mrozeviç azərbaycanlı qonaqları salamlayaraq təhsil ocağının fəaliyyəti barədə məlumat verdi. Bildirdi ki, kollec xarici əlaqələrə böyük əhəmiyyət verir və bu mənada Azərbaycanla əməkdaşlıq onlar üçün səmərəli olar. Ölkəmizin inkişafından danışan Leşek Mrozeviç dedi ki, bir müddət əvvəl Polşanın aparıcı telekanallarında polyak memarların Azərbaycanda inşa etdiyi binalar barədə geniş proqrama baxıb.
Azərbaycanda mədəniyyət və turizm sahəsini əhatə edən ali təhsil ocaqlarının fəaliyyəti barədə ətraflı danışan mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev gələcəkdə iki ölkənin təhsil müəssisələri arasında əlaqələrin yaradılmasının vacibliyini vurğuladı. Ölkəmizin Polşadakı səfiri Həsən Həsənov Azərbaycanla Polşanın bütün sahələrdə, o cümlədən təhsil sahəsində əməkdaşlığından söz açdı.
Görüşdə Adam Mitskeviç adına Universitetin Avropa Kolleci ilə Azərbaycandakı bir neçə ali təhsil ocağı arasında əlaqələrin qurulması barədə razılıq əldə edildi.
Sonra Azərbaycan nümayəndə heyəti “Şəhər günü” münasibətilə Qnieznonun Müqəddəs Voyçex adına 3 saylı məktəbində hazırlanan bayram tədbirinə qatıldı. Şəhərin meri Yasek Kovalski və digər çıxış edənlər Azərbaycan-Polşa əlaqələrinin 540 illik tarixi olduğunu diqqətə çatdırdılar. Vurğulandı ki, Azərbaycan nümayəndə heyətinin Qniezno üçün vacib olan bu tədbirlərdə iştirakı iki ölkə arasındakı əlaqələrin yüksək səviyyədə olmasının göstəricisidir. Görüşdə Azərbaycan-Polşa münasibətlərinin sürətlə inkişaf etməsində ulu öndər Heydər Əliyevin xidmətləri minnətdarlıqla xatırlandı.
“Şəhər günü” çərçivəsində Müqəddəs Voyçexin abidəsi önündə də tədbir keçirildi. Çıxış edənlər budəfəki bayram tədbirlərinə Azərbaycandan qonaqların qatılmasını yüksək qiymətləndirdilər və bunu tarixi hadisə adlandırdılar.
Tədbir iştirakçıları Müqəddəs Voyçexin abidəsi önündən başlayan ənənəvi bayram gəzintisi ilə şəhərin mərkəzi küçəsindən keçərək Qnieznonun əsas kilsəsinə gəldilər. Burada keçirilən tədbirdə də çıxış edənlər Azərbaycandakı dini dözümlülükdən söhbət açdılar, ölkəmizi tolerantlıq baxımından nümunə kimi qiymətləndirdilər.
Sonra bayram münasibətilə xüsusi dini ayinlər icra edildi. Polşada doğulmuş Roma papası II İohann Pavelin abidəsi ziyarət olundu. Bildirildi ki, II İohann Pavel 1979 və 1997-ci illərdə burada olub.
İşgüzar görüşlər
“Şəhər günü” ilə bağlı keçirilən tədbirlər Qniezno şəhər şurasının iclası ilə davam etdi. İclasda çıxış edənlər Azərbaycanın Polşa üçün çox vacib ölkə olduğunu dedilər. Bildirdilər ki, ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə Qnieznoda iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 540, bərpasının 20 illiyinə həsr edilən Azərbaycan-Polşa “Dostluq” abidəsinin ucaldılması tarixi məna daşıyır.
Səfir Həsən Həsənov iki dövlət və xalq arasında yüzilliklər əvvəl qurulan əlaqələrin bu gün də inkişaf etdiyini vurğuladı. Qeyd etdi ki, Roma papası II İohann Pavel müsəlman ölkəsinin lideri Heydər Əliyevin dəvəti ilə Cənubi Qafqaz respublikaları arasında yalnız Azərbaycana səfər edib.
Tədbir çərçivəsində Qniezno şəhər şurasının və Azərbaycanın Polşadakı səfirliyinin təsis etdiyi medallar ölkələr arasındakı diplomatik əlaqələrin qurulmasının 540, bərpasının isə 20 illiyi, həmçinin Qniezno şəhərinin 1000 illiyi münasibətilə iki ölkə əlaqələrinin inkişafına töhfə vermiş şəxslərə təqdim edildi. Tədbirdə Azərbaycan haqqında geniş məruzə təqdim olundu.
Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevin Polşanın dini rəhbəri Yozef Kovalçiklə görüşündə də Azərbaycandakı tolerantlıq mühitini yüksək qiymətləndirildi.
İki ölkə arasındakı əlaqələrin 540 illiyi münasibətilə Polşadakı səfirliyimizin təsis etdiyi medal Yozef Kovalçikə təqdim olundu. Dini rəhbərə səfirliyimiz tərəfindən polyak dilində nəşr olunan ölkəmiz haqqında 14 adda kitab hədiyyə edildi.
Bununla da ölkəmizin nümayəndə heyətinin dost ölkəyə səfəri başa çatdı. Qədim Qniezno şəhərində Azərbaycan-Polşa dostluğunun nümayişi iki ölkə arasında 540 illik tarixi olan münasibətlərin gələcəyinə əlamətdar töhfə oldu.
“Mədəniyyət”
* * *
Polşa-Azərbaycan əlaqələrinin tarixindən
Azərbaycan-Polşa tarixi əlaqələrinə aid qədim sənədlərdən məlum olur ki, ilk dəfə 1472-ci ildə Azərbaycanın Ağqoyunlu və Polşanın Reç Pospolita dövləti arasında diplomatik missiya mübadiləsi yaradılıb. Diplomatik əlaqələrin qurulmasının 540 illiyi də məhz həmin tarixə istinadla hesablanır. XIX əsrin əvvəllərində Azərbaycana səfər etmiş polyak alimi B.Andjeykoviç 1859-cu ildə Polşada ölkəmiz haqqında kitab nəşr etdirib. Polyak səyyahlar S.Berliç, M.Bufovt, İ.Dobrski, L.Qerşevski, Q.Qedroyç, M.Qralevski və başqaları Qafqaz haqqında qeydlərində Azərbaycana geniş yer ayırıblar.
XIX əsrin əvvəllərində Polşa çar Rusiyasının tərkibinə daxil edildikdən sonra buna qarşı üsyan edən polyaklar zaman-zaman imperiyanın müxtəlif əyalətlərinə, o cümlədən Azərbaycana sürgün ediliblər. Bakıya gəlmiş polyak ziyalılar şəhərin inkişafında aktiv iştirak etmiş, məktəblərdə polyak əsilli müəllimələr dərs demişdir. XIX əsrin sonlarından başlayaraq polyak memarlar Bakıda, Gəncədə, Şəkidə, Şuşada, Şamaxıda görkəmli binalar inşa ediblər. Bunlardan Elmlər Akademiyası Rəyasət Heyətinin, Bakı Şəhər İcra Hakimiyyətinin, Milli Azərbaycan Tarixi Muzeyinin, Dövlət Kukla Teatrının binasını, Murtuza Muxtarovun sarayını, Musa Nağıyevin mülkünü və başqalarını misal göstərmək olar. Azərbaycanda öz memarlıq əsərlərini yaradan polşalı memarlardan Y.Qoslavski, Y.Ploşko, K.Skureviç və başqalarının adını çəkə bilərik. Y.Qoslavski, Y.Ploşko, K.Skureviç müəyyən dövrlərdə Bakının baş memarı olublar. Azərbaycanın neft sənayesinin inkişafında da polyak neftçiləri P.Pototski və V.Zqlenitski mühüm yer tuturlar. V.Zqlenitski Xəzər dənizinin şelfində dünyada ilk dəfə neft çıxarmanın layihəsini vermiş, P.Pototski isə layihənin həyata keçirilməsində iştirak etmişdir.
Polşa şərqşünası Yozef Sepkovski 1825-ci ildə Peterburqda Azərbaycan ədəbiyyatı nümunələrini polyak dilinə tərcümə edir, “Polarnaya zviezda” jurnalında çap etdirirdi. B.Romanoviç isə Bakı və onun memarlığı haqqında məqalələri "Literaturnaya qazeta"da yayımlayırdı.
Polşa-Azərbaycan ədəbi əlaqələrində birinci yer Topçubaşovdan təsirlənərək Azərbaycan dilini öyrənən, ölkəmizin dərin mədəniyyətini layiqincə təbliğ etmiş Aleksandr Çodzkoya aiddir. O, 1889-cu ildə Nəsiminin poeziyasını, "Koroğlu" eposunun bir hissəsini polyak dilinə tərcümə edib. "Koroğlu" Azərbaycan folklorunu Qərbi Avropaya təqdim edən ilk kitablardan biri idi. Şərq ədəbiyyatı sahəsində tanınmış mütəxəssis olmuş Stanislava Plaskoviçka-Rumkieviç Məhəmməd Füzulinin əsərlərini polyak dilinə tərcümə edib Qərbi Avropaya tanıtmışdır.
