Festival-müsabiqədə ilk yerləri Azərbaycan təmsilçiləri qazanıblar
Aprelin 26-da Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında İslam dünyası gənc klassik musiqi ifaçılarının II Beynəlxalq festival-müsabiqəsi qaliblərinin mükafatlandırılma mərasimi olub.
İki gün davam edən festival-müsabiqə İSESCO-nun, Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) iştirakı və “Kainat” Gənclik Mərkəzinin təşkilatçılığı ilə reallaşıb.
Mərasimdə çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev, təhsil nazirinin müavini Qulu Novruzov son illər ölkəmizdə müxtəlif beynəlxalq mədəniyyət layihələrinin həyata keçirildiyini nəzərə çatdırıb, festival-müsabiqənin əhəmiyyətini vurğulayıblar.
“Kainat” Gənclik Mərkəzinin direktoru Rahib Rəsulzadə və beynəlxalq tərkibli münsiflər heyətinin sədri Nərminə Quliyeva bildiriblər ki, yarışma iki yaş qrupunda (15 yaşadək və 15-20 yaş arası) fortepiano və orkestr alətləri nominasiyaları üzrə keçirilib.
Böyük yaş qrupu üzrə 1-ci yerə azərbaycanlı ifaçılar Firəngiz Abdullayeva (orkestr) və Züleyxa Usubova (fortepiano), 2-ci yerə Güzel Bayzakova (Qazaxıstan) və Nigar Qəhrəmanova (orqan, Azərbaycan), 3-cü yerə azərbaycanlı iştirakçılar Kamil Həsənov, Rahib İsgəndərov (duet) və Yusif Yusifli layiq görülüb.
Kiçik yaş qrupu üzrə 1-ci yerə Orxan Hüseynov və Rəşid Behbudov (Azərbaycan), 2-ci yerə Kamilla Nurmatova (Özbəkistan) və Leyla Zeynalova (Azərbaycan), 3-cü yerə Yelena Abdullayeva (Dağıstan) və Diana Amanbayeva (Özbəkistan) sahib olublar. “Qran-pri” isə azərbaycanlı ifaçı Elgün Ağazadəyə verilib. Daha üç iştirakçıya BMA-nın və təşkilat komitəsinin xüsusi mükafatları təqdim olunub.
Festival-müsabiqədə Azərbaycan, Türkiyə, Dağıstan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Misir, Küveyt və Mərakeşdən 40-dan çox gənc iştirak edib. Sonda qaliblərin iştirakı ilə qala-konsert təqdim olunub.