Aprelin 24-də Qazaxıstanın Almatı şəhərində “KİTF-2013” beynəlxalq turizm sərgisi işə başlayıb. Sərginin təşkilatçıları Qazaxıstanın Sənaye və Müasir Texnologiyalar Nazirliyinin Turizm Komitəsi, Almatı şəhərinin rəhbərliyi və Böyük Britaniyanın “ITE Group Plc” şirkətidir.
   
   Dünya Turizm Təşkilatı sərgiyə rəsmi dəstək verir. Ölkəmizin Mədəniyyət və Turizm Nazirliyi səviyyəsində ilk dəfə təmsil olunduğu sərgidə turizm imkanlarımız 36 kvadratmetr sahədə nümayiş etdirilir.
   Tədbirdə nazirliyin Turizm şöbəsinin Daxili turizmin inkişafı sektorunun müdiri Mahir Qəhrəmanovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti iştirak edir.
   Nümayəndə heyətinə «Millennium Tourism & Congress DMC» və "Qafqaz Travel" turizm şirkətləri, «Divan Exspress», «Jumeirah Bilgah Beach Hotel» və «Çinar Hotel & SPA Naftalan» hotellərinin əməkdaşları da daxildir.
   Stendimizə baş çəkən qonaqlara Azərbaycanın turizm imkanları haqqında məlumat verilir, ziyarətçilərə 25-30 adda ingilis və rus dillərində reklam-çap məhsulları təqdim edilir. Bu il 13-cü dəfə gerçəkləşən "KİTF" sərgisinə 43 ölkədən 550 şirkət qatılıb. Sərginin coğrafiyası Avstraliyadan Braziliyaya, Böyük Britaniyadan Misirə, Türkiyədən İndoneziyayadək geniş ərazini əhatə edir.
   Müalicə turizmi “KİTF-2013”ün prioritet mövzularından olduğu üçün bəzi ölkələr məxsusi tibbi klinikaların nümayişinə daha çox yer verib. Sərgidə müalicəvi turizm imkanlarını təqdim edən 19 turizm şirkəti sırasında Azərbaycanın «Çinar Hotel & SPA Naftalan» hoteli də var. "Millennium Tourism & Congress DMC" və "Qafqaz Travel" şirkətlərinin nümayəndələri stendimizin ziyarətçilərini Azərbaycanın təbii gözəllikləri ilə tanış edir, memarlıq abidələrimiz, dadlı mətbəximiz, ölkəmizin qədim tarixi və zəngin təbiətinin müalicəvi xüsusiyyətləri barədə ətraflı məlumat verirlər. “Divan Exspress” və “Jumeirah Bilgah Beach Hotel”in stendlərində isə ziyarətçilər Bakıya turist kimi səfər edəcəkləri halda nə qədər gözəl və komfortlu bir istirahət keçirəcəkləri barədə məlumatlar alırlar.
   Sərginin ilk günündən stendimiz ziyarətçilərin böyük marağına səbəb olub. Azərbaycanın stendində nazirliyin və şirkətlərimizin nümayəndələri biznes görüşləri keçirir, müxtəlif ölkələrin nümayəndələri ilə təcrübə mübadiləsi aparır, ölkəmizə yeni turistlər cəlb etməyə çalışır.
   “KİTF-2013” beynəlxalq turizm sərgisi aprelin 26-da başa çatacaq.

   Zöhrə Əliyeva,
   Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi, Almatı