Aprelin 29-da Beynəlxalq Muğam Mərkəzində unudulmaz muğam ifaçısı, Xalq artisti Xan Şuşinskinin virtual muzeyinin və memorial saytının təqdimatı keçirildi.
Tədbirin aparıcısı və saytın redaktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, musiqişünas Səadət Təhmirazqızı layihəni musiqi tariximizə hədiyyə, Xan Şuşinski irsinə dərin hörmətin göstəricisi kimi səciyyələndirdi. Tədbirdə çıxış edən “Musiqi dünyası” jurnalının baş redaktoru, professor Tariyel Məmmədov, Milli Konservatoriyanın rektoru, Xalq artisti Siyavuş Kərimi, rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə, millət vəkili Aydın Mirzəzadə və başqaları görkəmli muğam ustasının bənzərsiz sənət yolundan, Azərbaycan musiqisinə verdiyi töhfələrdən və onun virtual muzeyinin yaranma səbəblərindən danışdılar. Qeyd olundu ki, üç dildə təqdim edilən sayt Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin maliyyə dəstəyi, Mədəniyyət və Turizm Nazirliyi, Xan Şuşinski Fondu və “Musiqi dünyası” jurnalının təşkilatçılığı ilə ərsəyə gəlib. On bölmədən ibarət olan saytda korifey sənətkarın həyatı, yaradıcılığı, fotoşəkilləri, lent yazıları, unudulmaz xanəndə haqqında yazılan məqalələr, mahnıları, keçirdiyi görüşlər, müasirlərinin və həmkarlarının onun sənəti və şəxsiyyəti haqqında fikirləri, şəxsi əşyaları, məktubları və s. yer alıb.
Sayt vasitəsilə dünyanın istənilən yerində yaşayan muğamsevərlər görkəmli sənətkar haqqında dolğun məlumat əldə edə biləcəklər. Bundan əlavə, Xan Şuşinskinin sənət yolunu araşdırmaq istəyən gənc tədqiqatçılar üçün də virtual muzey mühüm mənbə rolunu oynayacaq.
Sonra “Azərbaycantelefilm” yaradıcılıq birliyində Səadət Təhmirazqızının ssenarisi əsasında rejissor Kəmalə Musazadənin çəkdiyi “Xan Şuşinski” filmi nümayiş olundu.
Tədbir musiqi proqramı ilə davam etdirildi. Xalq artisti Nəzakət Teymurova, xanəndə Sevinc Sarıyeva və başqaları Xan Şuşinskinin ifa etdiyi mahnıları səsləndirdilər. Sonda ustad sənətkarın qızı Bəyimxanım Cavanşirova-Verdiyeva çıxış edərək tədbirin təşkilatçılarına minnətdarlığını bildirdi.
Lalə Azəri