Azərbaycana sürgün olunan polyak şairlər bu ölkə ədəbiyyatında “Qafqaz şairləri” kimi tanınırlar. Onların arasında Y.Strutınskini, M.Qralevskini, V.Stjelniçkini, L.Qerşevskini, V.Strelnitskini və başqalarını misal çəkmək olar.
XIX əsrin ortalarında Azərbaycan yazıçı-mütəfəkkirləri Abbasqulu ağa Bakıxanov, İsmayıl bəy Qutqaşınlı Polşada yaşayıb-yaradıb, polyak həmkarları ilə əməkdaşlıq ediblər. Azərbaycan ədəbiyyatının ilk nəsr nümunəsi sayılan İ.Qutqaşınlının “Rəşid bəy və Səadət xanım” povesti 1835-ci ildə Varşavada işıq üzü görüb. Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadə də Polşa ədib və musiqiçiləri ilə əməkdaşlıq edib. 1876-cı ildə Tiflisdə virtuoz skripkaçı M.Antoni de Kontski ilə tanış olan Axundzadə onunla ünsiyyətdən sonra musiqiçinin qızına həsr etdiyi “Vanda” şeirini qələmə alıb.
Azərbaycan-Polşa dövlətləri arasında mədəni əlaqələrin inkişafında ən mühüm mərhələlərdən biri dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyasının Polşanın müxtəlif şəhərlərinin teatrlarında səhnələşdirilməsidir. 1954-1977-ci illərdə musiqili komediya Varşava, Qniezno, Opole və Lodz teatrlarının tamaşaçılarına təqdim edilib.
Müstəqillik dövründə də bu ölkə ilə mədəniyyət müstəvisində olan münasibətlər inkişaf etdirilib. 1997-ci ildə Azərbaycanla Polşa arasında “Mədəni və elmi əməkdaşlıq haqqında” saziş imzalanıb. 2010-cu ildə dahi Polşa bəstəkarı Friderik Şopenin 200 illik yubileyinin qeyd edilməsi ilə əlaqədar Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və Polşanın Azərbaycan səfirliyi tərəfindən gənc pianoçuların festivalı təşkil edilib.
* * *
1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Polşada səfirlik təsis edir, Polşa isə Bakıda konsulluq açaraq bu səlahiyyəti S.Rılskiyə həvalə edir. Polşa hökuməti yüksək səviyyəli diplomatları Bakıya göndərərək Azərbaycana hər cür dəstək verməyə hazır olduğunu göstərir. Xalq Cümhuriyyəti Milli Ordusunun Baş qərargah rəisi polyak M.Sulkeviç, artilleriya komandanı, polkovnik E.Dunin-Martsinkeviç olmuşlar. M.Sulkeviç son dəqiqəsinədək Azərbaycanda qalmış, XI ordu tərəfindən həbs edilərək, Bayıl həbsxanasında güllələnmişdir.
Cümhuriyyətin süqutundan sonra bir çox azərbaycanlı siyasətçilər və dövlət xadimləri Polşaya mühacirət edir. Azərbaycanın görkəmli hərbçisi Vəli bəy Yadigar Polşanın ağır günlərində göstərdiyi şücaətə görə bu ölkədə polkovnik rütbəsinə layiq görülüb. Hitler Almaniyası Polşanı zəbt edərkən o, gizli hərbi müqavimət briqadası yaradaraq qəsbkarlara qarşı vuruşur. 1944-cü ildə onun da daxil olduğu polkun hərbi bayrağının mühafizəsi V.Yadigara həvalə edilir. Cənubi Amerikada dəfn olunmasına baxmayaraq, Polşa hökuməti onun cənazəsini ölkəyə gətirir, Varşavada dəfn etdirir.
Polşa Azərbaycan Respublikasının müstəqilliyini 1991-ci il dekabrın 27-də tanıyıb. 1992-ci il fevralın 21-də iki ölkə arasında diplomatik əlaqələr qurulub. 1998-ci ildə Polşanın Bakıda səfirliyi açılıb. 2004-cü ildə isə Polşada Azərbaycan səfirliyi təsis edilib. Son illərdə Azərbaycan-Polşa əlaqələri inkişaf edərək, hər iki xalqın tarixinə dəyərli səhifələr yazıb.