L. və M. Rostropoviçlərin ev-muzeyi yarandığı gündən Polşa musiqisi haqqında bir çox elmi araşdırmalar aparıb. Belə araşdırmalardan biri “F.Şopenin avtoqrafı” əsəri ilə bağlıdır. Pyesin üz qabığında Leopold Rostropoviçin imzasının olması sübut edir ki, əsər həqiqətən onun kitabxanasındandır. Bu pyes qraf Dmitri və qrafinya Anna Şeremetyevə məxsus albomdan götürülmüşdür.
   Elmi araşdırmaların nəticəsində məlum olmuşdur ki, əsər 1843-cü ildə F.Şopen tərəfindən Parisdə yazılmışdır. O zaman Şeremetyevlər cütlüyü də Fransada idilər. Qrafinya A.S.Şeremetyevin albomundan olan “F.Şopenin avtoqrafı” (“Lautographe de Chopin”) adını almış miniatür, müəllif tərəfindən fortepiano üçün yazılmışdır. Lakin verilmiş nümunə L.Rostropoviçin müəllimi olan Polşa bəstəkarı A.M.Miklaşevski tərəfindən violonçel və fortepiano üçün yazılmış transkripsiyadan ibarətdir.
   Polşa musiqisinin digər dahi siması bəstəkar və dirijor Vitold Lütoslavskidir. O, 1913-cü ildə kəndli ailəsində anadan olub, hələ uşaq ikən fortepiano və skripka dərsləri alıb. İlk əsərini (fortepiano üçün prelüdiya) 9 yaşında yazır. 1937-ci ildə Varşava Konservatoriyasının məzunu olub, dahi Rusiya və Polşa bəstəkarı, professor V.O.Valişevskidən dərs alıb. Bəstəkar dörd simfoniya, bir orkestr üçün konsert, kamera musiqisi və vokal əsərlərinin müəllifidir. Mstislav Rostropoviçi və Vitolad Lütoslavskini də yaradıcılıq əlaqələri birləşdirirdi. M.Rostropoviç Moskvada bəstəkarın violençel üçün əsərini ilk dəfə ifa etmişdir.
   Bu il maestronun anadan olmasının 100-cü il dönümüdür. Bununla əlaqədar 2013-cü il “Vitold Lütoslavski ili” elan olunub. Bu münasibətlə Polşanın Bakıdakı səfirliyi və L. və M.Rostropoviçlərin ev-muzeyi aprelin 24-də muzeydə təqdimat və konsert təşkil edib.
   Tanınmış musiqişünas və mədəniyyət xadimlərinin iştirak etdiyi tədbirdə musiqişünas Y.Stankeviçin “Lütoslavski Qafqazda” adlı beynəlxalq layihəsinin təqdimatı keçirilib. Konsertdə məşhur violonçelçi E.Əliyev “F.Şopenin avtoqrafı” əsərini ifa edib, musiqiçilər Y.Kalinovski və M.Şlezerin ifasında isə V.Lütoslavski, K.Penderetski, A.Şnitke və A.Piazzolla kimi dünya şöhrətli bəstəkarların əsərləri səsləndirilib.
   İştirakçılar muzeyin təşkil etdiyi “M.Rostropoviç və Polşa musiqisi” adlı sərgi ilə də tanış olublar. Sərgidə M.Rostropoviçin K.Penderetski mükafatı, musiqiçinin Şopen adına Varşava Konservatoriyasının doktoru diplomu, F.Şopen və K.Penderetskinin ifası olan vallar, kitablar, notlar, konsert proqramları və s. nümayiş olunub. 







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar