Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə ölkəmiz aprel ayında üç kitab sərgisində uğurla təmsil olunub
Son illər Azərbaycanın beynəlxalq kitab sərgilərində iştirakı ənənə halını alıb. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə nüfuzlu sərgilərdə təqdim olunan çap məhsullarımız ölkəmizin kitab mədəniyyətini, nəşriyyat və poliqrafiya sahəsində əldə edilən uğurları nümayiş etdirir. Beynəlxalq sərgilərdə iştirak həmçinin bu sahədə böyük nailiyyətlər qazanmış ölkələrlə təcrübə mübadiləsinə də imkan verir.
Xəbər verdiyimiz kimi, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə kitablarımız aprel ayında London, Budapeşt və Kişineuda sərgilənib. Səfər təəssüratlarını öyrənmək üçün sərgi iştirakçıları ilə həmsöhbət olduq.
Növbəti dəfə Londonda
Aprelin 15-dən 17-dək Londonda keçirilən beynəlxalq kitab sərgisində nazirliyin Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin Nəşriyyat sektorunun müdiri Çingiz Əlioğlu, İnformasiya və reklam sektorunun baş məsləhətçisi Aslan Cəfərov iştirak ediblər. 1971-ci ildən etibarən ənənəvi olaraq təşkil olunan sərgidə Avropanın aparıcı nəşriyyatları, müxtəlif təşkilatlar iştirak edir.
Səfər təəssüratını bizimlə bölüşən sektor müdiri Çingiz Əlioğlu bildirdi ki, kitablarımız bu dəfə də yüksək səviyyədə təqdim olunub: “Azərbaycan hər il dünyanın nüfuzlu kitab sərgilərində iştirak edir və bu coğrafiya genişlənməkdədir. Nazirlik hər il təşəbbüs göstərir ki, özəl nəşriyyatlar, müxtəlif poliqrafiya müəssisələri bu cür sərgilərdə təmsil olunsun, əməkdaşlıq imkanlarını genişləndirsinlər. Bu mənada həm nazirliyin, həm də nəşriyyatların artıq beynəlxalq kitab sərgilərində iştirak təcrübəsi formalaşıb. Qazanılan təcrübə ildən-ilə təkmilləşir və biz sərgilərdə həmişəkindən daha yaxşı iştirak etməyə çalışırıq”.
Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin dəstəyini xüsusi vurğulayan sektor müdiri bildirdi ki, sərgidə dünyanın 100-dən çox ölkəsindən 500-dən artıq nəşriyyat və müəssisə iştirak edib: “İcarəyə götürdüyümüz 24 kvadratmetrlik sahədə ölkəmizin tarixinə, mədəniyyətinə, ədəbiyyatına, turizm imkanlarına, Qarabağa dair 115 adda 200 nüsxədən çox kitab və digər çap məhsulları nümayiş olunurdu. Maraqlananlara ölkəmizin mədəniyyəti və tarixi haqqında ətraflı məlumat verildi, kitablar hədiyyə olundu. Sərgiyə gələn kitab həvəskarları Azərbaycan elmi, ədəbiyyatı, tanınmış insanları, nəşriyyatların poliqrafik imkanları ilə maraqlanırdılar. Bilirsiniz ki, bu il ümummilli lider Heydər Əliyevin 90 illik yubileyidir. Ulu öndərin həyat və fəaliyyətinə, Azərbaycanın çiçəklənməsi və inkişafı naminə apardığı mübarizəni əks etdirən çoxsaylı kitablar da aparmışdıq. Bu nəşrlərdə ölkəmizin keçdiyi tarixi inkişaf yolu, qarşılaşdığı çətinliklər, əldə etdiyi nailiyyətlər də əksini tapıb. Müxtəlif dillərə tərcümə olunan kitablarımız ölkəmizin zəngin incəsənətinin, tarixinin və mədəniyyətinin dünyada tanıdılmasında böyük rol oynayır”.
Sektor müdiri tədbir zamanı keçirdikləri görüşlərdə müxtəlif ölkələrin nəşriyyatlarını bu il keçiriləcək III Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasına dəvət etdiklərini də nəzərə çatdırdı.
Macarıstanda milli nəşrlərimiz beş dildə təqdim olundu
Azərbaycan aprelin 18-dən 21-dək Macarıstanın paytaxtı Budapeştdə ənənəvi beynəlxalq kitab sərgi-yarmarkasında da təmsil olunub. Bu il sayca 20-ci dəfə gerçəkləşən kitab bayramında dünyanın 20-yə yaxın ölkəsinin 100-dən artıq nəşriyyatı öz çap məhsullarını nümayiş etdirib.
Sərgi çərçivəsində Azərbaycan xalqının ümummilli liderinin 90 illik yubileyi ilə bağlı “Heydər Əliyev: Müstəqilliyimiz əbədidir” çoxcildliyinin təqdimatı və “Müstəqillik illərində (1993-2013) Azərbaycanda kitab sənətinin inkişafı” adlı panel təşkil olunub. Təqdimat mərasimində ölkəmizin Macarıstandakı səfiri Vilayət Quliyev, Mədəniyyət və Turizm Nazirliyinin Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin müdiri Vaqif Bəhmənli, “Azərnəşr”in direktoru Azər Mustafazadə, azərbaycanlı tələbələr, diasporumuzun təmsilçiləri, yerli ictimaiyyət nümayəndələri iştirak ediblər.
Nazirliyin Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin müdiri Vaqif Bəhmənli son illər Azərbaycanın nəşr işi sahəsində qazandığı uğurlardan söz açıb. Qeyd olunub ki, ictimai-siyasi, iqtisadi və mədəni həyatımızın bütün istiqamətləri kimi, bu sahə də ulu öndərin müdrik tövsiyələri əsasında inkişaf etdirilib, müstəqillik illərində Azərbaycanda güclü poliqrafik baza yaradılıb və azad çap siyasəti həyata keçirilməkdədir.
Sərgi çərçivəsində müxtəlif ölkələrin nümayəndələri ilə görüşlər keçirilib, gələcək əməkdaşlıq imkanları müzakirə olunub, onlara bu il keçiriləcək III Bakı Beynəlxalq Kitab Sərgi Yarmarkası haqqında məlumat verilib. Çin, Səudiyyə Ərəbistanı, Türkiyə və İsrail dövlətlərindən olan nümayəndələr Bakı sərgisində iştirak etmək niyyətlərini bildiriblər.
Nazirliyin İnformasiya və reklam sektorunun məsləhətçisi Faiq Xudanlı səfər təəssüratından danışaraq bildirdi ki, sərgi-yarmarkada ölkəmizin müxtəlif nəşriyyatlarının təxminən 200 adda 500-dən çox kitab və müxtəlif çap məhsulları nümayiş etdirilib: “Onların arasında ümummilli lider Heydər Əliyevə həsr olunmuş kitablar, klassik və müasir Azərbaycan yazıçılarının əsərləri, respublikamızın tarixi yerlərinə, turist marşrutlarına dair kitab, albom və bukletlər, Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilər barəsində Azərbaycan və xarici dillərdə ədəbiyyat yer almışdı. Ölkəmizlə bağlı guşədə yer alan Azərbaycan, ingilis, rus, macar, rumın dillərində çap məhsulları, xüsusilə turistik bukletlər, CD-lər ziyarətçilərin marağına səbəb oldu. Görkəmli ədiblərdən Nizami Gəncəvi, Xurşudbanu Natəvan, Mirzə Ələkbər Sabir, Mirzə Fətəli Axundzadənin son illərdə çap olunmuş kitabları, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə işıq üzü görmüş nəşrlər iştirakçıların diqqətini cəlb etdi”.
Uşaq və gənclər üçün nəşrlər Moldova sərgisində
Aprelin 18-dən 22-dək isə Azərbaycan kitabı Moldovanın paytaxtı Kişineu şəhərində Uşaq və Gənclərin XVII Beynəlxalq Kitab Sərgisində nümayiş olunub. Tədbirdə nazirliyin Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin Kitabxana sektorunun aparıcı məsləhətçisi Əfsun Əhmədov və F.Köçərli adına Respublika Uşaq Kitabxanasının əməkdaşı Asim Məmmədov iştirak edib.
Moldovadakı səfirliyimiz tərəfindən MoldExpo salonunda icarəyə götürülmüş sahədə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən göndərilmiş təxminən 30 nəşriyyatın 200-ə yaxın kitab və müxtəlif nəşr məhsulları sərgilənib. Ə.Əhmədovun sözlərinə görə, iştirakçılar tərəfindən Azərbaycan bölməsinə xüsusi maraq olub: “Tədbirin üçüncü günü sərgi iştirakçılarının və qonaqların Azərbaycanla tanışlıq mərasimi keçirildi. Mərasimdə Azərbaycanda kitabxana-informasiya sahəsində görülən işlərdən, uşaq və gənclər arasında mütaliənin artırılması məsələlərindən söhbət açıldı. Bundan başqa, Moldovanın "Prut" nəşriyyatı ilə 2-5 yaş arasında uşaqlar üçün Azərbaycan dilində nəşr məhsullarının çap olunması barədə əməkdaşlıq məsələləri müzakirə edildi”.
Azərbaycan bölməsində yazıçılarımızdan Cəlil Məmmədquluzadə, Abdulla Şaiq, İlyas Tapdıq, Solmaz Amanova, Sevinc Nuruqızı, Gülzar İbrahimova və başqalarının müəllifi olduqları kitablar, habelə, xarici ədiblərin - Çarlz Dikkens, Daniel Defo, Ernest Heminquey, Harriyet Biçer-Stou, Aleksandr Belyayev, Etel Lilian Voyniç və digərlərinin Azərbaycan dilinə tərcümə edilmiş əsərlələri, “Sehrli dünya”, F.Köçərli adına Respublika Uşaq Kitabxanası tərəfindən nəşr edilən “Göy qurşağı” uşaq jurnalları və digər çap məhsulları nümayiş olunub.
Qeyd edək ki, sərgi çərçivəsində bir neçə nominasiya üzrə müsabiqələr keçirilib. Azərbaycanın “Beşik” nəşriyyatı tərəfindən rus dilində nəşr olunmuş “Pətğ skazok” kitabı “Ən yaxşı poliqrafiya” nominasiyası üzrə diploma layiq görülüb.
Ceyhun Zərbəliyev